• Cümə axşamı, Mart 13, 2025
  • Bakı, 11.1°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

  • 2025-03-07

     AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edilib. Tədbiri açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, institutun qadın əməkdaşlarını və onların vasitəsilə bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. O, Azərbaycan qadınlarının yüksək ağıl, bilik və istedadları ilə dünya qadınları arasında seçildiklərini və bu gün cəmiyyətdə qadınların yerinin əvəzolunmaz olduğunu vurğulayıb. Professor Əlövsət Quliyev bildirib ki, Azərbaycan qadını cəmiyyətin hər bir sahəsində öz sözünü deyir və qadınsız bir gələcək təsəvvür etmək çətindir.

    İnstitutun direktor vəzifəsini müvəqqəti icra edən a.e.ü.f.d. Şəlalə Səlimova isə öz çıxışında, qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara sağlamlıq, xoşbəxtlik və işlərində uğurlar arzulayıb.

    İnstitutun Həmkarlar İttifaqı Təşkilatının sədri, a.e.d. Məmməd Məmmədov çıxış edərək, Azərbaycan cəmiyyətində qadınların fəallığını yüksək qiymətləndirib. O, qadınların ucalıq, saflıq və ülvilik simvolu olduğunu vurğulayıb. Qadınların göstərdiyi əzmkarlıq və fədakarlığa diqqət çəkib.

    Sonda Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə institutun qadın əməkdaşlarına xüsusi hədiyyə kartları təqdim edilib.