• Cümə axşamı, Dekabr 12, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu Hacıqabul rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edib

  • 2023-09-15

   Sentyabrın 14-ü Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. “Agro Dairy” MMC-nin aqroparkında təşkil olunan festivalda Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mobil (Səyyar) Aqrar Laboratoriyası vasitəsi ilə iştirak edib.       

    Torpaqların məhsuldarlığını artırmaq, onun münbitliyini qorumaq, ekoloji təmiz məhsul əldə etmək üçün müasir elmi təcrübi biliklərə əsaslanan, əkin sahəsində birbaşa tədqiqatlar və analizlər aparmaqla vaxt itirmədən fermerə yerindəcə xidmət göstərən Mobil (səyyar) laboratoriya vasitəsi ilə torpaqda qida maddələrinin (NPK) və humusun miqdarı təyin edilir, torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin edilir, torpaq mühitin  reaksiyası (pH) müəyyən edilir, torpaqda şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilir. Festivalda  fermerlərə təlim keçirilib, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib. 

     Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilib.