• Çərşənbə axşamı, Oktyabr 15, 2024
  • Bakı, 16.0°C

Professor Əlövsət Quliyev: Əldə etdiyimiz elmi yeniliklərin kənd təsərrüfatında tətbiqi uğurlu nəticələrə gətirib çıxaracaq

  • 2022-12-30

   Ölkəmizdə kənd təsərrüfatının elmi cəhətdən inkişaf etdirilməsi, torpaqların məhsuldarlığının artırılması, su problemlərinin həllinə elmi yanaşmanın tətbiqi dövlət başçısının elmə və elm adamlarına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu da dövlət qayğısından bəhrələnərək bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində səylə çalışır.

   Bunu AZƏRTAC-a açıqlamasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib.

  Alim bildirib ki, aqrar islahatların müasir mərhələsində strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması və fermerlərin maddi rifahının yüksəldilməsi təşkil edir.

   Kənd təsərrüfatını inkişaf etdirmək üçün torpaqların məhsuldarlığının artırılması, suvarmada su itkisinin qarşısının alınması qarşıya qoyulmuş əsas vəzifələrdəndir. İnstitutumuzda çalışan alimlər torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi üçün daim tədqiqatlar aparıb öz təkliflərini aidiyyəti qurumlara təqdim edirlər.

   Azərbaycan Prezidentinin 2020-ci il 27 iyul tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, eləcə də dəfələrlə verdiyi tapşırıqlarda ölkənin su təminatı ilə bağlı mövcud problemlər və onların həlli yolları barədə Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyulub. Bu vəzifələrdən biri də Kür çayının deltasında yaranmış problemin kompleks həlli ilə bağlıdır. Bu məqsədlə Kür çayının mənsəbindən layihə və tikinti işlərinin aparılması üçün ən optimal və əlverişli məsafədə avtomatlaşdırılmış şülüzlərlə idarə olunan hidrotexniki qurğunun tikilməsi təklif olunur. Bununla yanaşı, ölkə üzrə torpaqların suvarılması müasir metod və normalara uyğun tərtib edilmiş hidromodul qrafikinə əsasən həyata keçirilməli, suvarma sistemləri yenilənməli, Kür çayının aşağı axarında yaranmış ekoloji vəziyyət nəzərə alınmaqla ölkənin su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemi hazırlanmalıdır.

   Baş direktor deyib ki, son illər ərzində Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları tərəfindən Baş Mil-Muğan və Şirvan kollektorlarının, onlara axıdılan su yığıcıların, drenlərin və suvarma kanallarının müasir vəziyyəti öyrənilib. Tədqiqat aparılarkən müəyyən edilib ki, Mil-Muğan kollektorundan saniyədə 78 kubmetr, Şirvan kollektorundan saniyədə 58 kubmetr sərfiyyatla minerallığı 4-5 q/l olan su Xəzər dənizinə axır. İl ərzində 5-6 milyard kubmetr su təsərrüfatsızlıq hesabına Xəzər dənizinə axıdılmaqdadır. Halbuki kollektorlardan axan suyun minerallaşması 10-15 q/l yuxarı olmalı idi. Bu da onu göstərir ki, böyük miqdarda suvarma suları kollektorlara daxil olmaqdadır.

   Məhz Mingəçevir Su Anbarı istifadəyə verildikdən sonra baş sağ və sol sahil kanalları istifadəyə verildiyi vaxtlarda ərazidə qrunt sularının yatım dərinliyi yer səthindən 18-20 metr dərində yerləşirdi. Adı çəkilən kanallar torpaq məcralı olduğu, kanaldan axan suyun 40 faizə qədəri sızmaya sərf olunduğu üçün 15-20 ildən sonra Kür-Araz ovalığında suvarılan torpaqlarda qrunt suları yer sətinə yaxınlaşdı, çıxış yolu kollektor drenaj şəbəkələri (3 metr dərinlikdə qazılmış açıq və örtülü kanallar) inşa edilməsində görüldü. Nəticədə milyardlarla manat pullar qeyd olunan işlərə xərcləndi. Beləliklə, ölkədə su ilə əlaqədar fəaliyyət göstərən nazirliyin adı da Azərbaycan Su Təsərrüfatı Nazirliyi adından Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinə çevrildi. Bu proses bütün SSRİ ərazisində həyata keçirildi. Əgər respublikada sudan səmərəli və düzgün istifadə olunsaydı, iki kollektordan saniyədə 78+58=136 kubmetr/saniyə az minerallaşmaya malik su Xəzərə axmazdı.

