• Çərşənbə, Yanvar 22, 2025
  • Bakı, 10.0°C
Yaranma tarixi

 

   1923-cü ildə Azərbaycan SSR-nin Elmi-Tədqiqat Cəmiyyətinin tərkibində Torpaqşünaslıq Şöbəsinin yaranması ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsası qoyulmuşdur.

   1925-ci ildə professor S.A.Zaxarovun rəhbərliyi ilə Azərbaycanda torpaq ekspedisiyaları başlamış və bu sahədə fundamental əsərlər yaranmışdır. 1926-1930-cu illərdə V.Smirnov-Loginov Qobustan və Xızı rayonlarında torpaq tədqiqatları aparıb. Eyni zamanda M.Əsgərbəyli, Ə.Qasımov, M.Ağamirov, Ə.Zeynalov, M.Rəhimov, N.Məmmədov və başqaları respublika torpaqlarının öyrənilməsində iştirak etmişlər.

   1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil edilmiş və onun tərkibində Torpaqşünaslıq Sektoru fəaliyyət göstərmişdir.

  1930-1940-cı illərdə Azərbaycanda S.A.Zaxarov, V.V.Akimtsev, N.F.Bekareviç, L.N.Qorodetski, D.V.İvanov, V.M.Motkin, L.İ.Aleksandrovskçi, B.İ.Filosofov, A.S.Preobrajenski, N.A.Dimo, B.A.Klopotovski, U.R.Volobuyev, A.N.İzyumov və başqaları ilə bərabər Azərbaycanın ilk torpaqşünas və aqrokimyaçı alimləri M.Y.Aqamirov, M.A.Şəfiyev, H.Ə.Əliyev, C.M.Hüseynov, H.Ə.Seyidov, M.E.Salayev, K.Ə.Ələkbərov, B.M.Ağayev, Ə.C.Musabəyov, Ə.K.Zeynalov, E.F.Şəfiyev geniş tədqiqat işləri aparmışlar.

  1937-ci ildən başlayaraq quru subtropik iqlimli rayonların torpaqlarını tədqiq etmək üçün bölmə xüsusi ekspedisiyalar təşkil etmişdir.Bu ekspedisiya H.Ə.Əliyev, B.A.Klopotovskinin iştirakı ilə Şirvan düzünün, Pirsaat hövzəsinin və Böyük Qafqazın torpaqlarını tədqiq edərək, buradakı torpaqların şorlaşmasında palçıq vulkanlarının rolunu göstərmişlər.

  1934-cü illərdə Lənkəran, 1935- ci ildə Ağdaş, 1936- cı ildə Qazax, 1937- ci ildə Quba-Xaçmaz rayonlarının torpaq xəritələri tərtib olunur. Bu xəritələrin tərtibində L.Aleksandorvksi, K.Ələkbərov, Ə.Zeynalov, B.Ağayev, M.Salayev, M.Şəfiyev, K.Teymurov və b. müəlliflərin böyük xidmətləri olmuşdur.

  1939-cu ildən başlayaraq bölmə Azərbaycan torpaqlarının şorlaşmasına aid materialları yekunlaşdıraraq torpaqların şoranlaşma dərəcələri və duz tərkibini göstərən ilk xəritələri tərtib edirlər (V.R.Volobuyev).

  1939-1941- ci illərdə çoxsaylı çöl və laboratoriya tədqiqat materiallarına əsasən (1:10000, 1:25000 M ) torpaq  şorlaşma, torpaq-meliorativ rayonlaşma xəritələri və eroziyaya qarşı mübarizə tədbirləri təklif olunur ( M.Salayev, K.Ələkbərov, V.Volobuyev).

  1938-1944-cü illərdə R.Kovalyov Alazan – Əyriçay hövzəsi torpaqlarının iri miqyaslı xəritələşdirilməsi və aqrokimyəvi xüsusiyyətlərini öyrənmişdir.

  1939-1941-ci illərdə Samur-Dəvəçi kanalı altında yayılmış torpaqların tədqiqi (M.Salayev, K.Ələkbərov) və Şimali Muğan torpaqlarının aqrofiziki tədqiqi ( B.Ağayev) aparılmışdır.

