5 may 2025-ci il Azərbaycan torpaqşünaslıq elminin inkişafında böyük xidmətləri olan aqrar elmlər doktoru, professor Amin Babayevin 75 illik yubileyidir.
Amin Babayev 1967–1972-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqronomluq fakültəsində təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirib. Daha sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1976-cı ildə elmlər namizədi elmi dərəcəsi almışdır. Alim həyatının çox hissəsini ekoloji kənd təsərrüfatı sahəsində elmi tədqiqat işlərinə həsr etmişdir.
Amin müəllim yalnız bir elm adamı deyil, həm də ideya daşıyıcısıdır. O, torpağa baxanda yalnız fiziki tərkibi görmürdü – o, torpaqda həyatın özü, gələcəyin mayası, kənd insanının taleyi və bütöv bir iqtisadi sistemin ruhunu görürdü. Bu baxış onu Azərbaycanda ekoloji kənd təsərrüfatı elmi məktəbinin banisinə çevirdi.
50 illik elmi-pedaqoji fəaliyyətində Amin Babayev torpaqla insan arasında elmi körpülər qurdu. Onun təşəbbüsü ilə yaradılan kafedralar, ixtisaslar, resurs mərkəzləri yalnız struktur deyil, həm də düşüncə mərkəzləri oldu. Alimin rəhbərliyi ilə hazırlanan və qanunvericilikdə öz əksini tapan “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında” Qanun layihəsi onun fəal ictimai-elm adamı olduğunu sübut etdi.
Həyatının 50 ilini elmə həsr edən alimin 5 elmi monoqrafiya, 200-ə qədər elmi məqalə, 20 kitab, kitabça, broşür, dərslik və dərs vəsaitinin, 30-a qədər elmi-publisistik məqalənin müəllifi və 20-yə yaxın əsərin elmi redaktorudur. Amin müəllimin yetirmələri bu gün dünyanın müxtəlif yerlərində torpaqla bağlı, aqrar sahənin gələcək perspektivləri haqqında tədqiqatlar aparırlar.
Amin Babayevin adı təkcə Azərbaycanda deyil, beynəlxalq – IFOAM, EUCARPIA, ASA, UNESCO kimi qurumların sıralarında da yer alır. Bu, onun ideyalarının sərhədsiz olduğunu göstərir. 2017-ci ildə layiq görüldüyü Vahid Dünya Mükafatı (One World Award) onun nəinki alim kimi dəyərini sübut etdi.
Əziz Amin müəllim, 75 illik yubileyiniz və 50 illik elmi fəaliyyətiniz münasibətilə sizi təbrik edirik. Sizin yolunuz – elmin, zəhmətin, insanlığın və vətənpərvərliyin yoludur. Sizə sağlam ömür, davamlı yaradıcılıq və yeni uğurlar arzu edirik!