• Cümə axşamı, May 8, 2025
  • Bakı, 21.0°C

Torpaqşünas alim,professor Vilayət Həsənovun 65 illik səmərəli elmi fəaliyyətinə həsr olunmuş tədbir keçirilib

  • 2025-05-07

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda tanınmış torpaqşünas alim, aqrar elmləri doktoru, professor, institutun Torpaq örtüyünün strukturu laboratoriyasının rəhbəri Vilayət Həsənovun 65 illik səmərəli elmi fəaliyyətinə  həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev görkəmli alimin  elmi yaradıcılığı və torpaqşünaslıq sahəsindəki  xidmətlərindən geniş bəhs edib. O bildirib ki, professor Vilayət Həsənovun adı bu gün ölkədə və beynəlxalq miqyasda torpaqşünaslıq elminin inkişafına töhfə vermiş alimlər sırasında çəkilir. Onun apardığı fundamental və tətbiqi tədqiqatlar, xüsusən də torpaq örtüyünün strukturu və torpaq xəritələşdirilməsi sahəsində əldə etdiyi elmi nəticələr kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsində mühüm rol oynamışdır.

Əlövsət Quliyev, həmçinin professor Həsənovun gənc nəslin yetişdirilməsi istiqamətindəki fədakar fəaliyyətini yüksək qiymətləndirib: “Vilayət müəllim öz elmi məktəbini formalaşdırmış, onlarla dissertantın elmi rəhbəri olmuş, minlərlə tələbəyə dərin bilik və elmi dünyagörüş aşılamışdır. O, elmə sadiq, prinsipial, dürüst və nümunəvi bir ziyalıdır.”

Tədbirdə çıxış edən İnstitutun Həmkarlar İttifaqının sədri Məmməd Məmmədov professor Həsənovla bağlı birgə iş təcrübəsindən söz açaraq, keçmiş illərdə elmi ekspedisiyalardakı yaddaqalan xatirələrdən danışıb. O vurğulayıb ki, professor V.Həsənov təkcə elm adamı deyil, həm də yüksək insani keyfiyyətlərə malik, həmkarlarına dayaq olan ziyalıdır.

Tədbirdə çıxış edən a.e.ü.f.d. Əminə Axundova, a.e.ü.f.d. Mirvari Məmmədova və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yermarlı da professor Vilayət Həsənovun institutun elmi həyatındakı rolundan, hər bir əməkdaşa və gənc tədqiqatçıya göstərdiyi qayğıdan bəhs ediblər. Onlar alimin yalnız elm sahəsində deyil, həm də mənəvi dəyərlər baxımından örnək bir şəxsiyyət olduğunu qeyd ediblər, ona möhkəm can sağlığı, tükənməz elmi yaradıcılıq enerjisi və uzun ömür arzulayıblar.

Tədbirin sonunda çıxış edən  Vilayət Həsənov həyat yolunun mühüm mərhələlərinə toxunaraq, 1950–60-cı illərin çətin şəraitində ali təhsil almaq uğrunda göstərilən səyləri və zəhməti xatırladıb. O dövrdə çalışmış professor və müəllimlərin adlarını xüsusi ehtiramla çəkərək, onların həyatında oynadığı rollardan danışıb. Vilayət Həsənov bu gün əldə etdiyi uğurları həmin elm fədailərinin qoyduğu təməllərlə əlaqələndirib və kövrək hisslərlə keçmiş illəri yad edib.

Sonda  professor Vilayət Həsənova torpaqşünaslıq elminin inkişafındakı misilsiz xidmətlərinə və 65 illik səmərəli elmi fəaliyyətinə görə Fəxri Fərman təqdim olunub.

Elanlar