• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu Bərdə rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edib

  • 2023-07-11

       İyulun 11-i Bərdə rayonunda Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə 17-ci Aqrar İnnovasiyalar Festivalı keçirilib.  Bərdə Peşə Təhsili Liseyində baş tutan festivalda Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mobil (Səyyar) Aqrar Laboratoriyası vasitəsi ilə iştirak edib.            

    Torpaqların məhsuldarlığını artırmaq, onun münbitliyini qorumaq, ekoloji təmiz məhsul əldə etmək üçün müasir elmi təcrübi biliklərə əsaslanan, əkin sahəsində birbaşa tədqiqatlar və analizlər aparmaqla vaxt itirmədən fermerə yerindəcə xidmət göstərən Mobil (səyyar) laboratoriya vasitəsi ilə torpaqda qida maddələrinin (NPK) və humusun miqdarı təyin edilir, torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin edilir, torpaq mühitin  reaksiyası (pH) müəyyən edilir, torpaqda şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilir.

    Festivalın əsas üstünlüyü fermer və sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək məqsədilə bir sıra dövlət qurumları ilə əlaqələrin qurulmasına nail olmaqdır. Mütəxəssislər tərəfindən fermerləri maraqlandıran mövzulara dair suallar cavablandırılıb.