AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun direktoru, Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. “Torpaqların meliorasiyası” laboratoriyası 2024-cü il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.d. Mustafa Mustafayev hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Respublikada müxtəlif dərəcədə şorlaşmış və şorakətləşmiş torpaqların meliorasiyasında yeni texnologiyaların işlənməsi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Gördükləri işlər barədə ətraflı məlumat verən laboratoriya müdiri və əməkdaşları sualları cavablandırıb. Şura üzvləri hesabatı geniş müzakirə edərək suallarla çıxış edib və yekunda laboratoriyanın hesabatı səsə qoyularaq qəbul edilib.
Daha sonra Elmi Şuranın gündəliyində olan digər məsələlər müzakirə olunub. Suvarmanın müasir problemləri laboratoriyasının böyük elmi işçisi Şəbnəm Məmmədovanın doktorluq dissertasiyasına elmi məsləhətçi təyini və Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyasının elmi işçisi Elnarə Abbasovanın tamamladığı tədqiqat işinin tətbiqi ilə bağlı aktın verilməsi məsələləri də səsə qoyularaq təsdiqlənib.
Elmi Şuranın növbəti müzakirə mövzusu 5 noyabr 2024-cü il tarixində online keçiriləcək “Yaşıl Dünya Naminə Həmrəylik: İqlim Dəyişikliyi və Ətraf Mühitin Mühafizəsi” Konfransı olub. İştirakçılara konfransın məqsədi, gündəliyi və təşkilati qaydaları barədə ətraflı məlumat verilib.İclasda iştirakçılara konfransa qatılma və təqdimat üçün lazımi hazırlıqların görülməsi tövsiyə edilib.
İclas zamanı həmçinin institut əməkdaşlarına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası ilə əlaqədar tədbirlər və iş rejimi barədə məlumat verilib.