• Cümə axşamı, Dekabr 12, 2024
  • Bakı, 10.0°C

“Kollektorlardan axıdılan şirin suya sahib çıxmırıq, sonra da deyirik ki, Kür çayı quruyur”

  • 2022-03-23

     AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin TNS-ə müsahibəsi.
 

-Əlövsət müəllim, son vaxtlar Kür çayında suyun səviyyəsinin aşağı düşməsi bir sıra ciddi fəsadlara yol açmışdı. Doğrudur, son vaxtlar çayda suyun tənzimlənməsi nəticəsində problem müəyyən qədər öz həllini tapıb. Ancaq Kür çayında suyun səviyyəsinin aşağı düşməsi son illər tez-tez qarşılaşdığımız problemə çevrilib. Fikrinizcə, çayda suyun səviyyəsinin aşağı düşməsinin səbəbi nədir?
 -Bu problem son illər ortaya çıxan ən ciddi məsələlərdən biridir. Kür çayının səviyyəsinin xüsusi ilə Mingəçevirdən başlayaraq zaman-zaman aşağı enməsi bizim suvarma suyuna sahib çıxmamağımızın nəticəsidir.

  Sovetlər dövründə primitiv selləmə üsulu ilə suvarmanın aparılması, sistemin düzgün qurulmaması, çıxış yolunun kollektor-drenaj şəbəkələrinin yaradılmasında görülməsi bizi bu vəziyyətə gətirib çıxarıb. Ötən əsrin 50-60-cı illərində sudan qənatlə istifadə olunmaması ciddi su itkisi ilə bərabər, milyon hektardan çox münbit torpağın şorlaşmasına səbəb olub. Vaxtı ilə 18-20 metr dərinlikdə olan qrunt suları yer səthinə qədər yüksəlib ki, ondan da çıxış yolunu 3-3,5 metr dərinlikdə qazılmış kollektor- drenaj sistemində görüblər. Bu proses sovet dövründə bir müddət özünü təsdiq etsə də, sonrakı mərhələdə problemlər qaçılmaz oldu. O dövrdə keyfiyyətə deyil, kəmiyyətə üstünlük verilirdi. Yəni əkin sahələrinin məhsuldarlığına yox, həcminin çoxluğuna fikir verilirdi. O da sudan səmərəsiz istifadəyə və torpaqların irriqasiya eroziyasına və  təkrar şoranlaşmaya məruz qalmasına səbəb olurdu.
-Demək istəyirsiniz ki, Kürdə bu gün yaranan problemin kökünü sovet dövründə axtarmalıyıq...
-Bəli. Azərbaycanda suvarma suyunun qiymətinin çox primitiv vəziyyətdə olmasının əsası sovet dövründə qoyulub.
-İndi sovet dövrü deyil və biz müasir, güclü Azərbaycanı qururuq. Bu məsələlərə münasibət dəyişilməyib?  Bu gün ölkədə suya nəzarət sistemi varmı?
-Qəribədir ki, əslində suya nəzarət sistemi var. Bu sahədə mühüm əhəmiyyət kəsb edən Sudan İstifadəçilər Assosasiyası, suvarma sistemləri fəaliyyət göstərir. Ancaq buna baxmayaraq, ölkədə çox ciddi su itkisinə yol verilir. Yadınızdadırsa, bu məsələ 2020-ci il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə də geniş müzakirə olundu. Dövlət başçısı bildirdi ki, “biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”. 
Su itkisinin aradan qaldırılması üçün ölkə rəhbəri konkret tapşırıqlar verib. Su itkisi çox ciddi problemlərə yol açır ki, onlardan biri də Kür çayında yaranan vəziyyətdir. Kür çayı yuxarıdan gəlir Mingəçevirə qədər, Mingəçevir Su Anbarından hazırda çay məcrasına saniyədə 100 kubmetrdən çox su buraxılır. Ancaq Salyana bu suyun saniyədə 8-10 kubmetri gəlib çıxır.  Səbəb nədir? Bizim müşahidələrimizə görə, çay yatağında 100-dən çox nasos vasitəsi ilə suyun götürülməsi birinci səbəbdir. Digər səbələr isə müxtəlif amillərlə əlaqəlidir.
Kür çayında suyun səviyyəsinin aşağı düşməsi suvarma suyundan düzgün istifadə etməməyimizlə yanaşı, kollektorlardan axan şirin suya sahib çıxmamağımızın da nəticəsidir.
-Kollektorlardan çirkab, duzlu suların dənizə axıdılmasında istifadə olunur. Siz isə kollektorlardan axan şirin sudan danışırsınız. Bu, çox maraqlı nüansdır və biz bir az sonra bu mövzuya qayıdacağıq. Sizdən bir mütəxəssis kimi soruşmaq istəyirəm. Su itkisinin qarşısını almaq üçün suvarma suyuna da sayğac sisteminin tətbiqi mümkündürmü? Dünyada belə bir təcrübə varmı?
-Dünyanın əksər ölkələrində suvarma suyuna nəzarət sistemi yaradılıb. Yəni suyun qiyməti də var, sayğacı da və ona nəzarət edən ictimai qurumlar da. Bizdə isə sudan düzgün istifadə olunmur. Hidrometriya işi bərbad vəziyyətdədir. Son illərdə bəzi su obyeklərində və su anbarlarında müasir hidrometriya qurğuları - elektron ölçmə sistemləri qurulub. Ancaq onların birbaşa suvarma sistemlərinə inteqrasiyası həyata keçirilməlidir.

