• Bazar, Sentyabr 14, 2025
  • Bakı, 19.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutu Şamaxıda keçirilən Aqrar Biznes Festivalında fəal iştirak edib

  • 2025-09-12

   Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə aqrar sahədə yeniliklərin tanıdılması və təşviqi məqsədilə ölkənin müxtəlif bölgələrində mütəmadi olaraq Aqrar Biznes Festivalları təşkil olunur.

    Sentyabrın 12-də Şamaxı Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və digər qurumların birgə təşkilatçılığı ilə Şamaxı rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib. Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi də təşkil olunub.

     Tədbirdə Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu da fəal iştirak edib. İnstitutun əməkdaşları festival çərçivəsində iştirakçılarla – fermerlər və aqrar sahəyə maraq göstərən digər şəxslərlə birbaşa ünsiyyət quraraq onları maraqlandıran sualları cavablandırıblar. Görüş zamanı torpaq münbitliyi, gübrələmə, bitki bəslənməsi və digər aktual mövzularla bağlı peşəkar tövsiyələr təqdim olunub.

      Xüsusilə, festival çərçivəsində təqdim edilən Səyyar Aqrar Laboratoriya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilər laboratoriyanın fəaliyyəti, göstərdiyi xidmətlər və əməkdaşlıq imkanları haqqında ətraflı məlumat alıblar. Qeyd edilib ki, fermerlər və aqrar sahəyə maraq göstərən hər kəs Mobil Aqrar Laboratoriyaya müraciət edərək müvafiq peşəkar məsləhət və dəstək xidmətlərindən yararlana bilərlər.

      AR  ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları tərəfindən fermerlərə hər zaman müxtəlif sahələrdə elmi-metodik və praktiki dəstək göstərilib və bu xidmətlər bu gün də uğurla davam etdirilir.