• Cümə axşamı, Noyabr 6, 2025
  • Bakı, 13.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Açıq qapı” günü keçirilib

  • 2025-11-05

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində növbəti “Açıq qapı” günü təşkil olunub.

    Azərbaycan Texniki Universitetinin “Maşınqayırma və Metallurgiya” fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisasında təhsil alan 4123a1, 2 412a1, 2qrup tələbələri, eləcə də “Kimya texnologiya, təkrar emal və ekologiya” kafedrasının müəllimləri – dosentlər Nəcibə Şirinova, Şüküfə Eyvazova, Gülnaz Mirzəyeva, müəllimlər Aynurə Yarıyeva, Türkan Əmirova və Sevda Mehdiyeva İnstitutun “Torpaq muzeyi” ilə tanış olublar. İnstitutun icraçı direktoru, b.ü.f.d., dos. Gülçöhrə Hüseynova, laboratoriya müdiri, a.e.d. Mustafa Mustafayev muzeyin yaradılması tarixi, institutun müxtəlif illərdə fəaliyyət göstərmiş rəhbərləri barədə ətraflı məlumat veriblər. Mustafa Mustafayev, həmçinin muzeydə nümayiş olunan torpaq nümunələri, onların götürülmə üsulları, su quyuları və kəhrizlərin qazılması prinsipləri haqqında maraqlı elmi məlumatlatlar təqdim edib.

   Daha sonra İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev qonaqları qəbul edib. Dairəvi masa arxasında keçirilən səmimi görüş zamanı professor Əlövsət Quliyev İnstitutun fəaliyyəti və elmi nailiyyətləri barədə məlumat verib, həmçinin Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi təklifini irəli sürüb. O bildirib ki, müasir tədqiqat laboratoriyalarına malik institutda magistr və tələbələrin elmi-tədqiqat təcrübəsi keçməsi hər iki tərəf üçün çox faydalı olardı.

   Sonda İnstitut tərəfindən hazırlanmış “Torpaq atlası” Azərbaycan Texniki Universitetinə hədiyyə edilib.

   Qeyd edək ki, “Açıq qapı” günlərinin əsas məqsədi gəncləri torpaqşünaslıq və aqrokimya elminin inkişaf istiqamətləri, elmi-tədqiqat prosesinin mərhələləri və bu sahənin perspektivləri ilə yaxından tanış etməkdir.

Elanlar