• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib

  • 2022-02-02

        AMEA-nın  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib. İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb.O, Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasını vurğulayaraq, Ümummilli lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.Azərbaycan gənclərinin günümüzdə müasir, inkişaf etmiş, aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin  mühüm rolu var. Ə.Quliyev  gənclərin elmi fəaliyyətlərinin gücləndirilməsi, elmin təbliğində onların  fəal iştirakı, prespektivlərinin artırılması kimi məsələləri xüsusilə vurğulayıb. Alim İnstitutun gənclərini ürəkdən təbrik edərək onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

         Tədbirdə çıxış edən İnstitutun Həmkarlar Təşkilatı Komitəsinin sədri a.e.d Məmməd Məmmədov institut gənclərini təbrik edərək respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya layiq olmağa çağırıb. M.Məmmədov vurğulayıb ki, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin böyük  əksəriyyəti də məhz  gənclərimizdir.

        Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı çıxışında qeyd edib ki. Azərbaycan dəyərləri bugünkü gənclər üçün daim ən başlıca dəyərlərdir. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan da məhz bizim dəyərlərimizdir.Bu gün Azərbaycan gəncləri milli ruhda tərbiyə alır, dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruyurlar. Sonda institutun elmi-ictimai fəaliyyətində fərqlənən  bir qrup gənc  təşəkkürnamə ilə təltif  edilib.