• Cümə axşamı, Oktyabr 6, 2022
  • Bakı, 23.0°C

Akademik Arif Həşimov: “İşğaldan azad olunmuş ərazilər üzrə bərpa-quruculuq işlərinin həyata keçirilməsində Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələrinin üzərinə xüsusi vəzifələr düşür”

  • 2022-03-01

Martın 1-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşüb.

Tədbiri giriş sözü ilə açan akademik Arif Həşimov bildirib ki, Biologiya və Tibb Elmləri Bölməsi istər elmi istiqamətlərin prioritetliyinə, istər elmi müəssisələrin sayına, istər həyata keçirilən elmi tədqiqatların kəmiyyət və keyfiyyət göstəricilərinə, istərsə də kadr potensialına görə Akademiyanın ən mühüm bölmələrindən biridir. Akademikin sözlərinə görə, hazırda dünyada qlobal miqyasda baş verən bir sıra sosial, iqtisadi, demoqrafik, ekoloji və antropogen proseslərlə əlaqədar bu gün biologiya və tibb elmləri ən prioritet elm sahələrinə çevrilib.

O, həmçinin koronavirus pandemiyasının bir sıra yeni sosial-iqtisadi, geosiyasi, mənəvi-psixoloji reallıqlar yaratdığını və bütün səviyyələrdə biologiya və tibb elmlərini bir daha aktuallaşdırdığını söyləyib: “Pandemiyanın elm üçün aktuallaşdırdığı peyvənd üzrə tədqiqatlar yeni səviyyədə elm-etika, elm-humanizm, elm-ədalətlilik anlayışlarını yenidən gündəmə gətirir. Bu da dünya miqyasında təbiət  elmləri ilə humanitar və ictimai elmlərin yeni səviyyədə qarşılıqlı multidissiplinar əlaqəsini aktuallaşdırır”.

Akademik Arif Həşimov Azərbaycanda biologiya, tibb və kənd təsərrüfatı elm sahələrinin inkişafının müasir problemləri üzrə molekulyar biologiya, molekulyar genetika, bioinformatika, sistemli biologiya və digər texnologiyaların həyat proseslərinə kompleks tətbiqi məsələlərindən bəhs edərək Azərbaycanda da bu istiqamətdə tədqiqatların aparıldığını diqqətə çatdırıb. O cümlədən qlobal iqlim dəyişiklikləri, onunla əlaqədar olaraq ərzaq təhlükəsizliyi problemi, bu problemin aradan qaldırılması üçün kənd təsərrüfatı ilə bağlı elm sahələrinin inkişafı məsələlərindən də danışıb.

Natiq qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu baxımdan Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisə və təşkilatlarının üzərinə də xüsusi məsuliyyət düşür: “Erməni işğalçıları tərəfindən işğaldan azad olunmuş ərazilərdə törədilmiş ekoloji fəlakətin miqyasının qiymətləndirilməsi, regionun bio-geoekoloji vəziyyətinin monitorinqi, işğaldan azad olunmuş ərazilərin biosenozlarının və bioloji müxtəlifliyinin işğaldan əvvəlki vəziyyətlə müqayisəli kompleks tədqiqi, Qarabağ ərazisi üzrə xarakterik, o cümlədən nadir və itmək təhlükəsində olan bitkilərin introduksiya və reintroduksiyası ilə bağlı tədqiqatların aparılması, genofondun bərpası məqsədilə bitkilərin biotexnoloji üsullarla çoxaldılması, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpasının elmi əsaslarının işlənilməsi, müvafiq torpaq-iqlim şəraitlərinə uyğun və daha məhsuldar bitki sortları və heyvan cinslərinin yaradılması və tətbiqi istiqamətində kompleks tədqiqatlar həyata keçirilməlidir”.

Akademik A.Həşimov çıxışının sonunda dünyanın çağırışları və ölkənin sosial-iqtisadi tələbatları baxımından bölmənin müəssisələrinin qarşısında duran vəzifələrin icrasında əməkdaşlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova bu gün bölmənin müəssisələrində akademik Cəlal Əliyev məktəbinin yetirmələrinin çalışdığını və BTEB-in əməkdaşlarının zəngin elmi potensiala malik olduğunu söyləyib. Qeyd edib ki, XXI əsr biologiya, həyat elmləri, biotexnologiyalar əsridir və bu da BTEB-in elmi müəssisələri və alimləri qarşısında ciddi məsuliyyət qoyur. Akademik İradə Hüseynova bu gün elmimizə ölkə rəhbərliyi tərəfindən böyük diqqətin olduğunu deyib və cənab Prezident İlham Əliyevin alimlər qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi üçün səylə çalışmağın zəruriliyini vurğulayıb.

