Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə 21-22 iyun 2024-cü il tarixlərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib. 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilir. Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsidir.
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev konfransda “Ermənilərin Zəngəzurda yaratdıqları ekoloji problemlər” mövzusunda məruzə ilə çıxış edib. Ə.Quliyev qeyd edib ki, Ermənistanda ən çox ekoloji problemlərin əmələ gəlməsi Oxçu çay, Bazarçay və Mehri çayı hövzələrində rast gəlinməkdədir. Onlardan ən çox təhlükə mənbəyi olan Oxçu çayı böyük miqdarda ağır metallarla çirklənir. Digər təhlükə mənbəyi olan Bazarçay üzərində su anbarları tikilib və 3 su elektrik stansiyası fəaliyyət göstərir. Alim bildirib ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. Alimin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Türkiyə Respublikasının nüfuzlu ali məktəblərinin rektorları, görkəmli tədqiqatçılar iştirak ediblər.