• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin

Torpaqşünaslıq və Aqrokimya İnstitutu

TORPAQ-Coğrafi İnformasiya Sistemləri laboratoriyası

                                                     

Laboratoriya rəhbəri  

AMEA-nın müxbir üzvü,

aqrar elmləri doktoru,professor

İsmayılov Amin İsmayıl oğlu

Laboratoriyada 9 nəfər çalışır

Tel: (+99450)5386994

E-mail:amin.ismayil@gmail.com
   

   Torpaqşünaslığın nisbətən gənc, lakin ən müasir və perspektivli elmi istiqamətlərindən biri olan torpaq informatikası  üzrə ilk tədqiqatlara respublikamızda 1990-cı ildə başlanmışdır. Həmin ildə AMEA Torpaqışünaslıq və Aqrokimya İnstitutunda “Torpaqşünaslıq və aqrokimya tədqiqatlarında elektron hesablama maşınlarından istifadə”qrupu yaradılmış və Amin İsmayıl oğlu İsmayılov bu qrupa rəhbərlik etmişdir. 1995-ci ildə həmin qrupun bazasında “Torpaq informatikası və monitorinqi” laboratoriyası təşkil olunmuşdur. Laboratoriya 2016-cı ildən etibarən  “Torpaq-Coğrafi İnformasiya Sistemləri” aılanır.

   Laboratoriya yarandığı gündən torpaq informatikasının elmi əsaslarının yaradılması istiqamətində fəaliyyət göstərmişdir. 2000-ci ildə başlayaraq Azərbaycan Torpaqların  İnformasiya Sisteminin yaradılması üzrə tədqiqatlar aparılır. Laboratoriyanın profilinə uyğun olaraq, tədqiqat işləri CİS texnologiyaları və Məsafədən Zondlama məlumatları  əsasında həyata keçirilir. Laboratoriyanın başlıca məqsədlərindən biri azərbaycan torpaqşünasığının beynəlxalq torpaq-coğrafi mühitə inteqrasiyasını təmin etməkdən ibarətdir.

  Yarandığı dövrdən bu günə kimi  laboratoriyanın elmi tədqiqatları əsas etibarı ilə aşağıdakı istiqamətlərdə həyata keçirilmişdir:

-Azərbaycanda torpaq informatikasının elmi əsaslarının yaradılması;

-torpaq kadastrı məlumatlarının  informasiya təminatının   yaradılması;

- məntiqi-hesablama vasitələri ilə torpaq taksonomik vahidlərinin elmi analizi, 

torpaqların konseptual diaqnostik modellərinin hazırlanması;

-CİS texnologiyalarından və Məsafədən Zondlama üsullarından istifadə etməklə torpaq örtüyünün geoməkan təhlili;

- torpaqların CİS bazasında  monitorinqinin əsas prinsiplərinin işlənib hazırlanması;

- su-torpaq-bitki sistemində aqroekoloji proseslərin riyazi modelləşdirirılməsinin tədqiqi və  torpaq münbitliyinin riyazi modelləşdirilməsi;

-CİS texnologiyalarından və peyk təsvirlərindən istifadə etməkılə  rəqəmsal torpaq xəritələrinin tərtibi; torpaq-ekoloji mühitin Verilənlər Bazasının yaradılması;   

- Azərbaycan torpaqşünaslığının Avropa İttifaqının və müvafiq Beynəlxalq qurumların torpaq-coğrafi məkanına inteqrasiyası. 

-BMT-nin Global Torpaq  Tərəfdaşlığı proqramı çərçivəcində torpaqların  təsnifatı  və rəqəmsal xəritələşdirilməsi üzrə layihələrdə Azərbaycanı   təmsil etmək.           

  Laboratoriyanın fəaliyyət göstərdiyi ilk 10 illik ərzində  ciddi elmi nəticələr əldə olunmuşdur. Müasir geoinformasiya texnologiyalarından geniş istifadə etməklə Azərbaycanda torpaq tədqiqatlarının operativ, obyektiv və riyazi əsaslarla aparılmasını təmin etmək məqsədilə Torpaqların İnformasiya Sistemi yaradılmış, o cümlədən, torpaqların ekoloji sisteminin əsas informativ göstəricilərinə əsaslanan məlumatların təsvir dili və müvafiq klassifikatorlar tərtib olunmuş və torpaq təsnifatının informasiya bazası təklif edilmişdir. Laboratoriyanın 1990-2000-ci illəri əhatə edən mövzu planlarının nəticələri əsasında, Azərbaycanda ilk dəfə olaraq,  “Torpaq ekoloji sistem göstəricilərinin kodlaşdırılması” üzrə metodiki tövsiyə hazırlanmış, “Torpaq məlumatların təsvir dilinin elementləri “tərtib edilmiş, “Torpaq monitorinqinin informasiya bazası” adlı monoqrafiya çap edilmişdir. Torpaq tipi səviyyəsində vizualizasiyaya və diaqnostikanın  avtomatlaşdırılmasına imkan verən ekspert sistemi işlənib hazırlanmış və  “Torpaqların konseptual diaqnostik modelləri” adlı monoqrafiya nəşr olunmuşdur;

  Torpaq kadastrının, o cümlədən, torpaq sahələrinin qeydiyyatının müasir geoinformasiya sistemləri bazasında aparılmasının konseptual əsasları təklif olunmuşdur. Torpaq  kadastrı məqsədilə xəritələrin və müxtəlif təyinatlı kartoqramların tərtibi üçün avtomatlaşdırılmış informasiya sistemlərindən istifadə yolları  təklif edilmişdir. Bu tədqiqatların ümumiləşdirilmiş nəticəsi kimi, 2003-cü ildə “Azərbaycan torpaqlarının informasiya sistemi” monoqrafiyası çap olunmuşdur.                        

