• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Su, torpaq ehtiyatlarından səmərəli istifadə və ekoloji problemlər

  • 2022-07-03

Su əsas təbii sərvətdir, onsuz yer üzərində canlı həyat mümkün olmazdı. Şirin su ehtiyatlarının məhdudluğu və ona olan ehtiyacın durmadan artması, təkcə dünyanın müəyyən regionları üçün deyil, həm də qlobal miqyasda bəşəriyyət üçün təhlükədir. Müasir şəraitdə dünya əhalisinin dörddə biri su qıtlığı şəraitində yaşayır, planetdə 1 milyarddan çox insanın təmiz suya çıxışı yoxdur və proqnozlara görə, 2025-ci ilə qədər eyni sayda insan "mütləq su aclığı" şəraitində yaşayacaqdır. Ümumdünya Su Şurasının (ÜSŞ) məlumatına görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən üçdə iki hissəsi şirin su ehtiyatları çatışmazlığı problemi ilə üzləşəcək.

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) / UNESCO tərəfindən verilən məlumata görə, Yer kürəsi su ehtiyatlarının 97,5 faizi duzlu, 2,5 faizi şirindir. Şirin suların 2,24 faizi əlçatmazdır və ya onlara çıxış çətindir (qütb buzları, buzlaqlar, dərin yeraltı sular). Ümumilikdə, dünya üzrə suların həcminin 0,26 faizi əlçatan şirin sular olmaqla, mümkün münaqişələrin potensial mənbəyidir.

Şirin su qıtlığı problemi artıq dünya siyasətinin faktoruna çevrilmişdir. Hazırda mövcud olan məlumatlara görə, dünyada 260-dan çox beynəlxalq (transsərhəd) çay hövzəsi mövcuddur ki, onlar da quru ərazisinin 45,3 faizini əhatə edir (Antarktidasız).

Onilliklər boyu davam edən müzakirələrdən sonra suyun bölüşdürülməsi prinsipləri nəhayət, 1966-cı il Helsinki Qaydalarına əsaslanaraq, 1997-ci ildə BMT-nin Beynəlxalq Su Axarlarının Naviqasiyadankənar İstifadələri Konvensiyasında təsbit edildi.

Artıq su müasir geosiyasətdə ən mühüm amilə çevrilir. Mümkündür ki, müəyyən müddətdən sonra "su kəmərlərinin arxitekturası" termini siyasətçilərin və ekspertlərin gündəlik həyatına ciddi formada daxil olacaq - qaz və neft kəmərlərinə bənzətməklə, artıq mövcud olan geosiyasət elmi ilə yanaşı, hidrosiyasət elmi də öz yerini tutacaq. Fikrimizcə, "hidrosiyasət" geosiyasətlə bağlı olsa da, öz məzmununa görə geosiyasi parametrlərdən kənara çıxan müstəqil elmi istiqamətdir.

Su ehtiyatları uğrunda mübarizə müəyyən dərəcədə neft və qaz uğrunda rəqabət tarixini xatırladır, ölkələri bu sərvətə sahib olanlara və onu idxal edənlərə bölür. Yeganə fərq ondadır ki, neft və qaza alternativ tədarük yolları və ya xammal mənbələri haqqında danışmaq olar, lakin su ehtiyatlarına gəldikdə, bunu həyata keçirmək daha çətin və bahalıdır.

Geosiyasətdə artıq mövcud olan hökmranlıq kimi, hidrosiyasətdə də oxşar hökmranlıqların yaranacağı qənaəti o qədər də uzaqda deyildir: "Regionda suya kim nəzarət edirsə, o, regiona da nəzarət edəcəkdir. Yəni geosiyasət və hidrosiyasət baxımından ən mühüm regiona nəzarət edən dövlət dünyanın sahibi olacaqdır" deyimi formalaşmaqdadır.

Azərbaycan Respublikasının da əsas yerüstü su mənbələri əsasən transsərhəd çaylardan formalaşmışdır. Yuxarıda sadalanan problemlər bizim ölkəmizdə də artıq hiss olunur. Hazırda su ölkənin dayanıqlı inkişafının həlledici amillərindən birinə çevrilmişdir. Gələcəkdə su təminatını yaxşılaşdırmaq üçün yalnız sudan istifadəni azaltmaq, ondan qənaətlə istifadə etmək kifayət deyil və su ehtiyatlarının artırılması istiqamətində tədqiqatlar və praktiki işlər sürətləndirilməlidir.

