Somali Federativ Respublikasının Kənd Təsərrüfatı Tənzimləmə və Yoxlama Xidmətinin (SARIS) baş direktoru Abdi Mohamed Hussein və onu müşayiət edən nümayəndə heyəti AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutuna səfər ediblər. Qonaqları institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, icraçı direktor v.i.e., b.ü.f.d., dos. Şəlalə Səlimova və institutun əməkdaşları qarşılayıblar.
Görüş zamanı hər iki ölkənin kənd təsərrüfatı sahəsində qarşılaşdığı ortaq problemlər, xüsusilə su resurslarının idarə olunması, torpaq münbitliyinin qorunması torpaq məhsuldarlığının artırılması və yeni texnologiyalar ilə aqrokimyəvi analizlərin aparılması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə elmi tədqiqatlar və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
Səfərin praktiki hissəsində SARIS nümayəndələri İnstitutun Torpaq ekologiyası beynəlxalq laboratoriyasında müasir ICP cihazının işləmə prinsipi ilə tanış olublar. Onlara torpaq nümunələrinin müasir texnologiyalarla analizləri və texnologiyanın rolu barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası, həmçinin yenidən qurulmuş və zənginləşdirilmiş Torpaq Muzeyi ilə də tanış olublar. Muzeydə Azərbaycan torpaqlarının müxtəlifliyi və aqrar potensialı əks etdirən eksponatlar qonaqlarda böyük maraq doğurub.