Apardığımız müşahidələr göstərir ki, Azərbaycanın əksər yerlərində gecə suvarması yoxdur. Suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət mexanizmi yox dərəcəsindədir.  Sistemin başında lazım olan su istifadəçiyə ötürülür. Lakin sudan səmərəli istifadə və gecə suvarması aparılmadığına görə, suvarma suyu sahədən bir başa drenaja axır.  Drenajlarla kollektorlara, oradan da dənizə axıdılır. Drenaj fəaliyyəti zəif yerlərdə qrunt suları yer səthinə yaxınlaşaraq torpağı şorlaşdırmaya məruz qoyur.  Məsələn, Yevlaxa gedənlər müşahidə etsə görər ki, yol boyu torpaqların üstünə sanki qar yağıb. Torpaqlardakı duzlar yer səthinə qalxaraq torpağı şorlaşmaya məruz qoyur. Bu, həmin ərazilərdə kollektor-drenaj şəbəkələrinin işləməməsinin nəticəsidir. Deyirlər ki, hər il ölkədə 20 faiz kollektor-drenaj şəbəkəsi təmizlənir. Belə çıxır ki, beş ildə açıq drenlər və kollektorların hamısı təmizlənir. Deməli,  son 30 ildə onlarda 6 dəfə təmizlənmə aparılıb. Bəs bu işlər görülübsə, nəticə niyə istədiyimiz kimi deyil?  Təmizlənmədiyinə görə, bitkilərlə dolmuş drenlər suyun hərəkətinə mane olur, sahədə qrunt suyunun yer səthinə yaxınlaşmasına gətirib çıxarır. Bəzən də yığılan suların kollektora tökülməsi prosesi getmir.
Bu gün Kür-Araz ovalığında istifadə olunan kollektor-drenaj sistemləri 50 ilə yaxındır, fəaliyyət göstərir. Lakin torpaqlarda məhsuldarlıq azalır. 500 min hektara qədər suvarılan torpaqlarda antropogen təsirlər nəticəsində çox mürəkkəb proseslərlə rastlaşırıq. Prosesin elmi cəhətdən öyrənilməsinə ciddi ehtiyac vardır. Kür-Araz ovalığının suvarılan torpaqları ərazisində çox ciddi problem yaranıb. Əvvəllər aparılan tədqiqatlardan fərqli olaraq, bu gün apardığımız tədqiqatlar göstərir ki, regionda yeni elmi prinsiplərə uyğun şəkildə tədqiqat aparılmalıdır. Bu, günün ən vacib məsələlərindən biridir.
-Siz kollektorlardan şirin suyun axıdıldığını bildirdiniz. Nəyə əsaslanaraq belə bir fikir səsləndirirsiniz?
-Mövcud elmi əsaslara görə, Azərbaycanda kollektorlardan axan suyun minerallaşması 10-20 qram/litr  kriteiyasında olmalıdır. Yəni bu sular mövcud Xəzər dənizi suyunun minerallaşmasına yaxın olub, suvarma üçün tamamilə yarasız hesab olunurlar. Mən son illər Lənkərana, Neftçalaya, Salyana gedərkən qəribə bir mühitlə qarşılaşırdım. Əvvəllər Baş Mil-Muğan və Baş Şirvan kollektorlarından böyük miqdarda su getdiyini müşahidə edərkən onların doğrudan da şor su olduğuna inanırdım.  Bir gün Lənkərandan qayıdarkən gördüm ki, kollektorun kənarında uşaqlar qabıqlı molyuskalar toplayırlar. Bu, şor sulara aid molyuskalar deyildi. Belə molyuskalar minerallaşması 3-4 qramdan aşağı olan sularda yaşaya bilirlər. Duzlu sularda bu molyuskalar olmur. Deməli, bu kollektordan gedən suyun minerallaşması aşağı idi.