Məhz bu yolla Azərbaycanın su siyasətinin əsas məqsədinə - əhali və iqtisadiyyatın bütün sektorlarını tələb olunan həcmdə və beynəlxalq standartlara uyğun keyfiyyətdə su ilə təmin etmək və eyni zamanda çay, göl və su anbarlarında yaxşı ekoloji statusa nail olmaq mümkündür. Problemin aktuallığını və həllinin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bununla bağlı müşavirə keçirməsi və 27 iyul 2020-ci il tarixli "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı" haqqında Sərəncam verməsi çox təqdirəlayiq və vaxtında görülmüş tədbirlərdir.

Bəşər sivilizasiyasının əsasını formalaşdıran amillərdən biri olan torpaq özünün tarixi dəyərini itirməmiş, əksinə onun insan həyatındakı rolu daha da artmışdır. Torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb etməklə, əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi üçün imkanlar yaradır. Torpaqların səmərəli istifadə edilməsi məqsədilə onun su, qida, hava və istilik rejimləri düzgün tənzimlənməli, kənd təsərrüfatı bitkilərinin fenoloji və bioloji inkişaf xüsusiyyətlərindən asılı olaraq optimal aqrofon yaradılmalıdır. Lakin torpaqdan düzgün istifadə olunmadıqda onun faydalı xassələri tədricən itərək, təkcə məhsuldarlığın və keyfiyyət göstəricilərinin aşağı düşməsinə deyil, həmçinin ekoloji tarazlığın pozulmasına, uzun müddət münbitliyin itirilməsinə və s. çatışmazlıqlara da gətirib çıxarır.

Hazırda ölkə üzrə aqrar islahat başa çatmış və torpaq mülkiyyətçiləri müəyyən olunmuşdur. Yəni, torpaq özəlləşdirilmişdir, onun sahibi var, lakin torpağa münasibət, onun yaxşılaşdırılması, münbitliyinin qorunması, artırılması və səmərəli istifadə edilməsi sahəsində bir sıra tədbirlərin görülməsinə ehtiyac vardır.

Belə ki, torpaqların meliorativ vəziyyətinin qeyri-qənaətbəxş olması, köhnəlmiş və müasir tələblərə cavab verməyən meliorasiya-irriqasiya sistemləri, primitiv suvarma üsulları, su çatışmazlığı, torpaqların şoranlaşması, şorakətləşməsi, eroziyaya məruz qalması və digər səbəblərdən onların səmərəli istifadəsi çətinləşir. Üstəlik, bəzi hallarda fermerlər məhsuldarlığın artırılmasında böyük rolu olan səmərəli aqrotexniki tədbirlərin elmi və iqtisadi əhəmiyyətini bilmədən onları ixtisara salır və bu, problemləri daha da çətinləşdirirlər. Bununla yanaşı, torpağa antropogen təsirin artması, yəni insanların düzgün olmayan təsərrüfat fəaliyyəti, torpaq ehtiyatlarının idarə edilməsindəki bəzi çatışmazlıqlar və iqlim dəyişmələrinin təsiri nəticəsində torpaqlarda deqradasiya prosesləri kəskin şəkildə artmışdır. Torpağın deqradasiyası regionda əsas problemdir; onun ən dağıdıcı təzahürlərinə şoranlaşma, eroziya, torpağın üzvi, qida və bioloji maddələrinin itirilməsi, həmçinin torpağın sıxılması aiddir. Torpaqlarda suvarma istiqamətində əkinçiliyin inkişafı onların böyük bir hissəsinin şorlaşmaya məruz qalması ilə nəticələnir. Bu isə torpaqların keyfiyyətcə tədricən sıradan çıxmasına və məhsuldarlığın azalmasına səbəb olur.

Respublikada ümumi torpaq sahəsinin təqribən yarısı, (4,2 milyon hektar) kənd təsərrüfatında istifadə üçün yararlıdır. Bu torpaqların əsas hissəsi düzənlik ərazilərdə - arid zonalarda yerləşməklə quru iqlimi və zəif atmosfer yağıntıları ilə səciyyələnir. Yüksək və sabit kənd təsərrüfatı məhsulu istehsal etmək üçün mütəmadi olaraq həmin ərazilərdə irriqasiya-meliorasiya tədbirlərinin aparılması və onların səmərəliliyinin artırılması tələb olunur. Bu məqsədlə də hidromeliorativ sistemlərin və qurğuların tikintisinə külli miqdarda vəsait ayrılır.

