• Cümə axşamı, Noyabr 13, 2025
  • Bakı, 13.0°C

Azərbaycan alimləri Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetində beynəlxalq ekoloji konfransda iştirak edib

  • 2025-11-13

   6–8 noyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetində (QazMU) “Mərkəzi Asiyanın bioloji müxtəlifliyinin qorunması: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Mərkəzi Asiya regionunda ekosistemlərin dayanıqlılığı, bioloji müxtəlifliyin qorunması və iqlim dəyişikliyinə qarşı adaptasiya məsələlərinin müzakirəsinə həsr olunub.

    Qeyd edək ki, Əl-Fərabi adına Qazax Milli Universiteti Qazaxıstan Respublikasının ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Bu universitet QS World University Rankings və digər beynəlxalq reytinqlərdə Mərkəzi Asiyanın aparıcı universitetlərindən biri kimi tanınır.

   Konfransda AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev və Torpaqların Meliorasiyası laboratoriyasının müdiri, aqrar elmlər doktoru Mustafa Mustafayev  iştirak ediblər.

     Professor Əlövsət Quliyev konfransda“Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın torpaqlarının ekomeliorativ vəziyyəti və onun tənzimlənməsi yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı Orta Asiyada su çatışmazlığı problemi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri və qədim suvarma sistemlərinin müasir dövrdə bərpası yolları barədə elmi müzakirələr aparılıb.

    Eyni zamanda  alim “Hidravlik irs: Qarabağın azad edilmiş ərazilərində kəhrizlər və landşaft dinamikası” mövzusunda çıxış etmiş, azad olunmuş Qarabağ ərazilərində kəhrizlərin texniki vəziyyəti, bərpa potensialı, aparılmış hidrogeoloji tədqiqatların nəticələri, habelə kəhrizlərin su və torpaq resurslarının davamlı idarə olunmasında mühüm rolu barədə məlumat verilmişdir. Həmçinin, Orta Asiyada qanat sistemlərinin oxşar problemləri və onların bərpası təcrübələri ilə müqayisəli elmi yanaşma təqdim edilmişdir.

     Konfransın “Biomüxtəlifliyin və ekosistem xidmətlərinin qorunmasında ekoloji təhsil və maarifləndirmə” bölməsində Azərbaycan nümayəndə heyəti də fəal iştirak edib.  A.e.d Mustafa Mustafayevin moderatorluq etdiyi bölmədə professor Əlövsət Quliyev, A.S. Aktymbayeva, Z.A. Tukənova, T.A. Bazarbayeva və F.M. Mustafayevin iştirakı ilə “Kür–Araz ovalığının suvarılan torpaqlarının hazırkı meliorativ vəziyyəti və onun yaxşılaşdırılması yolları” mövzusu ətrafında elmi müzakirələr aparılıb.

     Tədbirdə Qazaxıstan Milli Universitetinin İdarə Heyətinin sədri, rektor Janseit Tuymebayev, Almaniya Federativ Respublikasının Almatı şəhərindəki baş konsulu Matias Lexerer, Tacikistan Elmlər Akademiyasının vitse-prezidenti Tillohuca İbodzoda, NETSCI GmbH şirkətinin icraçı direktoru Mattias Kramer, eləcə də 15 ölkədən 100-dən artıq tanınmış alim və gənc tədqiqatçı iştirak etmişdir. Sessiyalar zamanı bioloji müxtəlifliyin qorunması, ekosistemlərin davamlı idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma məsələləri müzakirə olunub. Konfrans Mərkəzi Asiyada ekoloji təhlükəsizlik və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm elmi platforma kimi dəyərləndirilib.

     Konfrans çərçivəsində universitetdə yeni “Mərkəzi Asiya–Alman Ekosistem və Bioloji Müxtəlifliyin Qorunması İnstitutu”nun açılış mərasimi də baş tutub. İnstitutun yaradılmasında məqsəd bölgədə ekoloji elmlərin inkişafı, ekosistemlərin dayanıqlılığının təmin edilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində elmi əsaslı təşəbbüslərin dəstəklənməsidir.

