Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində “Açıq qapı” muzey günü təşkil olunub. Açıq qapı günlərinin əsas məqsədi gəncləri torpaqşünaslıq və aqrokimya elminin inkişaf istiqamətləri, elmi-tədqiqat prosesinin mərhələləri ilə yaxından tanış etməkdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq” fakültəsinin III və IV kurs tələbələri institutun Torpaq muzeyinə ekskursiya ediblər. Onlar burada müxtəlif torpaq nümunələri, xəritələr və Kəhriz maketləri ilə tanış olublar. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev gənclərlə görüşərək elmi müəssisənin tarixi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Professor Əlövsət Quliyev, həmçinin Torpaq muzeyində sərgilənən torpaq monolitləri, Kəhriz maketləri və torpaq xəritələri barədə gənclərə maraqlı faktlar çatdırıb.
Daha sonra İnstitutun icraçı direktoru, b.f. d Gülçöhrə Hüseynova qeyd edib ki, Torpaq muzeyinin yaradılmasında əsas məqsəd torpaq və ana süxur nümunələrinin, torpaq monolitlərinin, xəritələrin toplanması, qorunması və nümayiş etdirilməsidir. O, tələbələrə muzeydə yer alan nadir mineral və süxur nümunələrini təqdim edib, onların elmi və praktiki əhəmiyyəti barədə geniş məlumat verib.
Gülçöhrə Hüseynova vurğulayıb ki, Azərbaycanın torpaq örtüyü təkcə məhsuldarlığı ilə deyil, həm də öz mineral zənginliyi ilə seçilir. “Açıq qapı” günü iştirakçılarda böyük maraq doğurub və onların elmə olan həvəsini daha da artırıb.