   Alim bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. Belə ki, bitkiçilik məhsullarının 85-90 faizi, pambıq bitkisinin hamısı suvarılan torpaqlarda becərilir. Suvarma əkinçiliyinin iqtisadi səmərəliliyinin təmin olunması kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul əldə olunması ilə yanaşı, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, torpaqların meliorativ vəziyyətinin normal səviyyədə saxlanılması, suvarmanın aqrotexniki və texnoloji cəhətdən düzgün və dəqiq aparılması və operativ idarə olunması yolu ilə əldə edilə bilər.

   İstifadə olunan suvarma sistemlərində suvarma suyunun düzgün paylanması, eləcə də bitkilərin suya olan tələbatını ödəmək üçün kənd təsərrüfatı bitkilərinin müxtəlif bölgələr üzrə su tələbatını və suvarma rejimlərini bilmək torpaq istifadəçiləri üçün çox vacibdir. Suvarma suyunun torpağa verilməsi ilə onun fiziki və kimyəvi xüsusiyyətləri dəyişir, üzvi maddələrin asanlıqla parçalanması prosesi gedir və bununla da torpağın hava, duz və istilik rejimi tənzimlənir. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları tərəfindən bu sahədə aparılan tədqiqatların nəticələri barədə zaman-zaman torpaq mülkiyyətçilərinə, fermerlərə ətraflı məlumat verilməkdədir.

   Tədqiqatlar nəticəsində müəyyən olunub ki, suvarma suyunun əkin sahələrinə tələb olunan normadan artıq verilməsi torpaqda bataqlaşma və təkrar şorlaşmaya səbəb olur, kənd təsərrüfatı bitkilərinin inkişafı üçün çox ziyanlı qaysaq əmələ gətirir və torpaqların su sızdırma qabiliyyəti aşağı düşür. Həm də artıq suvarma suyu torpağın münbit qatındakı qida maddələrini yuyub aparır. Bu proses ən çox böyük maili sahələrdə normadan artıq su sərfi ilə suvarmalarda daha çox müşahidə olunur. Beləliklə, torpaqlarda irriqasiya eroziyası yaranaraq böyük ərazilərin sıradan çıxmasına səbəb olur. Bunun üçün sahələrə verilən suya ciddi nəzarət edilməli, suvarma normalarına riayət olunmalı, eyni zamanda, suvarma üsulları düzgün seçilməlidir. Aqrotexniki qaydalara riayət etməklə, normal becərməni həyata keçirməklə suvarma suyunun torpağa mənfi təsirinin qarşısını almaq olar. Şumlanmış və yumşaldılmış sahələrin suvarılması zamanı dərin qatlara sızılan su lil hissəciklərini yuyaraq şumaltı təbəqəyə aparır. Bu isə müxtəlif dərinliklərdə sıxılmış torpaq təbəqəsi yaradır. Tez-tez və böyük normalarla suvarma aparılanda şum qatı vaxtından qabaq sıxlaşır və bu da bitkilərin inkişafına mənfi təsir göstərir. Buna yol vermək olmaz. Artıq suvarma suyundan istifadə olunması zamanı suyun bir hissəsi torpağın aşağı qatlarına sızaraq qrunt suyunun qalxmasına səbəb olur. Bu isə torpağın bataqlaşmasına, şorlaşmasına gətirib çıxarır və nəticədə əkinə yararlı torpaq sahələrin təkrar meliorativ tədbirlərə ehtiyacı artır.