  1940-1943-cü illərdə V.Smirnov- Loginovun ilk aspirantları elmlər namizədi adı almaq üçün (E.Şəfiyev, B.Ağayev, K.Ələkbərov, Ə.Zeynalov və b.) dissertasiya işləri müdafiə edib dərin elmi araşdırmalara başlamışlar.

  1945-ci ildə Torpaqşünaslıq Sektorunun əsasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılmışdır.İnstitutun yaranmasında görkəmli alimlər SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, aqrokimya elminin banilərindən biri D.N.Pryanişnikov, A.N.İzyumov və R.Kovalyov kimi alimlər mühüm rol oynamış və İnstitutun inkişafına daimi diqqət göstərmişlər.

  İnstitutda akademiklər Həsən Əliyev, Cəbrayıl Hüseynov, Vladimir Volobuyev, Qərib Məmmədov, Akademiyanın müxbir üzvləri Kazım Ələkbərov, Əbdürrəhman Güləhmədov, Məmmədəmin Salayev, Əməkdar Elm Xadimi, professor Akif Gərayzadə kimi görkəmli alimlər fəaliyyət göstərmişlər.

  Hal-hazırda İnstitutda AMEA-nın həqiqi üzvü, akademik Məhərrəm Babayev, müxbir üzvlər Əlövsət Quliyev, Amin İsmayılov, professorlar Sara Məmmədova, Vilayət Həsənov və başqa alimlər elmi fəaliyyətlərini davam etdirirlər.

  AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda professor V.P. Smirnov-Loginov (1945-1948), akademik  C.M.Hüseynov  (1948-1953), akademik  V.R.Volobuyev  (1954-1957), professor B.M.Ağayev (1957-1959), AMEA-nın müxbir üzvü M.M.Salayev (1961-1963, 1983-1987), akademik C.M.Hüseynov (1963-1974), AMEA-nın  müxbir üzvü S.Ə.Əliyev (1975-1983), professor İ.Ş.İsgəndərov (1987-1993), AMEA–nın həqiqi üzvü Q.Ş.Məmmədov (1994-1997), profes-sor Z.R.Mövsümov (1997-2001),AMEA-nın həqiqi üzvü M.P.Babayev (2001-2014) rəhbərlik etmişlər. 2015-ci ildən İnstitutun direktoru vəzifəsini AMEA-nın  müxbir üzvü Ə.G.Quliyev həyata keçirir.

  İnstitutda 255- əməkdaş çalışır: Onlardan 139 nəfəri elmi işçidir, o cümlədən AMEA-nın həqiqi üzvü -1, AMEA -nın müxbir üzvü- 2, elmlər doktoru- 9, biologiya və aqrar elmləri üzrə fəlsəfə doktoru – 80 nəfərdir.

  Torpaqşünaslıq və Aqrokimya İnstitutu Respublikanın torpaq örtüyünün öyrənilməsi ilə məşğul olan Elmi-Tədqiqat Mərkəzidir. Burada torpaqşünaslıq, ekologiya, aqrokimya, torpaqların meliorasiyası, rekultivasiyası və mühafizəsi üzrə fundamental və tətbiqi tədqiqatlar aparılır. 

  İnstitut yaradıldığı ilk gündən onun fəaliyyəti Azərbaycan torpaqlarının coğrafiyası, genezisi, meliorasiyası, xəritələşdirilməsi, torpaq ehtiyatlarının səmərəli istifadəsi sahəsində tədqiqatlara və eroziya proseslərinin öyrənilməsinə yönəlmişdir.

  SSRİ EA Torpaq İnstitutunun  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə  birlikdə təşkil etdiyi kompleks ekspedisiyası tərəfindən əldə edilmiş zəngin tədqiqat materialları Mingəçevir su anbarının, Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Muğan və digər suvarma kanallarının layihələşdirilməsi işlərində istifadə olunmuşdur.

  İnstitut alimləri (ak. H.Ə.Əliyev, ak. V.R.Volobuyev, m.ü. K.Ə.Ələkbərov, m.ü. M.M.Salayev) SSRİ Dövlət Torpaq Xəritəsinin Qafqaz hissəsinin (M l: 1000000; M 1:2500000), Azərbaycan SSRİ Atlasının və Azərbaycan Sovet Ensiklopediyasına daxil olan torpaq xəritələrinin tərtibçiləridir. Bununla yanaşı Respublikanın torpaq - iqlim rayonlaşması xəritəsi də tərtib edilmişdir.

