• Cümə axşamı, Noyabr 6, 2025
  • Bakı, 13.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda WUF13 – Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsinin əhəmiyyəti ilə bağlı dəyirmi masa keçirilib

  • 2025-11-06

     Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda WUF13 – Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsinin əhəmiyyətinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

      Tədbiri giriş sözü ilə açan İnstitutun icraçı direktoru, b.ü.f.d., dosent Gülçöhrə Hüseynova iştirakçılara Azərbaycanın paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi barədə məlumat verib. O bildirib ki, Forumun ölkəmizdə təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Təşkilat Komitəsi yaradılıb və müvafiq Tədbirlər Planı təsdiqlənib.

        Gülçöhrə Hüseynova vurğulayıb ki, bu mühüm beynəlxalq tədbirin 2026-cı ildə Bakıda keçirilməsi, Azərbaycanın şəhərsalma sahəsində apardığı dərin islahatların, həyata keçirilən genişmiqyaslı layihələrin və əldə edilən mühüm nailiyyətlərin bariz göstəricisidir. O, həmçinin qeyd edib ki, bu Forum Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, urbanizasiya və ekoloji dayanıqlılıq istiqamətində yeni əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcək.

      Çıxışında “ağıllı şəhər” konsepsiyasının müasir dövrdəki roluna da toxunan Gülçöhrə Hüseynova bildirib ki, bu model şəhər mühitində dayanıqlı inkişafın təmin edilməsi, ekoloji tarazlığın qorunması və vətəndaşların rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, “ağıllı şəhər” yanaşması təkcə texnoloji yeniliklərin tətbiqini deyil, eyni zamanda idarəetmənin səmərəliliyinin artırılmasını, resurslardan düzgün istifadəni və ətraf mühitə təsirlərin minimuma endirilməsini nəzərdə tutur.

    Daha sonra çıxış edən b.e.ü.f.d., dosent Zaman Məmmədov tədbirin məhz Bakıda keçirilməsinin strateji əhəmiyyətini qeyd edib. O bildirib ki, şəhərsalma ekoloji sistemin ayrılmaz tərkib hissəsidir və düzgün planlaşdırılmış urbanizasiya prosesi həm təbiətin mühafizəsinə, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Zaman Məmmədov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində şəhərsalma prinsiplərinə əsaslanmaq, ekoloji tarazlığı qorumaq və müasir texnologiyaları tətbiq etmək həmin regionların sosial-iqtisadi inkişafına mühüm təkan verəcəkdir.

       Dəyirmi masada a.e.ü.f.d Nadir Nadirov, a.e.ü.f.d Zakir Əliyev və digər alimlərin iştirakı ilə mövzu  ilə bağlı geniş müzakirə aparılıb və qeyd olunub ki, bu kimi tədbirlər ölkəmizdə şəhərsalma, ekoloji planlaşdırma və ağıllı infrastrukturun inkişafı sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün bilik və təcrübə mübadiləsi aparmaq, yeni ideya və yanaşmaların formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Elanlar