8–9 noyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, AR Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi “Nar Festivalı” baş tutub. Festivalın əsas məqsədi regionun narçılıq ənənələrini qorumaq və təbliğ etmək, bu ənənələri turizm məhsuluna çevirmək, eyni zamanda yerli istehsalçılar üçün satış və tanıtım imkanlarını genişləndirmək olub.
Tədbirdə 65-dən çox stend nümayiş olunub və müxtəlif dövlət qurumları, sahibkarlar, fermerlər, eləcə də turizm və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təşkilatlar iştirak ediblər.
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu da festivalda fəal iştirak edən qurumlardan biri olub. İnstitutun əməkdaşları festival çərçivəsində fermerlər və aqrar sahəyə maraq göstərən iştirakçılarla birbaşa görüşərək onların suallarını cavablandırıb. Görüş zamanı torpağın münbitliyinin qorunması, gübrələmə, bitki bəslənməsi və digər aktual aqrar məsələlər üzrə peşəkar məsləhətlər təqdim edilib.
Hər il keçirilən “Nar Festivalı” artıq ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib və aqroturizmin inkişafına mühüm töhfə verir.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları isə hər zaman olduğu kimi, bu gün də fermerlərin yanında olaraq onların fəaliyyətini elmi əsaslarla dəstəkləyir, torpaq münbitliyinin artırılması,aqrotexniki tədbirlərin düzgün tətbiqi kimi sahələrdə elmi-metodik və praktiki köməklik göstərirlər. İnstitutun mütəxəssisləri bölgələrdə keçirilən festivallarda iştirak edərək kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsinə, fermerlərin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verirlər.