  Uzun müddətli tədqiqatların əsasında Respublikanın azərbaycan və rus dillərində Torpaq Xəritəsi (M 1:600000) dərc edilərək mütəxəssislərin istifadəsinə verilmişdir (ak. H.Ə.Əliyev, a.e.d. İ.Ş.İsgəndərov, a.e.d Ş.G.Həsənov, ak. Q.Ş.Məmmədov, ak. M.P.Babayev)

  Respublikada torpaq-kadastr rayonlaşmasının yeni konsepsiyası irəli sürülmüş, kadastr xidmətinin təşkilinin elmi-nəzəri və praktiki əsasları işlənmiş, 1:600 000 miqyasında “Azərbaycanın torpaq-kadastr rayonlaşması xəritəsi” tərtib edilmişdir.

  AMEA-nın akademiki M.P.Babayevin rəhbərliyi ilə torpaq təsnifatı  və diaqnostikası, antropogen torpaqəmələgəlmə prosesi, torpaqların deqradasiyası və onlara qarşı mübarizə tədbirlərinin elmi və nəzəri əsasları işlənmişdir. Azərbaycan torpaqlarının morfogenetik profilləri atlası hazırlanmışdır.

  İlk dəfə olaraq Azərbaycan Respublikasının torpaq örtüyünün tamamlanmış sistematikası, müasir torpaq təsnifatı və morfogenetik diaqnostikası hazırlanmış (2006) torpaq ehtiyatlarının dünya məlumat bazası (WRB) sistemi ilə korrelyasiyası aparılaraq beynəlxalq və milli zəmində təklif olunmuşdur. 

  Bununla yanaşı antropogen torpaqəmələgəlmə  prosesləri öyrənilmiş Respublikada torpaq deqradasiyası tədqiqatları aparılmışdır və ona qarşı kompleks tədbirlər sisteminin elmi-nəzəri əsasları işlənmişdir.  Kür-Araz ovalığının suvarılan torpaqlarının münbitliyinin bərpası və qorunub saxlanması üçün  elmi-təcrübi əsaslandırılmış üsullar işlənmişdir (2010).

  Azərbaycan Respublikasının bölünməz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının allüvial mənşəli Düzdağ, Böyükdüz maili düzənlikləri ərazisində şoran torpaqların yayılması (ak.V.R.Volobuyev, ak. H.Ə.Əliyev, prof. M.R.Abduyev, a.e.f.d. Q.Z.Əzizov, prof. Ə.G. Quliyev) və onların yararlı hala salınaraq yenidən əkin dövriyyəsinə qaytarılması, habelə Naxçıvan maili düzənliyinin təkrar şorlaşmaya məruz qalmış Nehrəm kəndi ətrafı torpaqların kollektor-drenaj şəbəkəsi altında zərərli duzlardan yuyulması üzrə tədqiqat işləri yerinə yetirilmişdir. Daha sonra Naxçıvan MR-sin Arazboyu suvarılan torpaqların ekomeliorativ qiymətləndirilməsi (ak. Q.Ş.Məmmədov,  prof. Ə.G.Quliyev) aparılmışdır.

  Arid iqlim zonaları torpaqlarının suvarılmasının etibarlı su mənbəyi olan kəhriz sistemləri öyrənilmiş, onların suvarmada və torpaqəmələgəlmədə rolu öyrənilmişdir.

 Torpaqların şorlaşmasının genetik formaları haqqındakı elmi konsepsiya inkişaf etdirilmişdir. Azərbaycanın düzən ərazilərində bir sıra şorlaşmış torpaqların allüvial, delüvial, prolüvial formaları müəyyən edilmiş  və onların meliorasiyasına dair işlər aparılmışdır ( prof. M.R.Abduyev).

