Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə əməkdar elm xadimi, biologiya elmləri doktoru, akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları, alimin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, onun elmi və ictimai fəaliyyətinə dərin ehtiramlarını bildiriblər.
Tədbirdə AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev də iştirak edib. Çıxışında professor Əlövsət Quliyev, akademik Siddiqə Məmmədovanın elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirib. O, alimin apardığı tədqiqatların Azərbaycan aqrar elminin inkişafında mühüm rol oynadığını və akademik Siddiqə Məmmədovanın zəngin irsinin gələcək nəsillər üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Ə.Quliyev akademik Məmmədovanın bütün uğur və nailiyyətlərinin arxasında gərgin zəhmət və elmin inkişafına olan səmərəli töhfələrin dayandığını bildirib. O, həmçinin elm və təhsil müəssisələri arasında kompleks işin aparılmasının vacibliyini qeyd edərək, xüsusilə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında birgə işin əhəmiyyətinə diqqət çəkib.
Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru ,dosent Zəfər Qurbanov da çıxış edərək, akademik Siddiqə Məmmədovanın entomoloq kimi apardığı tədqiqatları və elmi fəaliyyətini qiymətləndiriblər. Onlar, eyni zamanda, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu və onun elmə, cəmiyyətə göstərdiyi xidmətləri qeyd ediblər.
Tədbirdə, akademik Siddiqə Məmmədovanın zəngin elmi irsinin və apardığı tədqiqatların Azərbaycan aqrar elminin inkişafındakı müstəsna roluna bir daha diqqət çəkilib. Alimin bütün uğur və nailiyyətlərinin əsasını qoyan əzmkarlıq, səmərəli fəaliyyət və cəmiyyətə olan möhtəşəm xidmətlər alqışlarla qarşılanıb.