Öyrəndik ki, həmin Baş Mil-Muğan kollektorundan saniyədə 80 kubmetr su gedir. Bu da çox ciddi rəqəmdir.  Biz kollektorun suyunu analiz etdik və gördük ki, minerallaşma 3-4 qram/litr arasındadır.  Sonra mətbuatda çıxış edərək bu məsələyə diqqət çəkdik. Bildirdik ki, minerallaşması aşağı olan sulardan düzgün istifadə etməliyik. Biz bilirik ki, minerallaşması 4 qram/litr olan şor sulardan kənd təsərrüfatında suvarmada istifadə edilməsi mümkündür. O şərtlə ki, arat suyu dövründə həll olunmuş duzların yuyulması üçün şirin su verilsin. Belə bir təcrübə vardır.
Bizim kifayət qədər şirin su ehtyiyatımız ola-ola biz niyə ondan istifadə etməməliyik? Bu, bizi bir alim kimi çox ciddi narahat edirdi. Ona görə də biz kollektorlardan gedən sudan səmərəli istifadə etməyin yollarını araşdırmaq üçün genişmiqyaslı tədqiqat işlərinə başladıq. Bu gün institutumuzun 40-dan çox əməkdaşı Baş Mil-Muğan və Baş Şirvan kollektorlarında tədqiqat aparırlar. Tədqiqatın nəticələri çox maraqlıdır.
-Son vaxtlar kollektorlardan su nümunələri götürüb analiz etmisinizmi?
-Əlbəttə. Bu fikirləri apardığımız tədqiqatların nəticələrinə əsasən səsləndirirəm. Analiz etmişik, kollektorların yuxarı yerlərində  suyun  minerallaşması 1-2 q/l arasındadır. Bu suların aşağı zonalarda şoran yerlərdə, qrunt suları ilə əlaqəli kanalların təsiri ilə duzluluğu artsa da 3 q/l-dən artıq olmur. Bu gün kollektorlarda suyun minerallaşması 3 qram/litrdən aşağıdır. Ona görə də bu kollektorlardan axan su Kür çayının məcrasına yönəldilməlidir. Mingəçevir Su Anbarından buraxılan saniyədə 100 kubmetr su ilə kollektorlardan axan su qarışdırılsa, onun minerallaşması 1-1,5 q/l qədər azala bilər.

Kollektorlarla dənizə axıdılan suyun həcmi ildə 4.5 milyard kubmetrdir. Azərbaycanın illik suvarma suyuna olan tələbatının 12-13 milyard kubmetr olduğunu nəzərə alsaq, su itkisi 40%-dən çoxdur. Kollektorlarla axan 4.5 milyard kubmetr suyun bir hissəsi yuxarı axınlarda  Kür çayına yönəldilsə, o zaman Neftçala və Salyan rayonlarında suvarma suyu ilə bağlı problem, demək olar ki, öz həllini tapar.
-Kollektorlardan axan su Kürə yönəldilsə, çaydakı ekoloji problem öz həllini tapa bilərmi?
-Bu ekoloji problemi təkcə kollektorların suyunun çaya yönəldilmıəsi ilə həll etmək mümkün deyil. Birinci suvarma suyuna nəzarət etməliyik. Su niyə drenaja getməlidir?  Biz bitkini, ağacı suvarırıq ki, onun kökü tutan hissə suyu qəbul eləsin. Lakin suvarma suyunu sahəyə  ifrat dərəcədə verməklə həm də suyun torpaqdakı qida maddələrini yuyub aparmasına və irriqasiya eroziyasına səbəb oluruq. Deməli, mövcud kollektorlar və drenajlarla bizim torpaqların münbitliyi də Xəzərə axır. Kollektorun apardığı lilin içərisində kifayət qədər qida maddələri var. Biz 2019-cu ildə Neftçala rayonunda Kürün lilindən gübrə hazırladıq və pambıq sahələrində tətbiq etdik. Nəticədə, hər hektardan 52 sentiner məhsul götürdük. Bu, kifayət qədər yüksək göstərici idi.
-Bəs kollektorların suyunu Kürə necə axıtmaq olar?
- Reallıq odur ki, heç bir mənbəyi olmayan kollektorlardan axan su Kürdən iki dəfə çoxdur.  Kollektorlardan axan suyu Kürə yaxın yerlərdə birləşdirici kanallar vasitəsilə çaya ötürmək lazımdır. Öncədən bu təcrübə var idi. Baş Mil-Muğan və Baş Şirvan kollektorlarından Kürə suyun axıdılması sistemi var idi. Lazım gələndə həmin su Kürə buraxılır, suyun duzlu vaxtlarında isə dənizə ötürülürdü. Apardığımız tədqiqatlar onu göstərir ki, bu gün kollektorlardan kifayət qədər şirin su dənizə axır. Biz o sudan niyə istifadə etməyək?
-Son tədqiqatlarınızın nəticələri barədə ictimaiyyəti məlumatlandırmağınızı xahiş edirəm. Kollektorlardan axan suyun minerallaşması hazırda nə qədərdir?
-Yuxın zonalarda 0,8-1,2 qram/litr, ondan aşağılarda 1,5-2,0 qram/litrdən çox deyil. Bir az əvvəl qeyd etdiyim kimi, minerallaşması 4 qram/litr olan sudan suvarmada istifadə etmək mümkündür.
-Bu gün Kür çayında suyun səviyyəsi yüksəlib və çay dənizə qovuşub. Bu, bir az da son vaxtlar baş verən təbiət hadisələri ilə bağlıdır. Havaların yağıntılı keçməsi, əlbəttə ki, buna öz təsirini göstərib. Ancaq bu o demək deyil ki, həmin problem bir də baş verməyəcək. Biz martın 11-də sizinlə birlikdə həmin ərazilərlə tanış olarkən belə bir fakt öyrəndik ki, dəniz suyu 78 kilometr məsafəyə qədər gəlib çıxıb. Gələcəkdə bu problem daha da dərinləşsə, dəniz suyu hansı məsəfəyə qədər axa bilər?