 Uzun müddət ərzində Kür-Araz ovalığı torpaqlarında meliorasiya sahəsində aparılmış elmi tədqiqatların  nəticəsində bir sıra mühüm məsələlər öz həllini tapmış, şorlaşmış torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqlardan yüksək və dayanıqlı məhsulun əldə edilməsi üçün nəzəri əsaslar işlənmişdir. Meliorativ rayonlaşdırma məqsədilə torpaqların aqroekoloji xassələri öyrənilmişdir. Aqromeliorativ vəziyyətinə görə torpaqların qruplaşdırılması prinsipləri işlənmiş və Kür-Araz ovalığının torpaqları meliorativ baxımdan rayonlaşdırılmışdır.

  Azərbaycan torpaqlarının şaquli zonallıq üzrə fiziki xassələri, su-hava və temperatur rejimləri tədqiq edilmişdir. Müxtəlif təbii amillərdən asılı olaraq Respublikanın əsas torpaq tiplərinin aqrofiziki xassələri, rütubət və temperatur rejiminin dəyişmə qanunauyğunluqları müəyyən  edilmişdir. Torpaqların fiziki  göstəricilərinin  xəritə-sxemləri tərtib edilmişdir.

  Zonal torpaqlarda çoxillik kompleks tədqiqatlar aparılmış və hidrotermik rejimin mövsümü dinamikası, mikroorqanizmlərin fəaliyyəti, mühitin reaksiyası (pH), fitokütlənin məhsuldarlığı, üzvi maddənin toplanması və parçalanması prosesləri öyrənilmişdir. Torpaqların fermentativ fəallığının dinamikasına ekoloji amillərin müxtəlif nisbətlərinin təsiri müəyyən edilmişdir.

  Torpaqların mineralogiyası sahəsində tədqiqatlar genişlənmiş, ilk dəfə olaraq Kür-Araz ovalığı torpaqlarının lil fraksiyalarının mineraloji, mikromorfoloji tərkibi, xassə və xüsusiyyətlərinə dair  dəyərli tədqiqatlar işləri aparılmışdır. Sanballı tədqiqat işləri aparılmış və ayrı-ayrı torpaq əmələ gətirən süxurlar üzərində torpaqəmələgəlmənin istiqaməti müəyyənləşdirilmişdir. Hazırda Azərbaycanın regional-zonal torpaq minerallarının yayılma qanunauyğunluqları, torpaq minerallarının qruplaşdırılması və torpaq daxili proseslərin istiqamət və sürətinin müəyyənləşdirilməsinə dair tədqiqat işləri aparılır. 

  Torpaqların biomüxtəlifliyi, ekoloji qiymətləndirilməsi, münbitliyin bərpası, mühafizəsi və səmərəli istifadəsi sahəsində aparılan tədqiqatlar nəticəsində relyefin  plastikası və  kompüter texnologiyaları əsasında  Abşeronun torpaq  örtüyü  strukturlarının tipləri müəyyən edilmiş və ekoloji  qiymətləndirmə xəritəsi  (M 1: 100 000) hazırlanmışdır. Abşeron yarımadası torpaq örtüyünün deqradasiyası xəritəsi (M 1: 50 000) hazırlanmış, təbii və antropogen deqradasiya növləri və dərəcələri müəyyən­ləşdirilmişdir. Tədqiqatın nəticələri Abşeronda torpaq ehtiyatlarının mühafizə­sində, rekultivasiyasında, yaxşılaşdırılmasında və qiymətləndirilməsində istifadə edilir.

  Göygöl Milli Parkının relyefin plastikası metodu əsasında iri miqyaslı ( M 1:25000) torpaq və ekoloji qiymətləndirmə xəritələri hazırlanmışdır. Ak. Q.Ş.Məmmədovun metodu əsasında torpaq örtüyünün kontrastlıq sırası təklif olunmuş və ekoloji qiymətləndirmə aparılmışdır.Göygöl Milli Parkının ekoturizm potensialının müasir vəziyyəti və inkişafını tənzimləyən təkliflər kompleksi hazırlanmışdır.

  Azərbaycanın qış otlaq torpaqlarında çoxillik tədqiqatlar aparılmışdır. Təbii yem sahələrinin ekoenergetik və iqtisadi qiymətləndirilməsinin elmi-nəzəri və metodiki əsasları işlənmişdir. Məhsuldarlığın idarə olunması üzrə Ceyrançöl, Acınohur və Qobustan otlaq massivlərində torpaqların irimiqyaslı qiymətləndirilməsi əsasında bitki formasiyalarının arealı müəyyən edilmiş və landşaft komplekslərinin orta hesab balı tapılmışdır. Otlaqların yaxşılaşdırılması üçün tədbirlər sistemi işlənmişdir.