- Müxtəlif torpaq xassələri və göstəriciləri arasında əlaqələr xüsusi kompüter proqramlarının köməyi ilə araşdırılmış və torpaqların münbitlik modellərinin qurulması üçün əhəmiyyətli qanunauyğunluqlar əldə edilmiş və nəticələr “Torpaq ekoloji sistemin tədqiqində riyazi statistika və modelləşdirmə” kitabı şəklində dərc olunmuşdur.

- Azərbaycan torpaqlarının verilənlər bazasının  Avropa İttifaqının vahid torpaq-coğrafi məkanına inteqrasiya problemlərinin tədqiqinə başlanmış və bu istiqamətdə araşdırmalar davam etməkdədir.

   Avropa Torpaq Verilənləri Bazasının Genişləndirmə proqramı çərçivəsində, Avropa İttifaqının torpaq-coğrafi məkanına inteqrasiya tələblərinə uyğun, CİS bazasında 1:1000 000  miqyasında Azərbaycan torpaqlarının verilənlər bazasının ilkin versiyasını hazırlamışdır. Tədqiqat işlərinin nəticələri 2013-cü ildə Avropa İttifaqının Avstriyada yerləşən nəşr evi tərəfindən  çap edilmiş “Soil Resources of Mediterranean and Caucasus Countries”, kitabında “Soil Resources Of Azerbaijan” fəsli kimi dərc olunmuşdur.  

  Laboratoriya 2017-ci ildə BMTnin Qlobal Torpaq Tərəfdaşlığı proqramı çərçivəsində  FAO tərəfindən həyata keçirilən “Qlobal Torpaq Üzvü Xəritəsi-2017” layihəsində azərbaycan torpaqşünaslığını təmsil etmişdir. 2017-ci ildə beynəlxalq standartlara uyğun hazırlanmış “ Azərbaycan torpaqlarının üzvü karbon xəritəsi “Dünya torpaqlarının üzvü karbon xəritəsi”nin tərkib hissəsi kimi  FAO-nun rəsmi saytına yerləşdirilmişdir.

  İnstitutun digər laboratoriyaları ilə birlikdə 2018-ci ildə "Azərbaycanın rəqəmsal torpaq xəritəsi (1:500 000) ( həmmüəlliflərlə). Digər laboratoriyalarla kompleks əməkdaşlıq şəraitində 2019-cu ildə  "Azərbaycanın rəqəmsal torpaq xəritəsi(M 1: 500 000), 2020-ci ildə isə "Azərbaycanın rəqəmsal torpaq xəritəsi (M 1:100 000) (həmmüəlliflərlə) işlənib hazırlanmışdır.

  BMT-nin GSP proqramı üzrə FAO -nun koordinasiyası ilə laboratoriya Global Salt-affected Soil Mapping layihəsi üzrə 2021-ci ildə  "Topsoil Electrical Conductivity Map of Azerbaijan  ( 0-30 cm)" ; " Subsoil Electrical Conductivity Map of Azerbaijan ( 30-100 cm)"; "pH Map of Azerbaijan (0-30 cm) ";" pH Map of Azerbaijan (30-100 cm)";"Salt-affected Soil Map  of Azerbaijan (0-30 cm)";"Salt-affected Soil Map of Azerbaijan  (30- 100 cm)"xəritələri tərtib olunmuşdur.

  2022-ci ildə digər laboratoriyalarla birlikdə Azərbaycanın yeni İqtisadi Rayonları üzrə torpaq təsnifatı, diaqnostikası və xəritələşdirilməsi baxımından yeni yanaşma ilə   14 rəqəmsal torpaq xəritəsi(M 1: 200 000) işlənib hazırlanmışdır.

  2023-cü ildə digər laboratoriyalarla əməkdaşlıq şəraitində "Soil Atlas of Asia" rəqəmsal torpaq xəritəsinin Azərbaycan hissəsi hazlrlanıb təhvil verilmişir. Atlas Aİ və tərəfindən dərc olunmuşdur.

  Laboratoriya əməkdaşları  2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində (EİF-2013-9(15)-FT) ”Yeni nəsil peyk verilənlərinin və informasiya texnologiyalarının inteqrasiyası əsasında torpaqların şorlaşmasının müasir vəziyyətinin xəritələşdirilməsi və spektral xüsusiyyətlərinin tədqiqi (tədqiqat obyekti: Kür-Araz ovalığı)” mövzusunda yerinə yetirilmiş tədqiqatların məsul müəlliflərindən biridir. Layihə nəticəsində geoinformasiya texnologiyaları və peyk təsvirlərindən istifadə etməklə, "Kür-Araz ovalığı torpaqlarının  rəqəmsal şorlaşma xəritəsi" hazırlanmışdır. İlk dəfə olaraq "Kür-Araz ovalığı torpaq örtüyünün Rəqəmsal Yüksəklik Modeli (DEM)" tərtib olunmuşdur.

