• Cümə, Aprel 26, 2024
  • Bakı, 16.0°C

Akademik Məhərrəm Babayevə 85 illik yubileyi münasibəti ilə fəxri fərman təqdim edilib

  • 2022-01-13

  Bu gün görkəmli torpaqşünas alim, “Şərəf nişanı” ordenli, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının müdiri akademik Məhərrəm Babayevin 85 yaşı tamam olur. AMEA Rəyasət Heyətinin iclasında Akademik Məhərrəm Babayevə yubileyi münasibəti ilə AMEA-nın prezidenti Ramiz Mehdiyev tərəfindən AMEA-nın Fəxri fərmanı təqdim olunub.

   Akademik Məhərrəm Babayevi həmçinin fəaliyyət göstərdiyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun rəhbərliyi, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev təbrik edib və akademikə möhkəm cansağlığı, elmi fəaliyyətində uğurlar arzulayıb.

  Akademik Məhərrəm Babayevin elmi fəaliyyəti Azərbaycan torpaqlarının genezisi, təkamülü, milli və beynəlxalq təsnifatı, nomenklaturası, taksonlar sistemi, coğrafi yayılması, xəritələşdirilməsi, torpaq deqradasiyası, onların bərpası və kənd təsərrüfatında səmərəli istifadəsi, torpaq-coğrafi informasiya bazasının yaradılması məsələlərini əhatə edir. O, Azərbaycan və rus dillərində çap olunmuş torpaq xəritəsinin, Respublika Dövlət Torpaq Xəritəsinin müəlliflərindən biridir.

  Akademik Məhərrəm Babayev 300-dən çox elmi əsərin, o cümlədən 9 monoqrafiya, 15 kitab, 14 tövsiyə, 11 patent və 5 xəritənin müəllifidir. Onun elmi  rəhbərliyi və məsləhətçiliyi ilə 18 fəlsəfə və 4 elmlər doktoru hazırlanıb.

İSTİNAD:www.science.gov.az