   Suvarma suyunun vaxtında və lazımı normalarla verilməsi torpağın münbitliyini yaxşılaşdırır. Su bitki həyatının vacib şərtlərindən biridir və o bitkilərdə gedən bütün fizioloji proseslərdə iştirak edir. Bitkilərin kökləri ilə udulan suyun çox az hissəsini bitki özü mənimsəyir, qalan hissəsi isə bitkinin köklərindən gövdəyə, budaqlara, meyvə orqanlarına, yarpaqlara və oradan da transpirasiyaya sərf olunur. Torpaqda olan qida maddələri də su ilə birlikdə bitkinin kökləri vasitəsilə gövdəyə və digər orqanlara yayılır. Nəzərə almaq lazımdır ki, torpaqdan kök sisteminə suyun daxil olması mürəkkəb bir prosesdir və bu, torpaq şəraitindən asılıdır. Bitkilərdə qısa müddətdə nəmliyin çatışmaması məhsuldarlığı kəskin azaldır, lakin bitkinin aqrotexniki müddətlərdə su ilə düzgün təmin olunması yüksək məhsuldarlığı təmin edir. Quraqlığın olması bitkinin inkişafında onun cavan orqanlarına öz zərərli təsirini göstərir. Tək bir dəfə suvarma normasının vaxtında verilməməsi bitkinin məhsuldarlığının 30 faiz aşağı düşməsinə səbəb olur.

   Deməli, bitkinin inkişafı və normal boy atması üçün torpaqda suyun sərbəst hərəkəti təmin olunmalıdır. Suyun hərəkətinin zəifləməsi bitkinin məhvinə səbəb olmur, lakin onun köklərində normal nəmlik yaranmadığından ümumi inkişafı zəifləyir və nəticədə məhsuldarlıq kəskin surətdə aşağı düşür.

   Burada torpaq və su əlaqəsinin qurulmasının elmi əsaslarla həyata keçirilməsinə ciddi ehtiyac duyulur. Yəni suvarmada ən yüksək səmərənin əldə olunması suvarmanın vaxtının düzgün seçilməsindən və torpağın aqrofiziki xüsusiyyətinin elmi surətdə nəzərə alınmasından asılıdır. Suvarmanın dəqiq vaxtı bitkinin inkişafı prosesində müəyyən olunur, onların vəziyyəti, suya tələbatı və su ilə təmin olunma şəraiti nəzərə alınır. Bəzi bitkilərin suya olan tələbatını onların ümumu görünüşü ilə də təyin edirlər. Belə ki, torpaqda nəmlik çatışmadıqda bitkinin rəngində qaralma, yarpaqlarında büzüşüb saralması müşahidə olunur. Hazırda bu məsələ dünyanın əksər ölkələrində öz həllini tapıb. Torpağın səthində qoyulmuş aparatlar torpaqdakı nəmliyə nəzarət edir, onun nizamlanmasına xidmət edərək avtomatik suvarma sistemini işə salmaqla müvafiq nəmliyi yaradırlar.

   Elmi əsaslarla torpağın suvarma şəraitində becərilməsi, yəni torpağın yumşaldılması, gübrələrin verilməsi, alaq otlarının və ziyanvericilərin məhv edilməsi, torpağın qaysağının dağıdılması və s. bitkilərin inkişafına və məhsuldarlığının artmasına müsbət təsir göstərir.

   Xüsusilə əkinqabağı sahələrdə cari hamarlama, torpağın suvarmaya hazırlanması, dondurma şumu və səpinqabağı becərmə, bitkinin vegetasiya dövründə torpağa qulluq etmək və s. kimi işlərin yerinə yetirilməsinin elmi əsaslarla aparılması olduqca vacibdir.

   Əlövsət Quliyev deyib ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün gübrələrin tətbiqi önəmli məsələlərdən biridir. Hazırda kənd təsərrüfatında tətbiq edilən gübrələrin əksəriyyəti ölkəmizə idxal olunsa da, respublikamızda gübrə istehsalına xüsusi fikir verilməkdədir. Sumqayıt şəhərində istifadəyə verilmiş mineral gübrə zavodu buna əyani sübutdur. Deməli, ölkəmizdə gübrə istehsalı nə qədər sürətlə həyata keçirilərsə, idxaldan asılılıq aradan qaldırılar, daha keyfiyyətli məhsul istehsalına nail olunar.

