• Çərşənbə axşamı, Dekabr 2, 2025
  • Bakı, 14.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Açıq qapı” günləri davam edir

  • 2025-12-01

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təşkil olunan “Açıq qapı” günləri uğurla davam etdirilir.

  Növbəti görüş çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc turist” və “Gənc diyarşünas” dərnəklərinin üzvü olan şagirdlər, dərnək rəhbərləri Ayna Qasımova və Rəşad Orucovun müşayiəti ilə İnstitutun “Torpaq muzeyi” ilə yaxından tanış olublar.

   Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyasının müdiri, a.e.ü.f.d. Mirvari Məmmədova ziyarətçilərə muzey ekspozisiyaları barədə geniş məlumat təqdim edib. Alim həmçinin institutun elmi nailiyyətləri, burada çalışan görkəmli alimlərin fəaliyyəti və torpaqşünaslıq elminin ölkə üçün strateji əhəmiyyəti haqqında danışıb.

   Tədbir çərçivəsində şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, onların elmi proseslərlə bağlı fikir və maraqları dinlənilib.

   AR Torpaqşünaslıq və Aqrokimya İnstitutunda keçirilən “Açıq qapı” günləri gənclərin elmi mühitlə tanışlığının genişləndirilməsinə, elmi araşdırmalara marağın artırılmasına və gələcəyin alimlərinin formalaşmasına mühüm töhfə verir.