• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Ulu Öndərlə unudulmaz görüş

  • 2022-11-14

   O xalq xoşbəxtdir ki, onun xilaskarı müəyyən biri tarixi dövrdə insanları düşdüyü bəlalardan qurtarmaqla yanaşı, xalqı gələcəkdə üzləşə biləcəyi təhlükələrdən qorumaq üçün əbədi xilaskarlıq yolu müəyyənləşdirir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xilaskarlıq yolu xalqımızı hələ neçə yüzillər böyük təhlükələrdən qoruyacaq, müstəqil dövlətimizin qarantı olacaqdır.

   Bu fikirlər Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevin “Ulu Öndərlə unudulmaz görüş” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

   Ulu Öndərimizin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra müstəqil dövlətin təməli qoyuldu. Görkəmli dövlət xadimi Heydər Əliyevin Sovet Azərbaycanında həyata keçirdiyi milli tədbirlər, qurub yaratdıqları müstəqil dövlətin yaradılmasına hesablanmışdı. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edərkən artıq onun müstəqil yaşaya bilməsi üçün lazımi potensial var idi. Müstəqilliyin bərpası üçün səy göstərən kadr potensialı, milli ziyalılar da məhz Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə yetişdirilən adamlar idi.

   Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyət davası aparan bəzi “siyasətçi”lərin naşılığı ucbatından xalqımız çox çətin vəziyyətə düşmüşdü. Yenicə qazandığımız müstəqilliyi itirmək təhlükəsi ilə üzləşmişdik. Amma Azərbaycan xalqı yenə müdriklik göstərərək onu düşdüyü bəladan xilas edə biləcək Lideri hakimiyyətə dəvət etdi. Ulu Öndərimizin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə itirilməkdə olan müstəqilliyimiz qorunub saxlandı, ölkəmiz sürətli inkişaf yoluna çıxarıldı.

   Ümummilli Liderimiz dövlət müstəqilliyimizi möhkəmləndirdikdən sonra xalqımızın itirilməkdə olan digər dəyərlərini, eləcə də abidələrini məhv olmaq təhlükəsindən xilas etdi.

   Heydər Əliyev əsl xalq adamı idi. Azərbaycanın gələcəyi naminə verilən təklifləri diqqətlə dinləyir, xalqın arzularının reallaşdırılaması üçün əlindən gələni edirdi. Milli Liderimizlə hər görüş unudulmaz tarixə çevrilirdi. Özümü xoşbəxt hesab edirəm ki, vaxtilə bu dahi şəxsiyyətlə mənim də görüşmək, söhbətləşmək şansım olub.

   2002-ci ilin avqust ayının 16-sı idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisin iclas zalında Naxçıvançay üzərində vaxtilə inşa edilməsinə başlansa da, yarımçıq qalmış Vayxır su anbarının yenidən layihələndirilməsi və işlərin yekunlaşdırılmasına dair müşavirə keçirilirdi.

   İclasa Azərbaycan Respublikasının aidiyyəti nazirlik və komitə rəhbərləri, layihə üzrə mütəxəssislər və müxtəlif institutların nümayəndələri dəvət edilmişdi. Məqsəd Naxçıvançay üzərində inşa olunmasına başlanılan Vayxır su anbarının tikintisinin başa çatdırılmasından sonra onun təsiri ilə muxtar respublikada nə qədər torpağın su təchizatının yaxşılaşacağı barədə geniş müzakirələr aparmaq idi.

   Qeyd edək ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanın su probleminin həlli üçün bir çox işlər gördü. Məhz bu dövrlərdə inşa olunan Uzunoba su anbarı (9 mln m3), Sirab su anbarı (12 mln m3), Bənəniyar su anbarı (19 mln m3), Arpaçay su anbarı (90 mln m3) və başqa kiçik su hövzələrinin yaradılması, Araz su anbarından su götürən nasos stansiyalarının inşası onun həyata keçirdiyi işlərin yalnız bir hissəsidir.

  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə də ulu öndər Heydər Əliyev Azərbaycanda irimiqyaslı layihələrn reallaşdırılmasına çalışırdı. Beləliklə, 1981-ci ildə Vayxır su anbarının layihəsi hazırlanaraq 1982-1983-cü illərdə inşaat işlərinə başlandı. Lakin anbarın tikintisi bir müddət sonra dayandırıldı. Vayxır su anbarının tikintisi ermənilərin təsiri ilə maliyyə çatışmazlığı üzündən yarımçıq qaldı.

   Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev vaxtilə inşası aparılan, sonralar məlum səbəblərə görə yarımçıq qalmış layihələrə xüsusi diqqət yetirirdi. Məhz Vayxır su anbarı da o dövrün yarımçıq qalmış obyektlərindən biri idi.

   Avqustun 16-da keçirilən bu müşavirə Vayxır su anbarının qısa müddətdə istifadəyə verilməsinə həsr edilmişdi. Müşavirədə bir çox məsələlər öz həlini tapdı. Nəticədə su anbarının tikintisi 2005-ci ildə başa çatdırıldı.

