• Bazar ertəsi, Oktyabr 13, 2025
  • Bakı, 18.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edib

  • 2025-10-01

   Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən sərgi bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub.

    Regionun ən böyük kitab bayramı hesab edilən sərgidə Azərbaycanın xalq yazıçıları, tanınmış şairləri, gənc yazarlarla yanaşı, dünyaşöhrətli xarici müəlliflər də iştirak ediblər. Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrdən gəlmiş görkəmli yazıçı və elm adamları öz əsərlərini təqdim edərək oxucularla ünsiyyət qurublar.

   Tədbir çərçivəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafa yeni işıq üzü görmüş “Anladım. Tanıdım. Yaşadım” adlı kitabını təqdim edib və “Kitab və Siyasət” mövzusunda çıxış edərək oxucuların marağını cəlb edib.

   Professor Əlövsət Quliyev sərgi barədə qeyd edib ki, belə tədbirlərin Azərbaycan üçün mühüm elmi-mədəni hadisə olduğunu vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq kitab sərgiləri yalnız yeni nəşrlərin təqdimatı baxımından deyil, həm də müxtəlif ölkələrdən gəlmiş elm adamları, yazıçılar və oxucular arasında intellektual mübadilə üçün böyük imkanlar açır.

  Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafa professor Əlövsət Quliyevə özünün “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” və yeni işıq üzü görən “Anladım. Tanıdım. Yaşadım” adlı kitablarını hədiyyə edib.

Elanlar