• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

"Heydər Əliyev ili"nə həsr olunmuş “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda konfrans keçirilib

  • 2023-05-19

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 2023-cü il "Heydər Əliyev ili"nə həsr olunmuş “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans işinə başlayıb.

     Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə açılan konfransın əvvəlində Ulu öndər Heydər Əliyevin  əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Konfransı LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb. Professor Ulu öndər H.Əliyevin Azərbaycanda bütün sahələrdə olduğu kimi  aqrar sahənin inkişafındakı böyük rolundan bəhs edib.

    Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev “Azərbaycanda iqlim dəyişməsi və  su problemlərinin yaranması” mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında  müasir  dünyada  şirin su mənbələrinin azalması, ətraf mühitin çirkləndirilməsi və sudan səmərəsiz istifadə nəticəsində mövcud su ehtiyatlarının sürətlə tükənməsi, həmçinin   zəngin şirin su ehtiyatlarına malik kəhrizlər haqqında ətraflı məlumat verib.

   Elmi-praktik konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, professor Amin İsmayılov “Azərbaycanda rəqəmsal torpaq xəritəçiliyinin əsas xüsusiyyətləri”, LDU-nun dosentləri Balayar Şahbazov “Heydər Əliyevin torpaq islahatları ərzaq təhlükəsizliyinin təminatıdır”, Məlahət Ağayeva “Heydər Əliyev və Azərbaycanda çayçılığın inkişafı” mövzusunda çıxış ediblər.

  Plenar iclasdan sonra   konfrans işini “Torpaqların genezisi, təsnifatı, təkamülü və geoinformasiya sistemləri”, “Torpaq, su ehtiyatları və onlardan səmərəli istifadə”, “Torpaq biomüxtəlifliyinin qorunması”, “Davamlı kənd təsərrüfatının inkişaf perspektivləri”, “Azərbaycanda çayçılığın inkişafı” bölmələrində davam etdirib.

  Konfransdan sonra axşam təşkil edilən ziyafətdə LDU-nun rektoru professor Natiq  İbrahimov   Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevə və institut əməkdaşlarına xatirə olaraq hədiyyələr təqdim edib.