25 noyabr 2022-ci il tarixində Saatlı rayonu, Cəfərxan qəsəbəsində yerləşən Muğan Meliorasiya-Təcrübi Stansiyasında su və torpaq ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərə həsr olunmuş Elmi-Praktiki Seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan Azərbaycan Meliorasiya ve Su Təsərrüfatı ASC sədr müavini Rafiq Aslanov məruzəsində ölkədə həyata keçirilən meliorasiya və su təsərrüfatı sahəsində görülmüş və görüləcək işlərdən danışdı. Sonra Hidrogeoloji-meliorativ xidməti və suların istifadəsinə nəzarət idarəsinin rəisi S.Sadıqov hazırda torpaqların şorlaşması vaxtı rast gəlinən problemlər və yeraltı suların dinamikası və minersallaşmasını öyrənmək üçün qazılmış hidrogeoloji rejim quyuları məlumatları əsasında xəritələrin tərtib etdiyini dedi.
Tədbirdə iştirak edən Torpaqşünaslıq və Aqrokimya İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Əlövsət Quliyev məruzəsində torpaqların meliorativ vəziyyətin pisləşməsindən bəhs edib. Ə.Quliyev torpaqların deqradasiyaya məruz qalmasının əsas səbəblərindən biri kimi sudan düzgün istifadə edilməməsini nəticədə 50-60 % su itkisinə yol verildiyini bildirib. Alim Baş Mil Muğan və Baş Şirvan kollektorlarından il ərzində 4,5 milyard kub metr az minerallaşmaya məruz qalmış suyun Xəzər dənizinə axıdılmasının yolverilməz olduğunu qeyd edib və bu sahədə öz təkiflərini deyib.
Daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərkosmos" ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nümayəndələri məruzə ilə çıxış ediblər.
Məruzələrdən sonra geniş miqyasda müzakirələr aparılıb. Seminarda meliorativ vəziyyətin yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin xəritələşdirilməsi, məlumat bazasın yaradılması, EKTİS-ə inteqrasiya, mütəmadi olaraq monitorinqin keçirilməsi, gübrələrdən səmərəli istifadə və dayanıqlı inkişaf təcrübəsi metodlarının torpaq istifadəçilərinə öyrədilməsi tövsiyə edildi. Seminardan razı qalan fermerlər çıxış edərək belə tədbirlərin mütəmadi həyata keçilməsinin əhəmiyyətli olmasını qeyd etdilər.