• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi Şurasının və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının birgə iclası keçirilib

  • 2021-12-16

    Dekabrın 16-sı Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi Şurasının və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının birgə iclası keçirilib.İclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi Şurasının və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şuralarının üzvləri, həmçinin müvafiq mövzu və işlərin rəhbərləri iştirak edib. İclasın əvvəlində vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova sözü hesabat məruzəsi ilə çıxış etmək üçün institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə verib. Professor Əlövsət Quliyev bildirib ki, hesabat ilində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” elmi istiqamətinə uyğun olaraq hesabat dövründə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2 problem, 17 mövzu, 85 iş və 111 mərhələ üzrə elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Onlardan 17 mövzu keçicidir və mövzuların icrasında 159 elmi əməkdaş, o cümlədən, AMEA-nın 2 həqiqi, 2 müxbir üzvü, 11 elmlər doktoru və 89 fəlsəfə doktoru iştirak etmişdir. İnstitutda aparılan elmi-tədqiqat işlərinin nəticələri ilə yanaşı aparılan kompleks işlər, beynəlxalq elmi əlaqələr, institutun gənc alimlər şurası və eləcə də elmin populyarlaşdırılması istiqamətində görülən işlərin müsbət dinamikası da məruzədə işıqlandırıldı.

    Ümumilikdə 208 elmi əsərin, o cümlədən 163 məqalə, 32 tezis, 5 kitab,5 monoqrafiya 1 dərslik nəşr edildiyi vurğulanıb. Onlardan 112 məqalə və 4 tezis xarici jurnallarda nəşr olunub. Bu məqalələrdən 5-i Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən direktor, cari ildə institut əməkdaşlarının elmi əsərlərinə 217 istinadların olduğunu, əməkdaşların yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib.     

    Ə.Quliyev cari ildə imzalanan müqavilələr, gələcək planlar və perspektivlər haqqında da ətraflı məlumat verib.

    Əlövsət Quliyev institutda tədqiqatlarla əldə edilmiş mühüm nəticələri də diqqətə çatdırıb.

    Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər verilib. Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq rəhbərliyə və əməkdaşlara tapşırıq və tövsiyələrini bildirib. Yekunda müəssisənin fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul olunub.