• Bazar ertəsi, Oktyabr 13, 2025
  • Bakı, 18.0°C

Azərbaycanın kəhriz irsi qorunur: ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Mədəniyyət Nazirliyi əməkdaşlığı genişləndirir

  • 2025-10-08

   Bu gün Azərbaycan Respublikası Elmlər Akademiyası (AR ETN) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva arasında görüş keçirilib.

     Görüşdə ölkəmizdəki kəhriz abidələrinin tarixi, elmi və mədəni əhəmiyyəti müzakirə olunub. Mədəniyyət Nazirliyinin müraciətin cavab olaraq , professor Əlövsət Quliyev görüşdə qeyd edib ki Füzuli rayonunda İnstitutun aparıcı alimləri kəhriz irs abidələri ilə tanış olmuş, mütəxəssis baxışı keçirilmiş, su nümunələri götürülmüş və abidələrin dağılma səbəbləri araşdırılmışdır. Füzuli qədim insan məskunlaşması və böyük sivilizasiya mərkəzi kimi önəmli ərazi sayılır, burada yerləşən tarixi-memarlıq abidələri gələcək tədqiqatlar üçün əsaslı istinad mənbəyi olacaq. Bölgədəki bulaqların debiti və yeraltı su ehtiyatları qədim kəhriz mədəniyyətinin zənginliyini göstərir. Lakin erməni işğalı, uzunmüddətli baxımsızlıq, partlayışlar və ağır texnika təsiri nəticəsində bir çox kəhriz tunelləri zədələnmiş və abidələr dağıdılmışdır.

   AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev qeyd edib ki, onun 1970-ci illərdən başlayan sistemli tədqiqatları sayəsində Naxçıvan Muxtar Respublikasında kəhriz abidələri ətraflı öyrənilmiş, onların memarlıq və hidrotexniki xüsusiyyətləri sənədləşdirilmişdir. Professorun uzun illər davam edən monitorinqləri sayəsində yalnız Naxçıvanda deyil, həm də işğaldan azad olunmuş Qarabağ ərazilərində kəhrizlərin mövcud vəziyyəti müəyyənləşdirilmiş, onların qorunması və gələcək bərpası üçün ilkin elmi əsaslar hazırlanmışdır.

   Qeyd edək ki, son günlərdə Nazirliyin nümayəndəsi Seyran Quliyev İnstitutda olub, müzakirələr aparılıb və professor Ə. Quliyev tərəfindən müəllifi olduğu “Azərbaycan kəhrizləri” və “Naxçıvan kəhrizləri” kitabları Nazirliyə təqdim edilib. Gələcəkdə bu sahədə çalışan mütəxəssislərlə müştərək fəaliyyət göstərmək üçün hər zaman hazır olduqları bildirilib.

Elanlar