  İnstitut əməkdaşlarının çoxillik tədqiqatları nəticəsində Respublika torpaq­larının 4 əsas bölməyə (Torpaqlar; Torpaqların aqrokimyası; Torpaqların meliora­siyası; Torpaqların ekologiyası) aid 127 tematik xəritə əhatə edən Azərbaycanın Torpaq  Atlası ilk dəfə olaraq hazırlanıb çap olunmuşdur (2007).

  Azərbaycanın və onun ayrı-ayrı bölgələrinin torpaq, iqlim, aqroiqlim, relyef, hidroqrafıya, bitki örtüyü və heyvanlar aləmi, landşaft xüsusiyyətləri, təbii resursları, ekoloji vəziyyəti, təbii fəlakətlər və digər məlumatları özündə əks etdirən  Azərbaycan Respublikasının Ekoloji Atlası nəşr edilmişdir (2009).

  İlk dəfə çapdan çıxan Azərbaycan Respublikasının Milli Atlasında sosial-iqtisadi kompleksləri üzrə inkişaf proqramlarının proqnozlaşdırılmasında  və hazırlanmasında istifadə edilən xəritələr öz əksini tapmışdır. İnstitutun  alimləri tərəfindən hazırlanmış 40-dan çox xəritə Atlasın “Torpaq və torpaq ehtiyatları” bölməsinə daxil edilmişdir. Xəritələr torpaq profilləri, torpaqların ekoloji qiymətləndirilməsi, torpaqların münbitliyi, humus ehtiyatı, torpaqda duzların miqdarı və genetik formaları, şorakətliyi, texnogen pozulması,  torpaqların  qida maddələri ilə təmin olunması, makro və mikroelementlərin miqdarı haqqında olan məlumatları özündə əks etdirir. Torpaqların mühafizəsi, münbitliyinin bərpasında böyük əhəmiyyət kəsb edən bu xəritələr torpaqların tip və yarımtiplərinin ekoloji parametrlərinə görə  tərtib edilmişdir (2014).

  Respublikada aqrokimya elminin inkişafı İnstitutun alimlərinin fundamental və tətbiqi tədqiqatları ilə bağlıdır.  Bu tədqiqatlar  torpaq münbitliyinin  bərpası  və yüksəldilməsi, müxtəlif bitkilərin məhsuldarlığına, mineral və üzvü gübrələrin təsirinin öyrənilməsi istiqamətinə yönəldilmiş və nəticələr geniş tətbiq olunmuşdur.

  İnstitutun alimləri tərəfindən neft sənayesi tullantılarından üzvi gübrələrin alınması, yeni gübrə növlərinin yaradılması və istehsal texnologiyaların hazırlanması sahəsində tədqiqatlar aparılmış və mühüm nəticələr əldə edilmişdir (ak.C.M.Hüseynov, m.ü. Ə.N.Güləhmədov).

  Azərbaycan torpaqlarında bir sıra mikroelementlərin ümumi və mənimsənilən formalarının miqdarı ilk dəfə müəyyənləşdirilmiş və 12 elementin torpaq qatında ehtiyatı xəritələşdirilərək onların miqyası və akkumulyasiya prosesləri aydınlaşdırılmışdır.

  Örtülü qruntda tərəvəz bitkilərinin becərilmə texnologiyası və gübrələrin səmərəliliyi (prof. M.H.Cəbrayılov), torpaq bitki sistemində azot birləşmələrinin dəyişməsi, toplanması və balansı (prof. Z.R.Mövsümov), yerli üzvi tullantılardan gübrələrin alınması və bitkiçilikdə istifadə edilməsi (prof. P.B.Zamanov), mürəkkəb və qatı gübrələrin kənd təsərrüfat bitkilərinə təsiri (prof. F.H.Axundov) öyrənilmişdir.

