• Bazar ertəsi, Oktyabr 13, 2025
  • Bakı, 18.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu Naxçıvan Muxtar Respublikasında keçirilən “Aqronomların Naxçıvan Forumu”nda fəal iştirak edib

  • 2025-09-30

       Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Biznes Mərkəzində “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” keçirilib. Forumda dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, alimlər, fermerlər və aqrar sahənin digər mütəxəssisləri iştirak edərək aqronomiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

      Tədbirdə Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu da fəal iştirak edib. İnstitutun icraçı direktoru, b.ü.f.d., dosent Gülçöhrə Hüseynova forum çərçivəsində fermerlərlə və aqrar sahəyə maraq göstərən digər şəxslərlə birbaşa ünsiyyət quraraq onları maraqlandıran sualları cavablandırıb.

       Forum çərçivəsində "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi də təşkil olunub. Paneldə kənd təsərrüfatında dövlət dəstəyi mexanizmləri, subsidiyalara əlçatanlıq, fermerlərin sertifikatlı toxumlarla təmin olunması, aqronomların müasir bilik və bacarıqlara yiyələnməsi, intensiv suvarma sistemlərinin tətbiqi kimi mühüm məsələlər müzakirə olunub.

       Bundan əlavə, Torpaqşünaslıq və Aqrokimya İnstitutu 30 sentyabr tarixində Şərur Rayon İcra Hakimiyyəti binasının yaxınlığında yerləşən parkda keçirilən "Aqrar Biznes Festivalı" və "Toxum Sərgi-Satış Yarmarkasında" da iştirak edib. Yarmarkada torpaq münbitliyi, gübrələmə, bitki bəslənməsi və digər aktual mövzularla bağlı peşəkar tövsiyələr təqdim olunub.

        Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu əməkdaşları hər zaman fermerlərə müxtəlif sahələrdə elmi-metodik və praktiki dəstək göstəriblər. İnstitutun bu ənənəsi bu gün də uğurla davam etdirilir.

Elanlar