  2019-cu ildə “Məsafədən zondlama və GİS texnologiyası vasitəsi ilə neftlə çirklənmiş  torpaqların monitorinqi və deqradasiyasının öyrənilməsi” mövzusunda təqdim edilmiş elmi tədqiqat  layihəsi , Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Elm Fondu”nun elan etdiyi müsabiqənin qalibi olmuşdur.

  Laboratoriyanın elmi nailiyyətləri dəfələrlə AMEA-nın  mühüm nəticələrinə daxil edilmişdir.

 Laboratoriya əməkdaşları Moskva Dövlət Universitetinin və Moldova Torpaqşünaslıq institutunun alimləri  ilə birlikdə  apardıqlqrı tədqiqatın  nəticəsi olaraq 2019-cu ildə  beynəlxalq  patent almışlar. Patent "Torpaq informasiyasının standartlaşdırılması və mübadiləsi üçün müxtəlif dillərdə metaverilənlər bazası, obyekt modeli və proqram kompleksi"  adlanır._(ML_MultyL Patent № 24121, Москва,  07.06.2019 ) (həmmüəlliflərlə).

  Laboratoriya əməkdaşları Fransa, İsveçrə, Macarıstan, Avstriya, Hollandiya, Türkiyə, Rumıniya, Cənubi Koreyada elmi müzakirələrdə və dəyirmi masalarda fəal iştrak etmişlər. Elmi məqalələri ABŞ, İspaniya, İtaliya, Hollandiya,Avstriya, Macarıstan, İsrail, Türkiyə, Rusiya, Tayıland və s. kimi ölkələrdə çap olunmuşdur.

  Laboratoriya Azərbaycan Milli Aviasiya Akademiyasının Ətraf mühitin aerokosmik monitorinqi ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi kimi, “Kadastrın əsasları” (2008) və “Coğrafi İnformasiya Sistemləri “(Ak.A.Mehdiyevlə həmmüəllif, 2011) ali məktəblər üçün dərslikləri hazırlanıb çap olunmuşdur.

 

  Laboratoriya əməkdaşlarının hazırlayıb dərc etdirdikləri monoqrafiyalar və kitablar:

 

  • Torpaq monitorinqinin informasiya bazası.Bakı,1997,-120s.
  • Torpaqların konseptual  diaqnostik modelləri Bakı,1997,-120s.
  • Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası Bakı,2002,-252s.
  • Azərbaycan torpaqlarının informasiya sistemi Bakı,2004,-308s.
  • Torpaq ekoloji sistemin tədqiqində riyazi statistika və modelləşdirmə Bakı,2005,-298s.
  • Soil Resources Of Azerbaijan. In: “Soil Resources of Mediterranean and Caucasus ountries”, 2013, . Office for Official  Publications of the   EC, Luxembourg, pp.16-36
  • Azərbaycan milli torpaq təsnifatının Beynəlxalq Sistemə inteqrasiyası Bakı,2017 -272s.

 

Laboratoriya əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin Geomatika kafedrası və Azərbaycan Milli Aviasiya Akademiyasının Ətraf mühitin aerokosmik monitorinqi kafedrası ilə sıx  əməkdaşlıq edir.. Ali tədris müəssisələrində magistrlərə  mühazirələr oxumaq və dissertasiya işlərinə elmi rəhbərlik etməklə yanaşı , ali məktəb dərsliklərinin hazırlanması sahəsində də işlər aparılır. Laboratoriya əməkdaşlarının dərc etdirdiyi ali məktəb dərslikləri:

 

  • Kadastrın əsasları(ali məktəb üçün dərslik) Bakı,1997,-120s.
  • Coğrafi İnformasiya Sistemləri. Bakı,  2011, -232s (həmmüəlliflə)
  • Şəhər torpaqlarının monitorinqi və mühafizəsi(həmmüəlliflə). Bakı,2023,-194 s.

   Laboratoriyanın rəhbəri AMEA-nın müxbir üzvü, professor Amin İsmayıl oğlu İsmayılov 2014-cü ildən Macarıstanda çap olunan “Applied Ecology” elmi jurnalının redaktorlar şurasının  üzvüdür. 2017-2019 cu illərdə , Azərbaycan Hökuməti ilə FAO –nun birgə həyata keçirdikləri “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın hazırlanması layihəsi”ndə milli ekspertlər qrupunun rəhbəri olmuşdur.

   2018-ci ildən Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin üzvü­dür.

  2020-ci ildən BMT nin Qlobal Torpaq Tərəfdaşlığı Proqramının INSII (International Network of Soil Information Institutions) şəbəkəsində Azərbaycan torpaqları üzrə məsul eksperti kimi fəaliyyət göstərir.