Noyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya, Texnologiya, Ekologiya” Respublika Elmi Konfrans keçirilib. Konfransda ölkənin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən alimlər və gənc tədqiqatçılar iştirak ediblər.
Konfransın açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək akademik Yusif Məmmədəliyevin milli elmi kadrların yetişdirilməsində və kimya elminin inkişafında müstəsna xidmətlərini qeyd edib.
Tədbirin məruzəçilərindən–AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin inkişafında əvəzsiz rolundan danışıb. Professor xüsusilə alimin neft-kimya proseslərinin elmi əsaslarının yaradılması, kataliz və üzvi sintez sahəsində apardığı fundamental tədqiqatların müasir kimya elminə böyük təsir göstərdiyini vurğulayıb. O, Y.Məmmədəliyevin yaratdığı elmi məktəbin bu gün də institut və universitetlərdə aparılan tədqiqatların baza istiqamətini təşkil etdiyini diqqətə çatdırıb.