Praktika göstərir ki, meliorasiya və su təsərrüfatı problemə diqqətlə yanaşmanı tələb edən mürəkkəb və kompleks bir istehsal sahəsidir. Lakin təcrübə göstərir ki, suvarma məqsədilə götürülən sudan əkinçilikdə o qədər də səmərəli istifadə olunmur və böyük israfçılığa yol verilir.

Bunun əsas səbəbi irriqasiya sistemlərinin əsas aparıcı hissələrinin - magistral və təsərrüfatdaxili kanalların böyük əksəriyyətinin keçmiş sovet dönəmində tikilməsi, beton və sukeçirməyən digər üzlüklərlə təmin olunmamışdır. Beton məcrada tikilən kanallar isə uzun müddət ərzində təmir olunma-dığından suvarma şəbəkəsindən külli miqdarda su itkisi mövcuddur.

 İrriqasiya sistemləri üzərindəki supaylayıcı qurğuların keyfiyyətinin və fəaliyyəti aşağı səviyyədə olması, torpaq istifadəçiləri - istehsalçılar, sahibkarlar, fermerlər arasında kənd təsərrüfatı məhsulları istehsalı üzrə koordinasiya olmadığda əsas səbəblərdəndir.

Suvarma əkinçiliyində yuxarıda qeyd olunan və digər çatışmazlıqların nəticəsi olaraq su ehtiyatlarından səmərəsiz istifadə olunur, artıq istifadə olunan su ərazilərdə qrunt suyunun səviyyəsini qaldırır, torpaqların meliorativ vəziyyətini pisləşdirir, ekoloji problemlər yaradır. Meliorasiya da daxil olmaqla kənd təsərrüfatı bir tərəfdən ərzaq problemlərinin həllinin əsasını, digər tərəfdən isə ətraf mühitin vəziyyətini təyin edən əsas amillərdəndir. Hazırda dünyada 278 milyon hektar suvarılan torpaqdan 100-120 milyon hektarı (35-40%) təkrar şorlaşmaya və subasmaya məruz qalmışdır. Hər il dünyada 10 milyon hektaradək suvarılan sahə kənd təsərrüfatı dövriyyəsindən çıxır. Suvarılan torpaqlardan götürülən məhsullar 1960-2000 illər ərzində 50%-dən 40%-dək azalmışdır. Meliorasiya problemlərinin müasir həlli yollarının ümumi istiqamətini xarakterizə edərkən qeyd etmək lazımdır ki, dünyada son illərdə anlayışların təbii resursların qorunmasından biokimyəvi proseslərin dayanıqlı idarə olunmasınadək dəyişməsi müşahidə olunur. Bu isə o deməkdir ki, ərzaq məhsullarının istehsalının artması təbii mühitə düşən gücün azalması ilə müşayiət olunmalıdır. Məsələ olduqca mürəkkəbdir. Çünki dünyada təbiətdən istifadəyə ənənəvi yanaşmalar mövcuddur. Xüsusilə bu, inkişaf etməkdə olan ölkələrə daha çox aiddir, ona görə ki, onlarda bu məqsədlər üçün sosial-iqtisadi şərait mövcud deyildir.

Ekoloqların məlumatına görə, dünyada suvarılan torpaq sahələrinin 350 milyon hektara yaxınlaşması son hədd kimi qiymətləndirilir. Bundan artıq torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ekoloji fəlakət yarada bilər. Əsas məqsəd deqradasiyaya uğramış torpaqların münbitliyini bərpa edərək əkin dövriyyəsinə qatılmasına nail olmaqdır.

İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı artıq prioritet istiqamət sayılmadığından, ekoloji tarazlığı bərpa etmək üçün əkin sahələri azaldılır. Onların kənd təsərrüfatı məhsullarına olan tələbatı inkişaf etməkdə olan ölkələr hesabına ödənilir. Biz də iqtisadi cəhətdən təmin olunmuş ölkə olaraq kənd təsərrüfatı məhsullarına olan tələbatımızı yeni torpaq sahələrini kənd təsərrüfatı dövriyyəsinə daxil etməklə ekoloji problemlər yaratmaq yolu ilə deyil, deqradasiya olunmuş torpaqları bərpa etməklə ödəməyə çalışmalıyıq.

