• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqşünas alım Əlövsət Quliyevin biblioqrafik göstəricisi hazırlanıb

  • 2023-05-24

   AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından torpaqşünas alım Əlövsət Quliyevin biblioqrafik göstəricisi hazırlanıb.

   AZƏRTAC xəbər verir ki, biblioqrafik göstəricidə AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor Əlövsət Quliyevin elmi, elmi-təşkilati, çöl tədqiqat-torpaq-geoloji axtarış işləri, pedaqoji və ictimai fəaliyyətinin əsas mərhələləri öz əksini tapıb.

   Göstərici alimin həyatının əsas məqamları, kitabları, Azərbaycan və digər dillərdə ayrı-ayrı məcmuələrdə və dövri mətbuatda çap olunmuş məqalələri, beynəlxalq simpozium və konfranslarda, elmi sessiyalarda məruzələri, ali məktəblər üçün dərslikləri, redaktə etdiyi elmi işlər, rəhbərlik etdiyi dissertasiyalar haqqında məlumatı əhatə edir. Alimin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında oçerk tərtib edilərkən əsas etibarilə onun şəxsi arxivindən və internet resurslarından istifadə olunub və materiallar xronoloji ardıcıllıqla yerləşdirilib.

   Vəsait Əlövsət Quliyevin həyatının Zəngəzur, İrəvan, Naxçıvan və Bakı dövrlərini dolğun əks etdirir. Qeyd olunur ki, Əlövsət Quliyev təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında, habelə dünyada tanınmış və qəbul edilmiş alimdir. O, UNESCO-nun “Qədim hidravlik sistemlər-kəhrizlər (qanat) üzrə dövlətlərarası idarə heyətinin üzvüdür.

   Biblioqrafik göstərici aqrar elmlər üzrə fəlsəfə doktorları Sultan Hüseynova və Svetlana Eyyubova tərəfindən tərtib edilib. Kitabın redaktoru akademik Məhərrəm Babayev, ingiliscəyə tərcüməçisi Aydan Səlimbəylidir.

 

   İSTİNAD: azertag.az