  Son illər ərzində aparılan tədqiqatlar nəticəsində kənd təsərrüfatında yetişdirilən müxtəlif bitkilərin məhsuldarlığını artıran və keyfiyyətini yaxşılaşdıran fizioloji aktiv maddələr (stimulyatorlar), torpaq münbitliyinin qorunub saxlanılması və onun fiziki-kimyəvi xassələrini yaxşılaşdıran preparatlar, torpaqda azot itkisinin qarşısını almaq üçün inqibitor, üzvi tullantılardan və bitki qalıqlarından üzvi gübrə alınması prosesini sürətləndirən katalizator maddələr alınmış və patentləşdirilmişdir. Neftlə çirklənmiş  ağır gilli şoran torpaqların bərpasında üzvi gübrələrin müsbət təsiri müəyyən edilmişdir.

  Azərbaycanın müxtəlif bölgələri üzrə makrogübrələrin səmərəliyini artırmaq məqsədi ilə mikroelementlərdən istifadə edilməsi təklif edilmiş, bunların bitkilərə verilmə norma və üsulları, torpaqda mikroelementlərin yayılma arealı, miqrasiyası öyrənilmiş, bu elementlərin biokimyəvi əyalətləri müəyyənləş­dirilmişdir.

  Quba-Xaçmaz bölgəsinin suvarılan çəmən-qəhvəyi və çəmən-meşə torpaq­la­rında meyvə və tərəvəz bitkiləri altında müxtəlif gübrələmə sisteminin tətbiqi və onun səmərəliliyi öyrənilmişdir.

  Böyük Qafqazın müxtəlif landşaft tiplərinə aid torpaq və bitkilərində bir sıra mikroelementlər (Mn, Mo, Co, Zn, Cu) təyin edilmiş, torpaq-bitki sistemində miqrasiyası öyrənilmiş, torpaqlarda onların miqdarının klark daxilində dəyişdiyi, elementlərin translokasiyasının torpaqdakı miqdardan, bitkinin növündən və bioloji xüsusiyyətlərindən asılı olaraq dəyişdiyi müəyyən edilmişdir.

  Son 10 ildə İnstitutun Beynəlxalq əməkdaşlığı, o cümlədən qrant layihəli işlərin icrası, daha da genişlənmişdir: əməkdaşların təqdim etdiyi layihələr YUNESKO-nun, NATO-nun, Dünya Bankının, Ukrayna Elm və Texnologiyalar Mərkəzinin, Almaniyanın Greisworld Universitetinin, Azərbaycan Respublikası  Prezidenti yanında Elmin İnkişaf Fondunun, Azərbaycan Respublikası  Dövlət Neft Şirkətinin və s. təşkilatlar tərəfindən maliyyələşdirilən qrantlara layiq görülmüşdür.

  AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin rəhbərliyi ilə ilk dəfə Azərbaycanda qədim su mənbələri - kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərflərinin ölçülməsi, morfometrik ölçülərinin təyini aparılmış və GİS əsasında xəritələşdirilmişdir. Hazırda Azərbaycanın kəhriz olan bölgələrində (Qazax, Ağstafa, Şəmkir, Tovuz, Göygöl, Gəncə, Samux, Goranboy, Tərtər, Ağdam,Yevlax, Bərdə və Ağcabədi) kəhrizlərin öyrənilməsi, bərpası və yeni su mənbələrinin tədqiqat işlərini aparılır, eyni zamanda kəhriz sularından suvarmada tətbiqi məsələləri tədqiq olunur. Azərbaycanda kəhrizlər, onların üzərində olan qədim memarlıq abidələrinin (qırxpilələrin) qeydiyyata alınması və bərpasının həlli yollarını elmi əsaslarda işlənmişdir. Bu abidələrin Dünya İrs Abidələri kimi qorunması və qeydə alınması məsələsini aidiyyatı olan təşkilatlar qarşısında gündəmə çıxarılmışdır.

  Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafına Dəstək Fondu tərəfindən elan edilmiş “QARABAĞ AZƏRBAYCANDIR-2! müsabiqəsində “İşğaldan azad olunmuş ərazilərdəki kəhrizlərin monitorinqi və bərpasının elmi əsaslarının işlənməsi” Qrant № AEF-MQM-QA-2-2023-3(45)-05/05/3-M-05 layihəsi qalib olmuşdur.