Su ehtiyatları üzrə milli siyasətin strateji məqsədi sudan maksimum səmərəli istifadə etməklə məhdud su ehtiyatlarının mənfi nəticələrinin aradan qaldırılması, sosial və ekoloji problemlərin həlli, dövlətlərarası su münasibətlərinin tənzimlənməsi və iqtisadi artıma şərait yaradılmasına yönəlmiş uzunmüddətli kompleks xarakterli tədbirlərin həyata keçirilməsidir. Eyni zamanda, suyun iqtisadi dəyəri olan və ölkənin inkişafının davamlılığını şərtləndirən resurs olması anlayışından çıxış etməliyik.

 Həm ölkədaxili, həm də transsərhəd çaylarının suyunun kəmiyyət və keyfiyyəti məsələləri birlikdə həll olunmalıdır.

İqlim dəyişikliyi (yəni rütubət dövriyyəsi və su balansında dəyişikliklər) təbiətin ehtiyaclarına məhəl qoymadan və elmi materializm klassiklərinin "təbiətdən bacardığınız hər şeyi götürün" çağırışlarına uyğun insanın təbii ehtiyatlardan sui-istifadə etməsinə Yerin göstərdiyi reaksiyadır. Yer kürəsi iqlim parametrlərini dəyişdirərək, hava kütlələrini və rütubəti planetar miqyasda yenidən bölüşdürərək, insanların təbiətin mənafeyini nəzərə almadan öz eqoist siyasi və iqtisadi maraqlarına əməl edərək həyat üçün daha yaxşı şərait yaratmaq cəhdlərindən özünü qorumağa çalışır. Bu dəyişikliklər sanki təbiətin özünümüdafiə reaksiyasıdır.

Biz ümid edirik ki, bəşər sivilizasiyasının təkamül prosesində insan "müdrikliyinin" inkişafı (etik, din, elm və s. baxımından) baş verəcəkdir. Bu gün əsas sual budur ki, bəşəriyyət kifayət qədər müdrikliklə, su böhranını birgə və harmonik şəkildə aradan qaldıra biləcəkmi?

Əgər bəşəriyyət həqiqətən kifayət qədər "ağıllı" olarsa, o zaman Yerlə harmoniyaya doğru ilk addım Qlobal Su Monitorinq Sisteminin yaradılması olmalıdır. Bunun təməli artıq Ümumdünya Meteorologiya Təşkilatı (WMO) şəklində mövcuddur və bu təşkilat BMT-nin Ümumdünya Su Qiymətləndirilməsi Proqramı (WWAP) və Beynəlxalq İqlim Dəyişikliyi Rəyasət Heyəti (IPCC) ilə birlikdə institusional əsas ola bilər.

Beynəlxalq su hüququnun əsas prinsipləri sudan ağlabatan və ədalətli istifadə, əhəmiyyətli zərər vurmamaq öhdəliyi, məlumatlandırma, məsləhətləşmələr və danışıq prinsipləri, məlumat mübadiləsi və su ətrafında mübahisələrin dinc yollarla həlli və s.-dən ibarət olmalıdır.

Gələcək nəsillər üçün davamlı su balansını təmin etmək üçün suyu necə idarə etməliyik? Su idarəçiliyi, tələb olunan miqdarda suyun lazımi vaxtda lazımi yerə çatdırılması üsuludur. Səmərəlilik və harmoniyaya nail olmaq üçün sudan istifadəyə əsaslanan davamlı inkişafın üç əsas komponenti aşağıdakılardır:

 -sosial ədalət;

 -iqtisadi inkişaf,

 -ekoloji davamlılıq.

Üç "sütun"un praktiki aləti su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi konsepsiyasının düzgün həyata keçirilməsidir. Öz növbəsində, su ehtiyatlarının idarə edilməsi prosesi bir-biri ilə əlaqəli komponentlər toplusunu - prosesinin ardıcıl addımlarını əhatə edir.