   Ulu Öndər müşavirədə hər kəsi sona qədər dinlədikdən sonra əlavə suallar verməyə şərait yaratdı. İclasın gedişində “Kimin sualı var?” deyərək zala müraciət etdi. Fürsətdən istifadə edərək Naxçıvan çökəkliyində ekoloji vəziyyətin dəyişilməsinə geoloji amillərin təsiri barədə məlumat verdim. Sonra Naxçıvanda qədim tarixə malik kəhrizlərin bərpası ilə əlaqədar təkliflər səsləndirdim.

   Heydər Əliyev Naxçıvanda meliorasiya və su təsərrüfatı sahəsində aparılan işlər barəsində danışdı və alimlərin qarşısında duran vəzifələri önə çəkdi.

   Bildirdim ki, Naxçıvan kəhrizləri və onların üzərində olan abidələr xalqımızın tarixi keçmişi, yaşayış tərzi, etnogenezi və etnoqrafiyasının öyrənilməsi üçün mühüm mənbədir.

  Ulu Öndər Naxçıvan kəhrizlərinin tarixi, abidə kimi əhəmiyyəti və kənd təsərrüfatının inkişafındakı rolunu elə dərindən təhlil etdi ki, sanki illərdir, bu sahənin tədqiqi ilə məşğul idi.

   Sonda o, çox vacib bir məsələni xüsusi olaraq qeyd etdi ki, Naxçıvanın qədim tarixi, bəlkə, bir neçə min il tarixi olan kəhriz sistemi öyrənilib onun müəyyən hissəsi bərpa edilsə, bunun özü də bir tarixi abidədir.

   Məhz həmin müşavirədə Ulu Öndərimizin verdiyi tapşırıqlara uyğun olaraq, sonrakı dövrdə Naxçıvan kəhrizlərinin bərpası istiqamətində mühüm işlər görüldü. 2004-cü ildə Naxçıvanda "Kəhrizlər idarəsi" yaradıldı. Ötən dövr ərzində Naxçıvanda 200-dən çox kəhriz bərpa olunaraq il ərzində 80 milyon m3 içməli və suvarma suyu əldə olundu. Məhz Ulu Öndərin tövsiyəsi ilə mən Naxçıvanda kəhrizlərlə yanaşı, оnların üzərində tikilən qırxpillələrin memarlıq üslubu haqqında araşdırma apardım, memarları da bu işə cəlb edərək оnların əksəriyyətinin planını işə əlavə etməklə gələcək araşdırmalar üçün zəmin yaratdım.

  Beləliklə, Ulu Öndərin çıxışından sonra mən kəhrizlərlə bağlı öncədən apardığım işlərin, eləcə də davam etdirdiym tədqiqatın nə qədər əhəmiyyətli olduğunu bilərək bu sahədə dünyada aparılan kəhriz tədqiqatları ilə tanış oldum. Nəticədə türk dünyası ölkələrində inşa edilmiş kəhrizlərlə tanış olub araşdırma apardıqda gördüm ki, xalqlarımızın dünya mədəniyyətinə təqdim olunacaq qədim irs abidələri - kəhrizlərimiz var. Nəticədə 2006-cı ildə UNESCO "Qədim hidravlik qurğular-kəhrizlər" üzrə dövlətlərarası idarə heyətinin üzvü seçilmişəm. Nəhayət, 2016-2017-ci illərdə Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy, Tərtər, Bərdə, Ağcabədi və Ağdamın işğal altında olmayan kəhrizlərini tədqiq edərək "Azərbaycan kəhrizləri" monoqrafiyasını dərc etdirdim. Bütün bu görülən işlər Ulu Öndərin mənim işlərimə qarşı göstərdiyi diqqətin nəticəsidir.

   Ümummilli Liderimizin bu məsələyə diqqəti, verdiyi istiqamət məni bu sahədə daha fundamental tədqiqatlar aparmağa sövq etmişdi. Nəticədə 2008-ci ildə "Naxçıvan kəhrizləri" monoqrafiyanı nəşr etdirdim.

   Məhz Ulu Öndərin bu məsələyə diqqəti məni daha yeni tədqiqatlara yönləndirdi. Nəticədə apardığım elmi araşdırmalarla əlaqədar olaraq 2010-cu ildə Qazaxıstanın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Cənubi Qazaxıstanın Türküstan şəhəri yaxınlığında "Sauran" (Savran) qala şəhərində kəhriz tədqiqatında məsləhətçi alim olmuşam, 2011 və 2012-ci illərdə Türkmənistanda, 2014-cü ildə Özbəkistanın Buxara, Nəvai vilayətlərində beynəlxalq ekspedisiyalarda iştirak etmişəm.

  Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə gələn il ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd ediləcəkdir. Milli Liderimizin doğum tarixini xalqımız qəlbinə əbədi bayram günü kimi həkk edib. May ayının 10-u Azərbaycan xalqının ən əziz bayramlarından biridir. Ulu Öndərimizin anadan olmasının 100 illiyi ərəfəsində onu böyük minnətdarlıqla xatırlayırıq.

   İSTİNAD:AZƏRTAC