• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Kəhriz sistemləri memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi” adlı mövzusunda Beynəlxalq konfransda məruzə ilə çıxış edib

  • 2022-05-27

 

  Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində mayın 26-27-də “Kəhriz sistemləri memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

    Konfransın ilk günü AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Dünyada iqlim dəyişməsi, kəhrizlərin  bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış edib. Ə.Quliyev məruzəsində qeyd edib ki, kəhrizlər Azərbaycanda içməli su və  suvarma mədəniyyətinin qədim nümunələri kimi qiymətli irs abidələridir. Alimin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Əlövsət Quliyev 2006-ci ildən UNESCO-nun “Qədim hidravlik sistemlər - kəhrizlər” üzrə dövlətlərarası idarə heyətinin üzvüdür.

   27 may beynəlxalq konfransın ikinci günü Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq fizikası laboratoriyasının müdiri,a.e.ü.f.d. Əli Cəfərov “Kəhriz su sistemlərinin hal –hazırki vəziyyəti və onların saxlanılma qaydaları” mövzusunda məruzə ilə  çıxış edib.

    Konfransın keçirilməsində əsas məqsəd qlobal su çatışmazlığı probleminin aradan qaldırılmasında kəhriz su sisteminin əhəmiyyətini  göstərməkdir. Konfransda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, müxtəlif nazirliklərin və  dövlət təşkilatlarının, layihənin icra edildiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak edib.