    Həmçinin  Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, professor Jansəyit Tüyməbayev və AR Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev arasında görüş keçirilib. Görüşdə iki elm müəssisəsi arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, birgə elmi layihələrin genişləndirilməsi və mütəxəssis hazırlığı istiqamətində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

   Professor Əlövsət Quliyev görüş zamanı bildirib ki, institutun əməkdaşı, a.e.d Mustafa Mustafayev “Qərbi Qazaxıstan regionunun yaşıl inkişaf kontekstində təbii-təsərrüfat və sosial-iqtisadi sistemlərinin dayanıqlı inkişafı: kompleks təhlil, konsepsiya, proqnoz qiymətləndirmə və ssenarilər” mövzusunda beynəlxalq qrant layihəsində iştirak edir.

    Əl-Fərabi adına Qazax Milli Universiteti ilə AR Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında artıq bir neçə ildir ki, uğurlu elmi əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində elmi tədqiqatların aparılması, ixtisasartırma proqramlarının təşkili və təcrübə mübadiləsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Son 3 il ərzində universitetin 5 əməkdaşı institutda ixtisasartırma proqramlarında iştirak edərək torpaq elmi, aqrokimya və ekoloji təhlil sahələrində bilik və bacarıqlarını daha da təkmilləşdiriblər.Hazırda tərəflər bu əməkdaşlığı daha da genişləndirməyi, yeni ixtisasartırma və təcrübə proqramlarının davam etdirilməsini planlaşdırırlar. Qarşıdakı illərdə bu əməkdaşlıq çərçivəsində doktorantlar və gənc tədqiqatçılar üçün təcrübə imkanlarının artırılması, həmçinin beynəlxalq layihələrdə birgə iştirakın gücləndirilməsi nəzərdə tutulur.

     Görüş səmərəli fikir mübadiləsi şəraitində keçib və müsbət nəticə ilə yekunlaşıb. Rektor Jansəyit Tüyməbayev gələcəkdə elmi əməkdaşlığın daha da genişləndirilməsi üçün müvafiq tapşırıqlar verib və yeni birgə elmi layihələrin reallaşdırılması, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub və rektora “Azərbaycan kəhrizləri” və “Çuxurdərə Gölləri və Keçmiş Yod Brom Zavodu” kitablarının ingilis dili versiyası, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “80 illik yubileyi” münasibətilə nəşr olunmuş kitab hədiyyə edilmişdir. Tərəflər yeni birgə elmi layihələrin reallaşdırılması və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

      Daha sonra  Əl-Fərabi adına Qazax Milli Universitetinin dəvəti ilə professor Əlövsət Quliyev tələbələr üçün “ustad dərsi” keçib. Alim gənc tədqiqatçılara torpaqşünaslığın müasir istiqamətləri, ekosistemlərin bərpası  barədə məlumat verib. Dərs zamanı professor Əlövsət  Quliyev qeyd edib ki, SSRİ dövründən qalan səmərəsiz su idarəçiliyi və mərkəzləşdirilmiş planlaşdırma sistemi regionun kənd təsərrüfatında ciddi ekoloji fəsadlara səbəb olub. Onun sözlərinə görə, bəzi bölgələrdə bu yanaşmalar hələ də davam etməkdədir.Alim vurğulayıb ki, regionda müasir qanunvericilik bazası əsasında ekoloji yanaşmaların tətbiqi və geniş ekoloji monitorinq sisteminin yaradılması davamlı inkişafın əsas şərtlərindən biridir.

     Konfrans çərçivəsində   alimlər  Əl-Fərabi  Elmi kitabxanası, Almatı Botanika Bağı və Almatı Dövlət Təbiət Qoruğu ilə tanış olublar. Təxminən 1 milyon hektar ərazidə  yaradılan qoruqda qonaqlar Zaili Alatau silsiləsinin nadir bitki və heyvan növlərini əks etdirən eksponatlar tanış olublar. Sonda alimlər Talgar şəhərində ağacəkmə aksiyasında iştirak edərək ekoloji həmrəyliyə dəstək nümayiş etdiriblər.Aksiya çərçivəsində ekoloji maarifləndirmə, gənclərin təbiətin mühafizəsi prosesinə cəlb olunması və ekoloji tərəfdaşlığın əhəmiyyəti vurğulanmışdır. Eyni gün keçirilən dəyirmi masa toplantısında Orta Asiya ölkələrinin ekspertləri ilə biomüxtəlifliyin qorunması, ekoloji tərəfdaşlığın genişləndirilməsi və regional əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilmişdir.

Elanlar