• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri” kitabı ingilis dilində işıq üzü görüb

  • 2022-01-10

AMEA  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri”  adlı kitabı ingilis dilinə tərcümə olunaraq nəşr edilib. Kitab UNESCO-nun Beynəlxalq Kəhriz və Qədim Hidravlik Qurğular Mərkəzinin (İCQHS) baş tədqiqatçısı  Məcid Labbafın  AMEA prezidenti Ramiz Mehdiyevə ünvanladığı məktuba əsasən, Biologiya və Tibb Elmləri Bölməsinin razılığı ilə çapa tövsiyə edilmişdir. Əsərin ingilis dilində nəşri ölkədəki səfirliklərə, beynəlxalq təşkilatlara, yerli və xarici elm adamlarına bir töhfədir.

       AMEA-nın müxbir üzvü Əlövsət Quliyev 2005-ci ildən  UNESCO-nun “Qədim hidravlik sistemlər-kəhrizlər” üzrə dövlətlərarası idarə heyətinin üzvüdür. Hazırda Azərbaycan və Orta Asiya Respublikalarında (Qazaxıstan, Özbəkistan və Türkmənistan) kəhriz sistemlərinin tədqiqatı ilə məşğul olur. Onun 2010-cu ildə Qazaxıstanda, 2011-2012-ci illərdə Türkmənistanda, 2013-cü ildə Özbəkistanda aparılan beynəlxalq heyətlərdə məsləhətçi kimi fəaliyyəti olmuşdur. Hazırda Ə.Quliyev Qazaxıstan, Özbəkistan və Türkmənistan kəhrizləri barədə tədqiqatını davam etdirir.     Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri” monoqrafiyasında qədim su mədəniyyət abidələrimiz olan kəhrizlərdən, onların qazılma texnologiyasından, qazma alətlərindən, iş rejimindən, dünyanın digər ölkələrindəki kəhrizlərdən, onların mövcud vəziyyətindən, su sərfindən, coğrafi koordinatlarından, üzərlərindəki tarixi abidələrdən bəhs olunur. Azərbaycanın ayrı-ayrı bölgələrində kəhriz sistemlərinin quruluşu, qazılma tarixi, ekoloji xüsusiyyətləri, suların keyfiyyəti və sərfi haqqında məlumatlar da monoqrafiyada öz əksini tapıb.

Qeyd edək ki, Ə.Quliyevin “Azərbaycan Kəhrizləri” kitabı  İpək Yolu üzərindəki ərazilərdə 4 minillik tarixi olan kəhrizlərin öyrənilməsində olduqca elmi əhəmiyyət kəsb edən əsərdir.