• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib

  • 2022-03-31

   Bu gün AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı  anım tədbiri keçirilib. Tədbirin əvvəlində  soyqırımı qurbanlarının, həmçinin vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

         Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Ə.Quliyev qeyd edib ki, 1918-ci il 31 mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir. Mart hadisələri zamanı şəhər və kəndlərimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. Bu faciəyə  80 il sonra  Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi-hüquqi qiymət verilib.

 Tədbirdə çıxış edən a.e.ü.f.d Əli Cəfərov qeyd edib ki, 31 Mart soyqırımı öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir.  Bu soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir. Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar.

AMEA Torpaqşünaslıq və Aqrokimya  İnstitutunun HİK-in sədri a.e.d Məmməd Məmmədov çıxışında bildirmişdir ki, 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Azərbaycanın müstəqilliyini boğmaq, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədi ilə Soyqırımı zamanı erməni quldur dəstələri təkcə insanlara qarşı  yox eyni zamanda bu torpaqlarda tarixi mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb.

Tədbirin sonunda 1918-ci il 31 mart soyqırımına həsr olunmuş video rolik nümayiş edilib.