• Çərşənbə axşamı, Oktyabr 15, 2024
  • Bakı, 16.0°C

“Beynəlxalq Bitki Sağlamlığı Günü: dayanıqlı kənd təsərrüfatında bitki amili” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

  • 2024-05-15

      14 may 2024-cü il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən “Beynəlxalq Bitki Sağlamlığı Günü: dayanıqlı kənd təsərrüfatında bitki amili” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

      Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən hər ilin 12 may tarixi Beynəlxalq Bitki Sağlamlığı Günü elan edilib. Hər il dünyanın bir çox ölkələrində həmin gün bitki sağlamlığının təmin olunması, ətraf mühitin qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

      Konfrans EGE Universitetinin Kənd təsərrüfatı fakültəsi, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi, AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Aqrar Xidmətlər Agentliyi, Lənkəran Dövlət Universiteti və “Azərpambıq ASK” MMC-nin tərəfdaşlığı ilə baş tutub.

      Konfransda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. Alim çıxışında qeyd edib ki, bitki sağlamlığında torpağın münbit və üzvi maddələr ilə zəngin olması, məhsuldarlığın  artırılması böyük əhəmiyyət kəsb edir.