Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.
Bakı Ekspo Mərkəzində keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü prof. Əlövsət Quliyev də iştirak edib.
Festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etməkdir.
İSTİNAD: edu.gov.az