Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Aqrar İnnovasiya Mərkəzinin və "Food City Agrocomplex"in birgə təşkilatçılığı ilə Xudat şəhərində "Aqrar biznes və Şaftalı festivalı" keçirilib.
Festivalın əsas məqsədi regionun kənd təsərrüfatı potensialını, xüsusilə də şaftalı istehsalını tanıtmaq, yerli fermerlər və istehsalçılar üçün satış və əməkdaşlıq imkanlarını genişləndirmək. Festival fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalı ilə məşğul olan yerli və xarici şirkətlərin, eləcə də dövlət qurumlarının iştirakı ilə müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi şəklində həyata keçirilir.
Festivalda Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mobil (Səyyar) Aqrar Laboratoriya vasitəsilə iştirak edib. Tədbirdə iştirak edən institutut əməkdaşları fermerləri maraqlandıran mövzularda sualları cavablandırıblar və onlara məsləhətlər veriblər
Mütəxəssislər tərəfindən torpaqda qida maddələrinin (NPK) və humusun miqdarı təyin olunub, torpağın ehtiyac duyduğu gübrə norması müəyyən edilib ki, bu da torpağın kimyəvi çirklənmədən qorunmasına və ekoloji vəziyyətin tənzimlənməsinə xidmət edir. Eyni zamanda torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin olunub, torpaq mühitinin reaksiyası (pH) müəyyən edilib, torpaqda şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilib. Bununla yanaşı, irriqasiya eroziyasına qarşı tədbirlər planı təklif olunub, sudan qənaətlə istifadə üçün müasir suvarma sistemləri barədə məsləhətlər verilib və torpaqdan səmərəli istifadə üçün elmi tövsiyələr təqdim edilib.
Tədbirdə yerli istehsalçıların iştirakı ilə müxtəlif şaftalı sortlarının nümayişi və dequstasiyası keçirilib və ziyarətçilər həmçinin aqrar innovasiyalar, yeni texnologiyalar və logistik imkanlarla tanış olublar.