• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Azərbaycan alimi özbək həmkarlarına məruzə oxuyub

  • 2024-05-30

     Azərbaycan Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq  və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev   Özbəkistana səfəri çərçivəsində Daşkənddəki “İrriqasiya, Meliorasiya və Kənd Təsərrüfatının  Mexanikləşdirilməsi”  İnstitutunda olub, qurumun rəhbəri ilə görüşüb. Görüşdə institutun rəhbərliyi və eimi işçiləri iştirak edib.

   Sonra Əlövsət Quliyev elmi heyət qarşısında çıxış edib, əməkdaşların müxtəlif suallarına cavab verib, Özbəkistanda və Azərbaycanda torpaqların şoranlaşması, su mənbələrindən səmərəli istifadə, su itkisinin qarşısının alınması, ta qədimdən fəaliyyət göstərən kəhrizlərin dirçəldilməsi və bu istiqamətdə digər problemlərə toxunub, birgə fikir mübadiləsi aparılıb. 

     Professor öz məruzəsində bildirib ki, sudan səmərəli istifadə, su itkisinin qarşısının alınması Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Prezident­ İlham Əliyev bu sahədəki problemlərdən danışarkən bildirib ki, biz köhnə metodlarla işləyə bilmərik. Dövlət başçısı deyib:”Mənə verilən məlumata görə, bəzi yerlərdə su  itkisi 50-60 faizə çatır. Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir”. 

     Ə. Quliyev deyib ki, bu sahədə türkdilli ölkələrin mütəxəssislərinin birgə fəaliyyəti bizim üçün çox faydalı olar. Əsas hədəfimiz bir olmalıdır. Türk xalqları ta qədimdən sudan səmərəli istifadə etmək mədəniyyətinə malikdirlər. Uzun zaman ərzində türklər yaşadıqları ərazilərdə kifayət qədər kəhriz, ovdan, sərdabə, ərzaq saxlacı, qırxpillə, etibarlı və təmiz suyu olan su quyuları inşa etmişlər. Onlar quraq iqlim zonalarında ən etibarlı su mənbəyi kimi bu gün də öz əhəmiyyətini saxlamaqdadır.  

    Ə.Quliyev qeyd edib ki, hazırda UNESCO-nun "Qədim hidravlik sistemlər- qanat (kəhrizlər) üzrə dövlətlərarası idarə heyətinin” üzvü kimi  Azərbaycan və Orta Asiya üzrə fəaliyyət göstərirəm. Bütün bunları sadalamaqla bildirmək istəyirəm ki, türkdilli ölkələrdəki su problemləri ilə tanışam. İştirak etdiyim konfranslar və aparılan tədqiqatlardan sonra belə nəticəyə gəldim ki, bu problemləri türkdilli ölkələrin birgə səyi ilə həll etmək mümkündür. 

     Professor vurğulayıb ki, vaxtı ilə Türkmənistanda 200,  Qazaxıstanda 235, Özbəkistanda 365 kəhrizin olduğu təsdiq edilmişdir. Bu kəhrizlər üzərində çoxlu qırxpillə, ərzaq saxlacı (soyuducu), ovdan  və sərdabə olmuşdur. Təəssüflər olsun ki, bu gün onların çoxu dağılmaq üzrədir. 

    Ə.Quliyev deyib: “Əgər iqlim dəyişməsi mütamadi olaraq kəskinləşərsə onda quraqlığın ilkin fəsadları ilk öncə Naxçıvanda, Orta Asiya ərazisində-Apal gölü ətrafında müşahidə olunacaq. Fikrimcə, su ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk öncə su mənbələrinin (yeraltı və yerüstü suların), kəhrizlərin, sərdabələrin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün  monitorinqlərin aparılması və yekun qiymətləndirilməsi aparıldıqdan sonra su ehtiyyatlarından səmərəli və qənaətlə  istifadə edilməsi məsələsi gündəmə gələrək öz həllini gözləyəcək”. 

 

    İSTİNAD: xalqqazeti.az