İlk növbədə bunlar mövcud su ehtiyatlarının (yerüstü, yeraltı və s.) və suyun qəbulu, saxlanılması, istehlakçılara və istifadəçilərə verilməsi üçün mühəndis-texniki infrastrukturların mövcudluğudır. İdarəetmə prosesi su ehtiyaclarının məcburi qiymətləndirilməsini, su ehtiyatları və ehtiyaclar arasında daimi balans nəzərə alınmaqla suyun paylanması prosedurunu nəzərdə tutur. Bunun ardınca tələb olunan su xidmətlərinin qiymətləndirilməsi və prosesin sonunda istifadəsi və su istehlakıdır.

Bundan əlavə, idarəetmə prosesinə uzunmüddətli perspektivdə su balansının əsas amillərində və komponentlərində dəyişikliklərin proqnozlaşdırılması, habelə sudan istifadə sisteminin uyğunlaşdırılması mexanizminin müəyyən edilməsi daxil edilməlidir. Təbii ki, suyun idarə olunması prosesinin nəticələrinin və effektivliyinin daimi monitorinqi və qiymətləndirilməsi olmalıdır. Mövcud su ehtiyatlarının monitorinqi, qiymətləndirilməsi, mühafizəsi və inkişafı birinci komponentin əsas vəzifələridir. Qarşıya qoyulmuş məqsədlərə nail olmaqda irəliləyişi göstərən əsas göstərici su ehtiyatlarının ehtiyatları və ya həcmi baxımından bərpa oluna bilməsidir.

Əsas məsələlərdən biri də mühəndis-texniki infrastrukturların (su anbarı, suvarma və drenaj kanalları, hidrotexniki qurğular, su təchizatı sistemləri və s.) bütün zəruri iş rejimləri və parametrlərinin saxlanılması da daxil olmaqla istismarı - etibarlılığı, onların təmiri, müasirləşdirilməsi və lazım gəldikdə yenidən qurulmasıdır. Suyun idarə edilməsi prosesinin növbəti komponenti bütün maraqlı tərəflərin suya olan ehtiyaclarını qiymətləndirmək və idarə etmək məqsədi daşıyır.

İdarəetmənin əsas məqsədi su ehtiyatlarının bu prosesində iştirak edən bütün maraqlı tərəflər üçün demokratik şərait və bərabərliyinin təmin edilməsidir. İdarəetməyə rəhbərlik strukturunun əsas komponentləri aşağıdakılardır: ümumi məqsədlərə siyasi sadiqlik; institusional təşkilat; qanunvericilik bazası; maliyyələşdirmə və iqtisadi stimullar; ictimai iştirak; mexanizmlər və alətlər; potensialın gücləndirilməsi.

Rəhbərlik strukturu zaman keçdikcə dəyişməz olmayıb, təbii, siyasi, sosial, iqtisadi və texnoloji baxımdan daim dəyişikliklərə uyğunlaşmalıdır. Geniş mənada bu, idarəetmə qaydalarına da aid edilə bilər. Ona görə ki, onlar müasir idarəetmə sisteminin ən həssas komponentidir və hövzələrin hər bir su sektorunun mütəxəssislərindən diqqət tələb edir, çünki hər bir hövzə və su idarəetmə sisteminin öz xüsusiyyətləri vardır.

Su idarəçiliyinin bütün mərhələlərində koordinasiyanın vacibliyi, eləcə də hər bir iştirakçının su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinə töhfəsi haqqında ümumi anlayışa nail olması vacibdir. Digər tərəfdən, idarəetmə strukturu sektorların üfüqi inteqrasiyasını təmin etməlidir. İdarəetmədə bütün iştirak edən maraqlı tərəflər üçün (hökumət, QHT-lər, akademik dairələr, özəl sektor, peşəkar təşkilatlar) geniş platforma olmalıdır.

Bu cür inteqrasiyanın uğurunu qiymətləndirmək üçün əsas meyarlar inklüzivlik (səsvermə hüququ), bərabərlik (maraqları ifadə etmək imkanları), şəffaflıq, səmərəlilik, hesabatlılıq, ardıcıllıq, cavabdehlik, dürüstlük və etik mülahizələrdir.

Hökumətlər qanunvericilik formasında su təsərrüfatı təşkilatlarının iqtisadiyyatın bütün sahələri və su istifadəçilərinin maraqlarına uyğun fəaliyyət göstərə biləcəkləri çərçivəni müəyyən etməlidirlər.

 

 

Yasin RÜSTƏMOV,

AMEA Torpaqşünaslıq və

Aqrokimya İnstitutunun icraçı direktoru,

texnika elmləri doktoru.

 

İstinad: https://respublika-news.az/