• Bazar, Dekabr 22, 2024
  • Bakı, 8.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib

  • 2024-09-27

    27 sentyabr Anım Günü ilə əlaqədar AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda anım tədbiri keçirilib. Tədbir, Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına canlarından keçən şəhidlərin əziz xatirəsini yad etməklə başlayıb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

   Tədbirin açılışını institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev edib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixi zəfərinə toxunaraq, qəhrəman əsgər və zabitlərimizin Vətən uğrunda yazdıqları şanlı tarixdən bəhs edib. Əlövsət Quliyev çıxışında qeyd edib ki, bu müqəddəs torpaqlarda aparılan tədqiqatlar, şəhidlərimizin fədakarlığı sayəsində mümkün olmuşdur. Bu torpaqlar artıq bizim üçün təkcə elm sahəsi deyil, həm də şəhidlərimizin əmanətidir. Alim bildirib ki, müharibə meydanında düşməndən geri alınan torpaqlarımız məhz alimlərimizin  elmi tədqiqatları ilə  dirçələcək.

    İnstitutun Həmkarlar İttifaqı komitəsinin sədri,  a.e.d. Məmməd Məmmədov çıxış edərək, anım gününün önəmindən danışıb. O, Vətən uğrunda canlarını fəda edən qəhrəmanların xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib. Tədbirdə çıxış edən a.e.d Vilayət Həsənov qeyd edib ki, bu qələbəmiz  hərbi gücdən əlavə  diplomatik fəaliyyətin, dünya dövlətləri ilə düzgün qurulmuş əlaqələrin və Azərbaycanın beynəlxalq səviyyədə haqlı mövqeyinin sübutu idi.

   Vətən müharibəsinin iştirakçısı və institutun Mülki Müdafiə qərargahının rəisi polkovnik-leytenant Ruslan Məhəmmədov isə döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və qəhrəman döyüşçülərin göstərdikləri şücaətdən danışıb.

    Sonda, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı və şuranın üzvü Əli Gözəlzadə məruzə ilə çıxış edərək, şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!