   Torpaqşünaslıq və Aqrokimya İnstitutu bu sahədə lazımi işlər görməkdədir. Xüsusilə ayrı-ayrı bitki altında üzvi gübrələrin təsirinin öyrənilməsi üçün təcrübələr aparılmaqdadır. Müəyyən edilib ki, respublikanın torpaq iqlim şəraiti, aparılan süni suvarmalar, günəş şüalarından alınan istilik hər il əkin sahəsinin hər hektarına ən azı 10-12 ton üzvi gübrə verilməklə aqrotexniki tədbirlərin aparılmasını şərtləndirir. Bununla torpaqların strukturunun bərpası baş verir, humus balansı sabitləşir, torpaq faydalı mikrocanlılarla zənginləşir, onların su-fiziki xassələri, quruluşu yaxşılaşır, torpaqda gilləşmənin, bir sözlə, torpaqların deqradasiyaya uğramasının qarşısı alınır.

   İnstitutda hazırlanmış üzvi gübrələrin bir xüsusiyyəti də odur ki, onun torpağa təsiri 4-5 il davam edir. Yəni birinci il minimum, 2-ci və 3-cü illər maksimum, 5-6-cı illər isə getdikcə aşağı düşür. Halbuki mineral gübrə hər il verilməkdədir.

   Aparılan tədqiqatlar onu göstərir ki, respublikamızda üzvi və mineral gübrə istehsalı üçün kifayət qədər xammal ehtiyatı var. Belə ki, hər il atılan 1 milyon 400 min ton məişət tullantılarından, 720 min ton kənd təsərrüfatı bitkilərindən sahədə qalan kövşən, gövdə, kök qalıqlarından, 180 min ton yaşıllaşdırma zonaları və meşə ağaclarından tökülən yarpaq, çiçək, budanmış qalıqlardan, meyvə və tərəvəzin sənaye emalından hasil olan tullantılardan, 500 min ton göl və çayların təmizlənməsindən hasil olan lil və sapropillərdən, 1 milyon 200 ton şəhər kanalizasiyasının quru qalığından, 44 min ton mineral və müalicə sularının çöküntülərindən, 50 min ton yod, bor, sulfat turşusu istehsalı zavodlarının tullantılarından, 217 min ton üzüm və çay bitkiləri sahələrində quru və yaş budanmalardan toplanan qalıqlardan, 50 min ton ağac emalı müəssisələrinin tullantılarından, həmçinin köməkçi və şəxsi təsərrüfatlarda saxlanılan mal-qaradan hasil olan 12 milyon ton peyindən mineral gübrə istehsal etmək olar. Göstərilənləri mineral gübrə istehsalı sənayesinin buraxdığı standart formada olan mineral gübrəyə çevirsək, onda 21 milyon ton üzvi gübrə ehtiyatı (peyin və tullantılarla birlikdə) 1 milyon 800 min ton standart şəkildə mineral gübrəyə bərabər olur. Onu da satış qiyməti ilə qiymətləndirsək, indiki qiymətlərlə 180 milyon manat dəyərindədir. Halbuki respublikamızın hər il gübrə istehsal edən zavodlardan aldığı azotlu, fosforlu və kaliumlu gübrələrin miqdarı çox cüzi miqdardadır.

   Əlövsət Quliyevin sözlərinə görə, qabaqcıl texnologiyalarla üzvi qalıqlardan və məişət tullantılarından üzvi və mineral gübrələrin istehsalı, əkinçilik istifadəsi istiqamətində aparılan tədqiqatlar uğurla nəticələnib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, yeni texnologiyalar əsasında istehsal edilən, yüksək effektivliyə malik gübrələrin geniş sənaye istehsalının təşkili mümkündür.

   Baş direktor bu istiqamətdə aparılan tədqiqatların real nəticələri barədə də məlumat verib. Bildirib ki, Hövsan Aerasiya Stansiyasında toplanan üzvi əsaslı tullantılardan biogübrənin hazırlanması texnologiyası işlənib, həmin ərazidə təcrübə-sınaq-istehsal prosesi həyata keçirilib. Nəticədə əldə edilən yeni biogübrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilərək köhnə Yod Brom Zavodu və nazirliyin tingçilik ərazisi yaşıllıqlarında istifadə edilib və müsbət nəticələr əldə olunub. Gübrə sınaqdan keçirilərək sertifikatlaşdırılıb.

