Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə — Qarabağ bölgəsinə elmi-praktiki, ictimai-mədəni səfər təşkil edilib.
İnstitutun laboratoriya və şöbə müdirlərinin iştirak etdiyi elmi-praktiki səfərin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə aparılan tədqiqatların yerində izlənilməsi, həmin ərazilərin torpaq və su ehtiyatlarının öyrənilməsi, aqrar potensialının qiymətləndirilməsi, həmçinin institutun Qarabağ Universiteti ilə aparılan işlərlə tanışlıq və bu istiqamətdə yeni əməkdaşlıq imkanlarının formalaşdırılması olub.
Səfər çərçivəsində iştirakçılar Ağdam, Əsgəran, Xocalı, Xankəndi, Şuşa və Laçın istiqamətlərində hərəkət edərək bölgənin təbii-landşaft şəraiti ilə yaxından tanış olublar. Onlar Cıdır düzü, Şuşa qalasını, İsa bulağını və bir çox görməli yerləri ziyarət ediblər.
Səfər zamanı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində də olub. Görüşdə İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev və Qarabağ Mükəmməllik Mərkəzinin direktoru Abdulxaliq Məmmədli arasında torpaq və su tədqiqatlarının birgə təşkili, iki elmi müəssisə arasında gələcək əməkdaşlıq imkanları, regionun torpaq və su ehtiyatlarının öyrənilməsi istiqamətində gələcək layihələr müzakirə olunub.
AMEA-nın 80 illik yubileyi münasibətilə elmin təbliği və maarifləndirilməsi məqsədilə İnstitut tərəfindən Qarabağ Universitetinin kitabxanasına bir sıra elmi nəşrlər və metodik ədəbiyyatlar hədiyyə edilib. İnstitutun görkəmli alimləri — M.Ə. Salayev, R. Məmmədov, M. Abduyev, Q.Ş. Məmmədov, Ə. Quliyev, A. İsmayılov, M. Mustafayev, V. Həsənov, M. Məmmədov və digərlərinin elmi əsərləri universitet fonduna təqdim olunub.
Qarabağ Mükəmməllik Mərkəzinin direktoru Abdulxaliq Məmmədli təşəkkürünü bildirərək vurğulayıb ki, torpaq, su ehtiyatları və ekologiyaya dair təqdim olunan kitablar, monoqrafiyalar və dərs vəsaitləri universitetin kitabxana fondunu zənginləşdirəcək və Qarabağ torpaqlarının elmi öyrənilməsində mühüm mənbə rolunu oynayacaq.
Səfərin davamında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri Ağdam rayonunun ərazisində torpaq kəsimləri qoyaraq müxtəlif dərinliklərdən torpaq nümunələri götürüblər. Bu nümunələr üzərində aparılacaq laborator analizlər əsasında ərazinin aqroekoloji vəziyyəti, torpaqların münbitlik göstəriciləri və gələcəkdə kənd təsərrüfatı məqsədləri üçün yararlılıq səviyyəsi müəyyən ediləcək. Elmi-praktiki səfərin iştirakçıları qeyd ediblər ki, işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan bu cür tədqiqatlar regionun bərpası, ekoloji tarazlığın bərpası və aqrar sektorun davamlı inkişafı üçün mühüm elmi baza formalaşdırır. Torpaqşünaslıq və Aqrokimya Institutunun alimlərinin səfəri uğurla yekunlaşıb.