  Qrant layihəsinin əsas məqsədi Şərqi Zəngəzur İqtisadi rayonunun Cəbrayıl və Qarabağ iqtisadi rayonunun Füzuli və Ağdam rayonları ərazisində min illik tarixi olan qədim irs abidələri, etibarlı su mənbələri olan qədim kəhrizlərin işğaldan sonrakı vəziyyətinin tədqiqi və onların bərpasının elmi əsaslarının işlənməsidir.

  AMEA-nın müxbir üzvü Amin İsmayılovun  rəhbərliyi ilə BMT-nin “Global Soil Partnership” proqramına uyğun olaraq, FAO-nun eqidası altında həyata keçirilən “Global map of salt-affected soils” (GlobSASmap) layihəsinin tərkib hissəsi kimi, Azərbaycanın şorlaşmaya məruz qalmış torpaqlarnın EC, pH, ESP və şorlaşma xəritələri  hazırlanmış və beynəlxalq işçi qrupuna təhvil verilmişdir.

  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 1386 nömrəli 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, “Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə müasir torpaq təsnifatı əsasında torpaq taksonomik vahidlərin yayılma arealları müəyyən edilmiş, geoinformasiya texnologiyalarından istifadə etməklə 1: 200 000 miqyasında rəqəmsal torpaq xəritəsi və yeni formatlı xəritə legendası tərtib olunmuşdur.

  Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin (JRC EC) koordinasiyası ilə 2023-cü ildə nəşr edilmiş  "Asiyanın Torpaq Atlası"nın Azərbaycan torpaqları hissəsi işlənib hazırlanmışdır.

 

 

Əməkdaşların mükafatları

 

Akademik Cəbrayıl Muxtar oğlu Hüseynov

1950-ci il Stalin mükafatı laureatı (Neft boy maddəsi ixtirasına görə)

1955-ci il SSRİ Dövlət Mükafatı Laureatı (Neft sənayesi tullantılarından üzvi gübrənin alınmasına görə)

1960-cı il Az SSRİ Dövlət Mükafatı Laureatı (Azərbaycanda aqrokimya elminin inkişafına və kadr hazırlığı sahəsində nailiyyətlərinə görə)

Akademik Vladimir Rodionoviç Volobuyev

1960-cı ildə Azərbaycan SSRİ EA Rəyasət Heyətinin qərarı ilə Əməkdar Elm Xadimi adı verilmişdir (Torpaqşünaslıq elminin inkişafında nailiyyətlərinə görə)

1967-ci ildə SSRİ Dövlət Mükafatı Laureatı (Moskvada, İsraildə və Çində çapdan çıxmış “Torpaq ekologiyası” monoqrafiyasına görə).

1979- cu ildə SSRİ Dövlət Mükafatı Laureatı (“Torpaq əmələgəlmənin energetikası” monoqrafiyasına görə).

Azərbaycan SSRİ EA-nın müxbir üzvü Əbdülrəhman Niyaz oğlu Güləhmədov

1978-ci il Az SSRİ Dövlət Mükafatı Laureatı (Dənəvərləşdirilmiş manqanlı-vanadiumlu superfosfat, molibdenli superfosfat gübrələrinin hazırlanması texnologiyasına görə)

Azərbaycan SSRİ EA-nın müxbir üzvü Spartak Əsgər oğlu Əliyev

1979-cu ildə SSRİ Dövlət Mükafatı Laureatı (Torpaq bioenergetikası sahəsində elmi tədqiqat işinə görə ).

Prof. M. H.Cəbrayılov

1948-ci ildə Sosialist Əmək Qəhrəmanı adı və Lelin ordeni ilə təltif edilmişdir (Azərbaycanda kənd təsərrüfatı elminin inkişafına görə).

AMEA-nın müxbir üzvü Məmmədəmin Məmmədəli oğlu Salayev

1990- ci ildə Az SSR-nin Əməkdar Elm Xadimi adına layiq görülüb (Azərbaycanda torpaqşünaslıq elminin inkişafına görə).

Prof. İ.Ş. İsgəndərov

1991-ci ildə Az SSRİ-nin Əməkdar Elm Xadimi adına layiq görülüb (Azərbaycanda torpaqşünaslıq elminin inkişafına görə).