-Bilirsiniz, Kür çayının məcrasının dərinləşdirilməsi məqsədəuyğun deyildi. Bu gün o dərinliyi doldurmaq lazımdır ki, Kürün aşağı bazisi dənizlə bərabər olsun. Yəni duzlu su aşağı dərinlikdən məcraya müdaxilə edə bilməsin. Əgər Kür çayı yatağında iki-üç metr su qalınlığı yaransa, dəniz suyu çəkilib gedəcək. Çünki Xəzərlə onun səviyyə fərqi var. Kürün dibinin səviyyəsi dənizin səviyyəsində olmalı idi. Dənizin səth səviyyəsi ilə Kürün dib səviyyəsinin uyğun olduğu yerə qədər dəniz suyu gəlir. İndi bəzi yanlış fikirlər də səsləndirilir. Ən ciddi problemin yaranacağı dövrdə belə bu problem Salyan və Neftçala rayonlarının hüdudlarını aşa bilməz. Yəni bu, ancaq Salyan və Neftçala rayonlarında bəzi problemlərə yol aça bilər.
-Demək istəyirsiniz ki, dəniz suyunun çay suyuna qarışmasının səbəbi həm də Kürün dərinləşdirilməsi idi?
-Fikrimdən belə anlaşılmasın ki, zamanında daşqınların qarşısını almaq üçün Kürün dərinləşdirilməsi sonra bugünkü problemlərə gətirib çıxarıb. Ancaq çayın dərinləşdirilməsi də bu proseslərə öz təsirini göstərib.
Bu gün problemin həlli məqsədilə müxtəlif tədbirlər həyata keçirirlər. Mətbuatdan oxudum ki, dənizlə çayın arasında qurğu quraşdırmaq istəyirlər. Fikrimcə, bu ekosistemi pozmaq yanlışlıqdır. Tarixi məlumatlara görə, ötən geoloji dövrlərdə Xəzərin səviyyəsi vaxtilə Mingəçevirə qədər qalxıbdır.  Kürün də müxtəlif daşqın dövrləri olub. Biz ora müdaxilə etməli deyilik.  Bu proses zamanın, iqlimin, geoloji dövrlərindən asılıdır. Kürün yatağına isə hazırda  kollektorlardan  gedən suyun  verilməsinin  tərəfdarıyıq. Digər tərəfdən, Baş Şirvan kollektorunun suyunu Hacıqabul gölünə qaldırmaqla ekosistemdə dəyişikliyə nail olmaq, kollektorun aşağı minerallaşmaya malik suyundan  suvarmada istifadə etmək mümkündür. Elə həmin yerdən suyu Kür çayına da ötürmək olar.

Əgər bu problemlər öz həllini tapmasa, Neftçala və Salyan rayonlarından əhalinin miqrasiyası gözlənilir. Kür çayında yaranan problem tez-tez özünü göstərərsə, əhalinin həmin ərazilərdən köçməsinin qarşısını ala bilməyəcəyik. Əhalinin əkinçiliklə, heyvandarlıqla məşğul olması üçün təsərrüfat suyu yoxdur, hətta içməli suyu da kənardan gətirirlər. İnsanlar nə etməlidir? Bu gün yaranan ekoloji problem yaxın gələcəkdə ciddi sosial problemə gətirib çıxara bilər. Ona görə də vaxt itirmədən Kür çayındakı problemi həll etməliyik. Bu problemin həlli isə mövsümi və müvəqqəti xarakter daşımamalıdır. İndi Kürdə suyun səviyyəsi yüksəlib və bu problem hər birimiz üçün artıq öz aktuallığını itirib. Kür çayı ilə bağlı problem tam  həll edilənədək bu məsələ bizim üçün aktual olaraq qalmalıdır.

İSTİNAD:TNS