   Bundan başqa, Kür çayı deltasında milyon tonlarla yığılmış lil fraksiyasından gübrə alınması təcrübəsi müsbət nəticə verib. İnstitutda Kür çayı lilindən götürülmüş nümunələr təhlil edilib, onun tərkibində üzvü maddənin 30-35 faiz, humusun isə 12-14 faiz olduğu müəyyənləşdirilib. İnstitutun laboratoriyalarında xüsusi texnologiyaların tətbiqi ilə Kür çayı deltasının lilindən gübrə əldə edilib. Qiymətcə çox ucuz başa gələn yeni gübrənin təsiri Neftçala rayonu ərazisində pambıq bitkisi altında fermer təsərrüfatında sınaqdan keçirilib, nəticədə pambığın məhsuldarlığı 50-55 faiz artıb.

   İnstitutun əməkdaşları tərəfindən ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində görülən işlərdən də danışan alim bildirib ki, hələ 2018-ci ilin may ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq, “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftının bərpası” və “Suraxanı rayonunda keçmiş Yod-Brom Zavodunun lay suları ilə çirklənmiş ərazinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihələri həyata keçirilib.Layihələrdə Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanının qərb hissəsində mövcud olan göl və bataqlıqların qurudulması, həmin ərazilərin bərpası və yaşıllıqların salınması nəzərdə tutulmuşdu. Həmin layihələrin icrası qısa müddətdə uğurla başa çatdırılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin aprel ayında həmin ərazidə həyata keçirilən yaşıllaşdırma tədbirində iştirak edərək ağac əkiblər.

   İnstitutun “Azərkosmos” ASC ilə birlikdə Neftçala və Salyan rayonlarında həyata keçirdiyi “Torpaqların şorlaşmasının innovativ üsullarla tədqiqi” layihəsi barədə də danışan baş direktor bildirib ki, layihənin icrası nəticəsində ölkə ərazisində irriqasiya sistemlərinin istismar vəziyyətini və torpaqların təkrar şorlaşma sahələrini müəyyən etmək olub. Kosmik materiallar ölkə ərazisində şorlaşmaya məruz qalmış torpaqlarda baş verən prosesləri operativ və dəqiq surətdə elmi analiz etməklə qısa müddətdə tədbir görülməsinə zəmin yaradır. Tədqiqat işlərinin nəticələri Kür-Araz ovalığında baş verən neqativ proseslərin qarşısının alınmasına xidmət edəcək.

   İnstitutumuzda bu istiqamətlərdə aparılan tədqiqatlar davam etdirilir. Hazırda işğaldan azad olunmuş ərazilərdə monitorinqlərin keçirilməsı nəzərdə tutulur, torpaq və su tədqiqatı işləri aparılması əsas hədəfimizdir.

   Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə 2020-ci il 27 iyul tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına dəyişiklik edilərək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı kimi məsələlərin də həll edilməsi tapşırığı verilib.

   Hazırlanan Dövlət Proqramının 10.2.3.8-ci bəndində kəhrizlərin tədqiqi, bərpası və səmərəli istifadəsinin elmi əsaslarının işlənib hazırlanması Azərbaycan Mili Elmlər Akademiyasına tapşırılıb. Arid zonada əhalinin su ilə təminatının ənənəvi lokal imkanları hesabına ödənməsi su ehtiyatlarından səmərəli istifadə sahəsində xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə kəhrizlərin tədqiqi, su təchizatında onlardan istifadə imkanlarının araşdırılması işlərinin Torpaqşünaslıq və Aqrokimya İnstitutuna həvalə edilməsi bizim üçün olduqca fərəhli hadisədir. İşğaldan azad olunmuş Ağdam rayonunda 98 kəhrizdən il ərzində 64,333 milyon kubmetr, Fizuli rayonundakı 71 kəhrizdən 19,016 milyon kubmetr, Cəbrayıl rayonundakı 111 kəhrizdən 34,658 milyon kubmetr, Qarabağın dağlıq hissəsindəki 52 kəhrizdən 4,225 milyon kubmetr su əldə etmək imkanımız var. Beləliklə, Qarabağ kəhrizlərini bərpa etməklə il ərzində 122 milyon kubmetr su əldə etməyi elmi cəhətdən mümkün hesab edirik.

 

İSTİNAD: azertag.az