• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Noyabr Zəfər günü ilə əlaqədar tədbir keçirilib

  • 2023-11-07

   Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə  8 noyabr – Zəfər Günü münasibəti ilə  tədbir keçirilib. Tədbirdə torpaqlarımız uğrunda  canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qələbəsini tariximizin ən parlaq səhifələrindən biri adlandırıb. Alim qeyd edib ki, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə nəticəsində  tarixi ədalət, ölkəmizin ərazi bütövlüyü  bərpa olundu. Ə.Quliyev 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın döyüş yolundan söz açıb və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.

   Vətən müharibəsinin iştirakçısı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mülki Müdafiə qərargahının rəisi polkovnik-leytenant Ruslan Məhəmmədov döyüşlə bağlı xatirələrini bölüşüb. O, qeyd edib ki, arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər. Müzəffər ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi, Ali Baş Komandanın qətiyyətli mövqeyi nəticəsində 8 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. Həmçinin tədbirdə çıxış edən I Qarabağ müharibəsi veteranı Vladimir Qurbanov müharibə haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Tədbirdə çıxış edən  b.ü.f.d., dosent Zaman Məmmədov sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu bildirib.

   Tədbirdə  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Tərlan Yelmarlı Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edib.

   Sonda  8 Noyabr – Zəfər Gününə həsr edilmiş video çarx tədbir iştirakçılarına təqdim edilib.