Bölmənin müəssisələrində bir sıra islahatların həyata keçirildiyini və gənclərin hazırlığına xüsusi diqqət göstərildiyini bildirən akademik AMEA-nın xaricdə təhsil alan 25 doktorantından 15-nin BTEB-in payına düşdüyünü, bu gün bölmənin gənc doktorantlarının Oksford, Birminhem, Monpelye və s. universitetlərdə peşəkar mütəxəssislər kimi yetişdiklərini söyləyib.

Qarabağın işğaldan azad edilmiş ərazilərində elmi tədqiqatların aparılması istiqamətində görülən işlərə toxunan bölmənin Elmi şurasının sədri Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası istiqamətində proqramın hazırlandığını, 2021-ci ildə BTEB-in təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində tarla seminarının, eləcə də AMEA-da “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb. Həmçinin bildirib ki, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev son aylarda Şuşa və Ağdam şəhərlərinin içməli su ilə təchizatına dair yaradılmış müvafiq komissiyanın iclaslarında iştirak edib. Bölmənin Elmi şurasının sədri, eyni zamanda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində və Kür çayında suyun səviyyəsinin aşağı düşməsi problemləri istiqamətində BTEB-in alimlərinin mühüm tədqiqatlar apardıqlarını deyib.

“Qırmızı kitab”ın III nəşrinin çapa hazırlanması işləri barədə məlumat verən akademik İradə Hüseynova bildirib ki, AMEA-nın Botanika, Dendrologiya, Zoologiya institutları, Mərkəzi Nəbatat Bağı, Naxçıvan və Gəncə bölmələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

Koronavirus pandemiyasının yaratdığı yeni reallıqlara toxunan natiq artıq dünyada yaradılmış vaksinlərin müsbət nəticəsini verdiyini, eləcə də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov tərəfindən hazırlanan vaksinin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salındığını deyib. O, bununla bağlı Akademiyada AMEA, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin iştirakı ilə elmi seminarın keçirilməsinin planlaşdırıldığını söyləyib.

Eyni zamanda bir çox xəstəliklərin qarşısını almaq üçün mühüm elmi istiqamətlərdən olan kök hüceyrələri ilə bağlı Genetik Ehtiyatlar İnstitutunda tədqiqatların aparıldığını deyib. Həmçinin IV Sənaye inqilabı və onun tələblərinə dair tədqiqatlar aparmaq üçün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2, Genetik Ehtiyatlar İnstitutunda isə 1 beynəlxalq laboratoriyanın fəaliyyət göstərdiyini bildirib.

Bundan əlavə, o, bölmənin müəssisələrində çirklənmiş torpaqların təmizlənməsi, uzunömürlülük, sağlam qocalma, ərzaq təhlükəsizliyi, biotəhlükəsizlik, Xəzər dənizinin bioresurslarının öyrənilməsinə dair və s. sahələr üzrə aparılan mühüm araşdırmalar barədə məlumat verib.

Görüşdə, həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, Zoologiya İnstitutunun baş direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov və Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev çıxış edərək yeraltı sulardan səmərəli istifadə, subartezian quyularının qazılması zamanı balansın qorunması, respublikanın ərzaq təhlükəsizliyi, yeni buğda sortlarının yaradılması, Azərbaycan florasının ana dilində nəşrə hazırlanması, dərman bitkilərindən səmərəli istifadə, iqlim dəyişmələrinin biomüxtəlifliyə təsiri, qocalmanın problemlərinin öyrənilməsi, biotəhlükəsizlik, tullantı sularından təkrar istifadə, ilan və əqrəb zəhərlərindən səmərəli istifadə və s. istiqamətlərdə təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik Arif Həşimov bölmənin müəssisələrindəki elmi potensialın qorunmasının vacibliyini bildirib, tədbirdə səsləndirilən təkliflərdən bir qisminin yeni hazırlanan “Azərbaycan elminin inkişaf Strategiyası”nın layihəsinə salınacağını deyərək BTEB-in əməkdaşlarına uğurlar arzulayıb.

ISTINAD:www.science.gov.az