Prof. R.H. Məmmədov

1991-ci ildə Az SSRİ-nin Əməkdar Elm Xadimi adına layiq görülüb (Azərbaycanda torpaqşünaslıq elminin inkişafına görə).

Prof. A.P.Gərayzadə

2005-ci ildə Əməkdar Elm Xadimi adına layiq görülüb (Azərbaycanda torpaqşünaslıq elminin inkişafına görə).

Akademik Məhərrəm Babayev

2017-ci ildə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatına layiq görülmüşdür (Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası, mühafizəsi və təsnifatı üzrə silsilə monoqrafiyaların nəşrinə görə). 

2019-cu il

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev

- Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun  lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi qısa müddət ərzində uğurla başa çatdırılıb. Müxtəlif zərərli maddələrlə çirklənmiş torpaqlar təmizlənmiş və həmin sahələrdə yaşıllıqlar salınmış, ərazilərin təbii mühiti bərpa edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən AMEA-nın müvafiq qurumlarının mütəxəssislərinin, xüsusilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev və onun əməkdaşlarının əməyi yüksək qiymətləndirilib. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevi bu layihələrin icrasında xüsusi xidmətlərinə görə nazirliyin Fəxri fərmanı ilə təltif edib.

  1. 007-ci il  Azərbaycan Respublikası Təhsil Nazirliyi “Qabaqcıl Təhsil İşçisi”  döş nişanı ilə təltif olunmuşdur.
  2. 2019-cu il Bakı Dövlət Universitetinin 100 illiyi şərəfinə (1919-2019) “Azərbaycan Respublikası Yubiley Medalı” ilə təltif olunmuşdur.
  3. 2023-cü il Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi şərəfinə (1921-2021) “Azərbaycan Respublikası Yubiley Medalı”ilə təltif olunmuşdur.
  4. 2024-cü ildə Gəncə Regional Turizm İdarəsi və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkil etdiyi “Gəncəbasarda köç yolu və elat mədəniyyəti: əcdadlarımızın izi ilə” adlı etnoturizm qurultayı”nda iştirakına görəFəxri Fərman

A.e.d., professor Vilayət Həsənov

- “Elm günü” münasibəti AMEA BTEB Fəxri fərmanı ilə təltif edib.

A.e.ü.f.d, dosent Əminə Axundova

- “Elm günü” münasibəti AMEA BTEB Fəxri fərmanı ilə təltif edib.

A.e.ü.f.d, dosent Mirvari Məmmədova

- “Elm günü” münasibəti AMEA BTEB Fəxri fərmanı ilə təltif edib.

2021-ci il

AMEA-nın müxbir üzvü Amin İsmayılov

Torpaq CİS laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılov Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Akademik (həqiqi) üzvü seçilmiş və Qızıl Ulduz Medalı ilə təltif olunmuşdur.

A.e.ü.f.d. Günay Məmmədova

2021-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Möhbalıyev tərəfindən əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin Peşəkar Gənci” fəxri adı ilə təltif edilmişdir.

2022-ci il

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən “Təşəkkürnamə” alanlar: 

Yelmarlı Tərlan İlham oğlu - Elmi-ictimai fəaliyyətində fərqləndiyinə görə;

Türkan Həsənova Allahverdi qızı- Elmi-ictimai fəaliyyətdə fərqləndiyinə görə;

Baxışov Dəyanət -Elmi-ictimai fəaliyyətində fərqləndiyinə görə;

Feyzullayeva Zərifə fərhad qızı - İctimai fəaliyyətində fərqləndiyinə görə;

Tağıyeva Səbinə İlham qızı - Elmi-ictimai fəaliyyətində fərqləndiyinə.

2023-cü il

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən “Fəxri Fərman” alanlar: 

A.e.ü.f.d, dosent Sevda Talıbova- 70 illik yubileyinə görə

A.e.ü.f.d, dosent Fərhad Sadıqov- 75 illik yubileyinə görə

A.e.d., dosent Mustafa Mustafayev-65  illik yubileyinə görə

A.e.ü.f.d, dosent Sultan Hüseynova-50 illik yubileyinə görə

A.e.ü.f.d, dosent Əlizaman Rəsulov- 85 illik yubileyinə görə