• Cümə axşamı, Noyabr 6, 2025
  • Bakı, 13.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş anım tədbiri keçirilib

  • 2025-11-06

    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə anım tədbiri təşkil edilib. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

  İnstitutun icraçı direktoru, b.ü.f.d., dosent Gülçöhrə Hüseynova tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin xalqımız üçün əhəmiyyətindən bəhs edib. O, bu möhtəşəm Zəfərin əsgərlərimizin fədakarlığı, qəhrəmanlığı və yüksək vətənpərvərlik ruhu sayəsində mümkün olduğunu, bununla da ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib.

   Gülçöhrə Hüseynova həmçinin vurğulayıb ki, Zəfər Günü təkcə qələbə rəmzi deyil, həm də hər bir vətəndaş üçün torpağa, təbiətə və gələcəyə sevgi günüdür. O bildirib ki, öz şəxsində  hər il bu münasibətlə həyata keçirilən ağacəkmə aksiyalarına fəal şəkildə qoşulur. O cümlədən, bu il 100-dən çox müxtəlif ağac növünün əkilməsini planlaşdırıb, bu da zəfərin yaşıl simvolu kimi gələcək nəsillərə ötürüləcək.

   Tədbirdə çıxış edən İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, a.e.d. Məmməd Məmmədov 27 sentyabrda başlayıb 44 gün davam edən Vətən müharibəsini tariximizin ən parlaq səhifələrindən biri kimi dəyərləndirib. O, Azərbaycanın 30 il işğalda olan torpaqlarını azad etməklə tarixdə misilsiz qəhrəmanlıq dastanı yazdığını bildirib.

   İnstitutun Mülki Müdafiə Qərargahının rəisi, Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Ruslan Məhəmmədov çıxışında döyüş xatirələrini bölüşüb. O, müharibə zamanı qarşılaşdıqları çətin, eyni zamanda qürurverici anlardan danışaraq, hər bir əsgərin Vətən uğrunda mübarizəsinin yüksək mənəvi dəyər daşıdığını vurğulayıb.

   Tədbirdə çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını, onların qəhrəmanlıqlarının gələcək nəsillər üçün örnək olacağını qeyd edib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu Zəfərin Azərbaycan xalqının birlik, qətiyyət və mübarizə iradəsinin təntənəsi olduğunu vurğulayıb.

   Tədbirdə həmçinin a.e.d., professor Vilayət Həsənov, a.e.ü.f.d. Əminə Axundova, a.e.ü.f.d. Pirverdi Hüseynov, a.e.ü.f.d. Fərhad Sadıqov, a.e.ü.f.d.Mirvari Məmmədova və digər əməkdaşlar çıxış edərək, Zəfər Gününün milli qürur simvolu olduğunu, bu qələbənin Azərbaycanın dövlətçilik tarixində əbədi yer tutduğunu bildiriblər.

   Tədbirdə həmçinin I Qarabağ müharibəsi iştirakçısı, a.e.ü.f.d. Qiniyaz Əfgərov və Vətən müharibəsi iştirakçısının bacısı, a.e.ü.f.d. Rəna Heydərova çıxış ediblər.Onlar öz çıxışlarında xalqımızın yaşadığı ağır, lakin qürurlu mübarizə illərini xatırladaraq, o dövrdə Azərbaycan əsgərinin göstərdiyi igidlik, mərdlik və vətən sevgisindən danışıb. Qeyd edilib  ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə həm də birinci Qarabağ müharibəsində canlarını fəda etmiş şəhidlərin ruhunun rahatlıq tapması deməkdir. Onların mübarizəsi bu günkü Zəfərin təməlində dayanır.

   Sonda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Elanlar