• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

ƏSL ALİM, ƏSL İNSAN, ƏSL DOST- FƏRMAN MÜƏLLİM!

  • 2023-11-08

   AMEA Lənkəran Regional Elmi Mərkəzin direktoru Fərman Quliyev.

  Şərəfli ömrünə nəzər salsaq alimin doğma Sütəmurdоv kənd yeddillik məktəbindən başlayan təhsil həyatı Lənkəran şəhərinin Subtrоpik Bitkilər Texnikumunu əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrоnоmluq fakültəsinə daхil olması ilə davam etmişdir. Fərman Quliyev adı çəkilən İnstitutu bitirərək Azərbaycan Elmi-tədqiqat Bağçılıq və Subtrоpik Bitkilər İnstitutunun Lənkəran filialında kiçik elmi işçi vəsifəsində işləmiş, daha sonra Ümumittifaq Çay və Subtrоpik Bitkilər Elmi-tədqiqat İnstitututunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin institutda aspirant, 1965-ci ildən isə Suxumi şəhərində namizədlik dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi, 1988-ci ildə Gürcüstan Subtrоpik Təsərrüfatı İnstititunda (Suхumi şəhəri) «Azərbaycanda çay bitkisinin intensiv teхnоlоgiyasının elmi əsasları» mövzusu üzrə dоktоrluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri dоktоru alimlik dərəcəsini və 1993-cü ildə «Prоfessоr» elmi adını almışdır.  

  Onun zəhmətkeşliyinin nəticəsi olaraq «Хalqlar Dоstluğu» оrdeni və «Əmək Rəşadəti» medalları, «Azərbaycan Respublikasının Əməkdar Aqrоnоmu» fəхri adını almış, nəhayət “XXI-ci əsrin tanınmış alimi” Beynəlxalq diploma layiq görülmüşdür. 

  2015-ci ildən AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edildiyi vaxtdan tanış olduğum Fərman müəllim mənim nəzərimdə necə görünür?

  İlk tanışlığımızda Fərman müəllim oturuşmuş, məğrur görkəmli, pəhləvan cüssəli lakin çox səmimi görünən bir insan təsəvvürü yaratdı. 

  İclaslarda təmkinli, elmi müzakirələrdə maraqlı çıxış etməsi diqqətimi çəkirdi. Qısa müddətdə bizim çox səmimi dostluğumuz başladı. Maraqlısı o idiki, Fərman müəllim işıqlı ziyalı idi. Hər görüşdə ondan yeniliklər eşidir, gördüyü işlərdəki müvəffəqiyyətləri ilə tanış olurdum. 

  Ən maraqlısı Fərman müəllimin yeniliyə can atması və gənclərlə işləmək həvəsinin nəticəsi onun sanki, daima gəncləşməsinə səbəb olur.  

  Fərman müəllim sadəcə ölkə hüdudlarında deyil, dünyada tanınan bir alim idi. Onun müəllifliyi ilə dərc olunan “Annals of Agrarian Science” “İSSN 1512-1887”  http://www. agrscience.ge/  Beynəlxalq və “Yaşıl Çay” jurnallarının redaksiya heyətinin üzvü olmağı buna sübutdur. 

  Bundan başqa “Orqanizmləri ətraf mühit amillərinin mutagen təsirinə davamlığın artırılma üsulu” Patenti, Çay bitkisinin becərilməsinə dair 5 səmərəli təklifi, xüsusi ilə son illərdə 4 çay sortu: “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay Çəhrayı” Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim etməsi deyilənləri təsdiq edir. Alimin çay, limon, narıngi, portağal, qreypfrut, feyxoa, zeytun, kivi, innab, əncir, badam, nəcib dəfnə və i.a. subtropik bir sıra dərman bitkiləri üzərində apardığı elmi-tədqiqat işlərinin nəticələrinin təsərrüfatlarda geniş tətbiqi onu ölkədə və xaricdə məşhur etmiş, elmi əsərləri azərbaycan, rus, fars, ingilis, çin, gürcü və s. dillərdə çap olunmuşdur. 

  Bir pedaqoq, bir alim kimi Fərman Quliyevin rəhbərliyi altında Azərbaycanın və xarici ölkələrin müxtəlif elmi-tədqiqat və tədris müəssisələri üçün 18 fəlsəfə doktoru və elmlər doktoru yetişmişdir. Alim 300-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın, monoqrafiyaların, metodik vəsaitlərin və tövsiyələrin müəllifidir. 

  Məhz bu kimi xidmətlərinə görə dəyərli alim 2015-ci ildə “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, subtropik bitkilərin becərilməsi, ekologiyasının elmi-praktik əsaslarının öyrənilməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və aqrar elmlərin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı ilə təltif edilmişdir.

  Ondan öyrənmək, məsləhət almaq, onunla birlikdə çalışmaq hamımız üçün böyük fəxarət, ən xoş dəqiqlər idi. 

  Elmin Fərman Quliyev zirvəsi əlçatmaz, lakin ondan bəhrələnmək çox asan idi.. Çünki, Fərman müəllim əsl alim, əsl tədqiqatçı, əsl insan və təmənnasız dost idi. Amansız ölüm onu bizdən ayırdı!

  Allah sizə rəhmət eləsin!

 

 

  AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 

  baş direktoru, AMEA-nın müxbir üzvü, professor, Əlövsət Quliyev