• Cümə, May 2, 2025
  • Bakı, 18.0°C

Torpaqşünas alim, professor Sara Məmmədovanın 70 illik yubileyi qeyd olunub

  • 2025-04-30

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda görkəmli alim, biologiya elmləri doktoru, professor, institutun Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının baş elmi işçisi Sara Məmmədovanın 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev yubilyarın elmi fəaliyyətindən, torpaqşünaslıq elmində göstərdiyi əvəzsiz xidmətlərdən, institutda laborant vəzifəsindən baş elmi işçi vəzifəsinədək uzanan 50 illik elmi fəaliyyətindən, fədakar əməyindən söz açıb. O bildirib ki, Sara Məmmədova həm elmi-pedaqoji fəaliyyəti, həm də insani keyfiyyətləri ilə institut əməkdaşlarının və elmi ictimaiyyətin dərin hörmətini qazanmışdır. “Sara xanım elmə vicdanla, fədakarlıqla xidmət edən şəxsiyyətlərdəndir. Onun araşdırmaları torpaqşünaslıq və ekologiya elminin inkişafına böyük töhfə vermiş, yetişdirdiyi onlarca alim onun elmi məktəbinin davamçılarıdır”, – deyə Ə.Quliyev qeyd edib.

Tədbirdə çıxış edən institutun icraçı direktoru, v.i.e., b.ü.f.d., dosent Şəlalə Səlimova da yubilyarı səmimi qəlbdən təbrik edib. O, Sara xanımın ilk dissertantı olduğunu xüsusi vurğulayaraq, onun elmi rəhbərliyi ilə qazandığı uğurlardan danışıb: “Mənim uğurlu elmi fəaliyyətimin başlanğıcı Sara xanımın dəstəyi və yönləndirmələri ilə mümkün oldu. Onun səbrlə, qayğı ilə, elmi nəticəni əsas götürərək yetişdirdiyi tələbələr bu gün müxtəlif elm ocaqlarında uğurla çalışır.”

İnstitutun Həmkarlar İttifaqının sədri Məmməd Məmmədov çıxışında professor Sara Məmmədova ilə uzun illərə söykənən əməkdaşlıq münasibətlərindən danışaraq bildirib ki, Sara xanım yalnız elm adamı kimi deyil, həm də həmkarlarına daim mənəvi dayaq olan, mərd, prinsipial və qayğıkeş bir insandır.

Tədbirdə həmçinin a.e.ü.f.d. Əminə Axundova və Sevda Talıbova çıxış edərək yubilyarın elmi irsindən, pedaqoji və əxlaqi dəyərlərə sadiqliyindən bəhs ediblər. Onlar Sara xanımın sadəcə bir alim deyil, həm də mənəvi dayaq, örnək bir insan olduğunu vurğulayıblar.

B.ü.f.d., dos. Zaman Məmmədov çıxış edərək Sara xanımın verdiyi biliklərə, peşəkarlıq dərslərinə görə təşəkkür edib. O, Sara xanıma möhkəm cansağlığı, bitib-tükənməyən elmi yaradıcılıq enerjisi və yetirmələri ilə birgə daha çox uğurlar arzulayıb.

Tədbirdə çıxış edən gənc alim Günel Məmmədova isə Sara xanımı elm dünyasında bir mayak kimi xarakterizə edərək, onun adına layiq olmağa çalışdıqlarını və elmi fəaliyyətini davam etdirdiklərini bildirib.

Tədbirin sonunda çıxış edən professor Sara Məmmədova tədbirin təşkilinə görə institut rəhbərliyinə və iştirakçılara səmimi təşəkkürünü bildirib: “Bu gün burada sizin xoş sözlərinizi eşitmək mənim üçün böyük mənəvi dayaq və stimul oldu. Həyatımı elmə və insanlara həsr etdiyim üçün qürurluyam.”

Qeyd edək ki, Sara Məmmədovanın çoxillik elmi-pedaqoji fəaliyyəti, tədqiqatları və yetirmələri torpaqşünaslıq elminə töhfə verməyə davam edir.

Elanlar