• Bazar ertəsi, Iyun 16, 2025
  • Bakı, 19.0°C

Dövlət Turizm Agentliyinin nümayəndələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar

  • 2025-06-11

   Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin Layihələrin idarə edilməsi üzrə baş mütəxəssisi Şeyda Allahverdiyeva və agentliyin digər memar əməkdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qonaq olublar.

     Qonaqlar institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev ilə görüşüblər. Görüşdə Şuşa şəhərinin geoloji quruluşu və qədim su obyektləri ilə bağlı aparılan araşdırmalar ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə, şəhərin qrunt və süxur qatlarının xüsusiyyətlərinə əsaslanaraq sızan suların istiqamətinin müəyyənləşdirilməsi və bu məqsədlə əsrin əvvəlindən qazılmış quyuların hazırkı durumu müzakirə olunub.

     Professor Əlövsət Quliyev görüş zamanı Şuşa və ümumilikdə Qarabağ bölgəsində vaxtilə yerli əhalinin su təminatında mühüm rol oynamış yeraltı su obyektləri haqqında geniş məlumat verib. O, bu su mənbələrinin yalnız texniki deyil, həm də tarixi, ekoloji və turizm baxımından daşıdığı əhəmiyyətə toxunub. Bildirilib ki, bu quyular davamlı su idarəçiliyində, kənd təsərrüfatında və ekoturizmin inkişafında böyük potensiala malikdir.

    Dövlət Turizm Agentliyinin nümayəndələri Şuşada yerləşən bu tarixi su obyektlərinin gələcəkdə ekoturizm marşrutlarına daxil edilməsi və turistlərə təqdim olunması imkanlarını dəyərləndiriblər.  Qeyd olunub ki, hazırda Şuşa şəhərində mərkəzləşdirilmiş su təchizatı sistemi inşa olunmaqdadır və bu sistemin qurulması zamanı qədim su strukturlarının mövcudluğunun nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Görüşdə bu istiqamətdə elmi biliklərin praktik layihələrlə uzlaşdırılması imkanları da müzakirə olunub.

Elanlar