• Cümə axşamı, Mart 20, 2025
  • Bakı, 7.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Qafqaz Geoparkları Şəbəkəsi Proqramının Koordinasiya Toplantısında iştirak ediblər

  • 2025-03-04

      AR ETN Torpaqşünaslıq və Aqrokimya  İnstitutunun baş direktoru,AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev və  İnstitunun digər əməkdaşları Qafqazda ətraf mühit sahəsində qeyri-hökumət təşkilatları şəbəkəsi (Caucasus Environmental Network) təşkilatının Bakıda keçirdiyi “Qafqaz geoparkları şəbəkəsi” proqramının birinci koordinasiya toplantısında iştirak ediblər.Tədbirdə çıxış edən Ə.Quliyev məsələ ilə əlaqədar siyasi,iqtisadi və ekoloji əhəmiyyət kəsb edən fikirlərini ifadə edib.

    Həmçinin tədbirdə çıxış edən İnstitutun gənc alimi Günel Məmmədova layihənin işğaldan azad olunmuş torpaqlarda keçirilməsini təklif edib.

  Görüşün məqsədi Cənubi Qafqazda vahid geopark şəbəkəsinin inkişafı üçün mövcud potensialın və imkanların nəzərdən keçirilməsi, bu prosesə mütəxəssis kimi öz töhfəsini verə biləcək maraqlı tərəflərin rəyinin öyrənilməsi və fikir mübadiləsinin aparılması olub. Görüşə qatılan maraqlı tərəflər biomüxtəlifliyin qorunması, davamlı turizmin inkişafı və mədəni irsin qorunmasına dair fikirlərini bölüşüblər.

    Tədbirə CENN-in nümayəndəsi Vaxtanq Koçaradze və layihənin Azərbaycan üzrə əlaqələndiricisi, Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri Rövşən Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İsveçrə Əməkdaşlıq Ofisinin Azərbaycan üzrə Milli Proqramının təmsilçiləri, elmi-tədqiqat institutlarının, universitetlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

    Qeyd edək ki, Cənubi Qafqazda “Qafqaz geoparkları şəbəkəsi” layihəsi İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə CENN tərəfindən həyata keçirilir.