Azərbaycan Elm Fondu tərəfindən elan edilmiş “Qarabağ Azərbaycandır – 2!” müsabiqəsi əsasında “İşğaldan azad olunmuş ərazilərdəki kəhrizlərin monitorinqi və bərpasının elmi əsaslarının işlənməsi” mövzusunda həyata keçirilən qrant layihəsi çərçivəsində AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Özbəkistan Respublikasına elmi səfərdə olub.
Səfər çərçivəsində professor Əlövsət Quliyev Özbəkistan Respublikasının Su Təsərrüfatı Nazirliyinin tərkibində fəaliyyət göstərən “Daşkənd İrriqasiya Mühəndisliyi və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu”nun rektoru, professor Bahodır Mirzaev və “İrriqasiya və Su Problemləri” Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Əbdülvahid Urazgəldiyev ilə görüşüb.
Görüşlərdə su ehtiyatlarının idarə olunması, kəhriz sistemlərinin bərpası və alternativ su mənbələrinin tədqiqi istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanlı alim Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. O, qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə meliorasiya və suvarma sistemlərinin bərpası istiqamətində icra olunan layihələr ölkəmizin bu sahədə əldə etdiyi mühüm nailiyyətləri nümayiş etdirir.
Elmi səfər zamanı bir sıra bölgələrdə yerləşən kəhrizlərə baxışlar təşkil edib. Həmçinin Özbəkistan və Azərbaycan arasında suvarma sistemlərinin səmərəliliyi müqayisə edilib.Təhlillər nəticəsində məlum olub ki, hər iki ölkə üçün su ehtiyatlarının azalması, torpaq deqradasiyası və iqlim dəyişmələrinin təsiri altında torpaqların duzlaşması kimi problemlər aktual olaraq qalır.
Görüşlər zamanı tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb, bir sıra elmi müzakirələr keçirilib. Aparılan müzakirələr nəticəsində müəyyən edilib ki, kəhrizlərin öyrənilməsi istiqamətdə Özbəkistanda sistemli tədqiqatlar az aparılıb. Bu səbəbdən ölkədə ilk dəfə “Kəhriz Tədqiqat–Axtarış Qrupu”nun yaradılmasına qərar verilib.
Səfərin yekununda Azərbaycan və Özbəkistan alimləri arasında kəhriz tədqiqatları sahəsində yeni əməkdaşlıq istiqamətləri formalaşdırılıb. Yaxın perspektivdə Özbəkistanın bir neçə rayonunda mövcud kəhrizlərin birgə elmi tədqiqinin aparılması, əldə olunacaq nəticələrin isə su ehtiyatlarının idarə olunması və alternativ su mənbələrinin qiymətləndirilməsi üzrə regional layihələrdə tətbiqi nəzərdə tutulur.