• Bazar ertəsi, Dekabr 30, 2024
  • Bakı, 5.0°C

AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin 75 yaşı tamam olur

  • 2022-08-10

    Aqrar elmlər sahəsində tanınmış alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin 75 yaşı tamam olur.

   Əlövsət Gülüş oğlu Quliyev 1947-ci il avqust ayının 10-da Sisyan rayonunun Sofulu kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini, 1980-ci ildə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasını bitirmişdir. O, 1984-cü ildə ildə namizədlik, 2008-ci ildə ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2011-ci ildə professor elmi adını almış, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

   Əlövsət Quliyev 1973-2015-ci illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, Ümumi texniki fənlər, Ekologiya, Meliorasiya kafedralarının müdiri, 2015-2021-ci illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifələrində çalışmışdır. 2021-ci ildən institutun baş direktorudur.

   Əlövsət Quliyevin elmi fəaliyyəti əsasən Naxçıvan MR-in suvarılan torpaqlarında təkrar şorlaşma və irriqasiya eroziyasına qarşı mübarizə yollarına həsr olunmuşdur. O, ilk dəfə olaraq Babək, Kəngərli, Şərur rayonları ərazilərində təkrar şorlaşmaya məruz qalmış torpaqların qisa müddət ərzində zərərli duzlardan təmizlənməsi və yenidən əkin dövriyyəsinə qaytarılması üsullarını işləyib hazırlamış, Azərbaycanda qədim su mənbələri sayılan kəhriz sistemlərini araşdırmış, onların iş prinsipi, sərflərinin artırılması və GİS əsasında xəritələşdirilməsi işlərini yerinə yetirmişdir. Alimin məsləhətçiliyi ilə keçmiş Yod-Brom zavodu və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazilərində antropogen təsirlərdən çirklənmiş göllərin qurudulması, torpaqların təmizlənərək ərazinin yaşıllaşdırılması fəaliyyəti həyata keçirilmişdir.

   Əlövsət Quliyev 179 elmi əsərin (58-i xaricdə), o cümlədən 14 kitab, 2 dərslik və 4 qısametrajlı elmi-publisistik film senarisinin müəllifidir. Alim hazırda 10-dan artıq magistr və fəlsəfə doktorluğu işinə elmi rəhbərlik edir.

   Əlövsət Quliyev Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Təhlükəsizliyi Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri, UNESCO-nun Qədim hidravlik sistemlər - kəhrizlər üzrə dövlətlərarası idarə heyətinin, Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının, bir neçə beynəlxalq jurnalın redaksiya heyətinin, Azərbaycan, Rusiya və Beynəlxalq Torpaqşünaslar cəmiyyətlərinin üzvüdür.

   Əlövsət Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri fərmanları, AR Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

   AMEA-nın müxbir üzvü Əlövsət Quliyevi yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

 

   İSTİNAD: science.qov.az